Niderland koronavirusla necə mübarizə aparır?

Niderland koronavirusla necə mübarizə aparır?

“Hollandiyalılar adi vaxtdakı kimi həyat sürməyə davam edirlər. Restoran, bar, kafe və məktəblər aprelin sonunadək bağlı olsa da, insanları evdə qalmağa məcbur yox, dəvət edirlər”.

“Report” xəbər verir ki, bu barədə yazı İsveçrənin “Le Temps” nəşrində yer alıb.

“Fransa və Belçika kimi bir çox ölkələr karantinə qapandığı halda qonşu Niderland pandemiya ilə mübarizədə başqa yanaşmanı tətbiq edib. Bu yanaşma kollektiv immunitetə nail olmaq üçün küçələrdə sərbəst gəzintidir. Niderlandın Milli Səhiyyə və Ətraf Mühit Qurumunun (RIVM) məlumatına görə, cümə axşamı ölkədə COVID-19 qurbanlarının sayı 1 339 nəfər təşkil edib. Bu rəqəm 17 milyon əhali və intensiv terapiya bölməsində 1 150 çarpayıya (adi vaxtda) malik ölkənin sakinləri üçün həyəcanvericidir. Bununla belə, çərşənbə axşam, martın 31-i, baş nazir Mark Rütte mətbuat konfransında koronavirusla mübarizə siyasətində heç bir dəyişikliyin olmayacağını açıqlayıb. Hökumətin strategiyası “kollektiv immunitet” olaraq qalmaqdadır”,- “Le Temps” qəzetinin Amsterdamdakı müxbiri Marqo Solinas bildirib.

Məqalədə həmçinin Amsterdamda koronavirusa yoluxmuş pasiyentlərin müalicəsinə cəlb edilən, buraxılış ilinin tələbə-həkimi Milo Koninqin də fikirləri yer alıb:

“Düşünürəm ki, hökumətin qərarı anlamsız deyil. Hökumət iqtisadi itkilərlə total karantini müqayisə edərək təcridedilmənin səmərəli olmadığına qərar verib. Ölüm insanları əzab çəkdirən yeganə şey deyil”.

Milli Səhiyyə və Ətraf Mühit Qurumunun infeksiyalarla mübarizə mərkəzinin direktoru Yaap van Disselin fikirincə, “kollektiv immunitet”in işə salınması üçün əhalinin 50-60%-i virusdan keçməlidir.

“Deputatların bir çoxu Mark Rüttenin qərarını dəstəkləyib. Bu məsələdə həkim və mütəxəssislər də hökumətlə razılaşıb”,- müxbir M.Solinas vurğulayıb.

İmmunoloq və infeksion xəstəliklər üzrə mütəxəssis, həkim Kis Brinkman da hökumətlə razılığını bildirib: “İmmunitet viruslarla mübarizədə həmişə özünü göstərib, bizdə buna dair sübutlar da var, eyni cür Zik virusu ilə də baş vermişdi”.

Amsterdam hospitalının əməkdaşı Kaz van Şilt karantinlə virusa son qoymağın müşkül məsələ olduğunu açıqlayıb:

“Karantinin tətbiqində insanların bayıra çıxmaq haqqı olandan sonra virus yenidən qayıdacaq. Hələlik vəziyyət nəzarət altındadır və hollandiyalılar hökumətin təlimatına əməl edirlər. Məsələn, Amsterdam xəstəxanasının təxirəsalınmaz yardım bölməsi dolub daşmır”.

Yaap van Dissel çərşənbə günü Niderland parlamentində koronavirus xəstəsinin fevral ayındakı 3 insanla müqayisədə hazırda 0,3 insanı yoluxdurduğunu açıqlayıb. “Le Temps” nəşrinə görə, bu hökumətin taktikasına müsbət cavab və əhalinin təlimatlara uyduğu kimi də dəyərləndirilə bilər.

“Bu görülmüş tədbirlərin yumşaldılması anlamına gəlmir. Çünki virus hələ də yayılmaqda davam edir”, - mərkəz direktoru dəqiqləşdirib.

Bununla belə, ölkənin İntensiv Terapiya Assosiasiyasının məlumatına görə, bəzi mütəxəssislər yoluxma zirvəsinin hələ may ayında gözlənildiyindən narahatdırlar.

Qeyd edək ki, Niderlandda qeydə alınmış koronavirus hallarının sayı 16 627-dir. Bunlardan 1 651 nəfər virusun qurbanı olub. Sağalanların sayı isə 250-dir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 134 000-i ötüb. Bunların 236 086 nəfəri sağalıb, 60 427 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mənbə: report.az