Putindən koronavirus etirafı: “Rusiya iqtisadiyyatı çətin durumadadır...”

Putindən koronavirus etirafı:  “Rusiya iqtisadiyyatı çətin durumadadır...”

Koronavirus pandemiyası dünya ölkələrinin iqtisadiyyatına ciddi zərbə vurarkən, Rusiya Prezidenti Vladimir Putin də bununla bağlı həqiqətləri etiraf edib.

Moderator.az xəbər verir ki, Putin koronavirus pandemiyasına görə ölkə iqtisadiyyatının çətin durumda olduğunu bildirib.

Putin ölkə iqtisadiyyatının vəziyyətini müzakirə etmək üçün Təhlükəsizlik Şurasının iclasını keçirib. O, koronavirus pandemiyasının vəziyyətinin bölgələrə görə dəyişdiyini bildirib:

“Hər yerdə fərqli vəziyyətdir. İqtisadiyyat onsuz da çətin vəziyyətdədir. İqtisadi fəaliyyətləri bir anda məhdudlaşdırmaq, müəssisə və təşkilatları bağlamaq isə məntiqli deyil”. Putin ayrıca federal və yerli hökumət arasında qarşılıqlı əlaqələrin təmin edilməsinin vacibliyini vurğulayıb.

Rusiya Koronavirus İnfeksiyası Nəzarət və Qarşının Alınması Mərkəzindən verilən açıqlamaya görə Kovid-19 pandemiyasından əziyyət çəkən xəstələrin vəziyyətini izləmək üçün onlara xüsusi əl telefonları paylanılıb. Karantin rejiminə riayət etməyənlər isə ciddi şəkildə cəzalandırılacaq.

Qeyd edək ki, 4 min 149 nəfərin koronavirus pandemiyasına yoluxduğu Rusiyada, 34 nəfər dünyasını dəyişib. Prezident Putin açıqlamasında ölkədə maaşların kəsilməməsi şərtilə karantin rejiminin 30 aprelə qədər uzadıldığını bildirib.

Vasif Əlihüseyn

Mənbə: moderator.az