Qarabağda bir nömrəli olqarx “seçkiləri” pulla alıb “HƏM SƏRKİSYANI QANE EDİR, HƏM PAŞİNYANI...”

Qarabağda bir nömrəli olqarx “seçkiləri” pulla alıb “HƏM SƏRKİSYANI QANE EDİR, HƏM PAŞİNYANI...”

Azərbaycanın işğal edilmiş ərazilərində martın 31-də, dünyada və o cümlədən Ermənistanda koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda keçirilən, beynəlxalq ictimaiyyətin tanımadığı “seçkilərdə” qalib olmasa da qondarma rejimə kimin başçılıq edəcəyi aydındır. Virtualaz.org qeyd edir ki, aprelin 14-nə təyin edilmiş “ikinci turda” Qarabağın bir nömrəli oliqarxı, işğal edilmiş ərazilərdə iri biznesi olan, nəhəng ölçülərdə əkin sahələri yaradan keçmiş “baş nazir” Araik Arutyunyanın qondarma “prezident” elan ediləcəyi artıq şübhə doğurmur.

Terrrorçu “Sasna tsrer” partiyasının tərəfdarı olan keçmiş səfir, “Modus vivendi” mərkəzinin rəhbəri Ara Papyan erməni KİV-lərinə açıqlamasında deyir ki, 31 martda keçirilmiş “seçkiləri” əslində seçki adlandırmaq olmaz. Onun sözlərinə görə, bütün dünyada kütləvi tədbirlərin ləğv edildiyi, karantin tətbiq olunduğu bir vaxtda Qarabağda 76 min adamı küçələrə çıxarıb seçki məntəqələrinə aparmaq virusun yayılması üçün böyük risk yaradıb. “Deyirlər ki, Qarabağda yoluxma halı aşkarlanmayıb. Kim bunu axtarıb? Cəmi 29 nəfərdən analiz götürüblər. Üstəlik mən orada olmasam da dostlarım bildirir ki, bu seçkilər hansı pozuntularla keçib...Müxtəlif formalarda rüşvət verilməsi, seçicilərin ələ alınması, onlara təzyiqlər və təhdidlər barədə nəhəng həcmdə informasiyalar daxil olub”,-Papyan deyib.

Onun sözlərinə görə, bu “seçkilər” Qarabağda yaşayanları riskə atıb və gələn həftə hökmən koronavirusa yoluxma halları açıqlanacaq. Çünki daha bunu gizlədə bilməyəcəklər. Üstəlik ikinci turun olması vəziyyəti daha da mürəkkəbləşdirir. Dəyişən isə heç nə olmayacaq. Çünki Qarabağdakı cinayətkar rejimin iki nömrəli adamı olmuş Arutyunyan pulla və inzibati resurslarla nəticələri artıq öz xeyrinə təmin edib.

“Birinci yerdə Araik Arutyunyandır, hansı ki, indiki Ermənistan hakimiyyətinin leksikonu ilə desək cinayətkar rejimin iki nömrəli adamı, baş nazir olub. O, Qarabağda birinci oliqarxdır, qoy heç kim deməsin ki, onun əldə etdiyi sərvətlər qanunidir. İndi Arutyunyan bu sərvətləri qanunsuz olaraq vəzifə almaq üçün sərf edir. Əgər xərcləyirsə deməli ümid edir ki, vəzifədə olanda daha artığını əldə edəcək”,-Papyan bildirib.

Ara Papyanın fikrincə, Arutyunyan həm köhnə klanın nümayəndəsi kimi keçmiş prezident Serj Sərkisyanı qane edir, həm baş nazir Paşinyanı.

Qeyd edək ki, Araik Arutyunyan “seçki kampaniyası” dövründə Qarabağ məsələsinin həllinə dair öz mövqeyini açıqlayıb, bir qarış da olsun torpaq qaytarmamaq tərəfdarı olduğunu bildirib. Və vəd edib ki, işğal edilmiş ətraf rayonlarda məskunlaşmanı, torpaqların əkilib-becərilməsini daha da genişləndirəcək.

Virtualaz.org

Mənbə: virtualaz.org