COVID-19 qlobal proseslərə necə təsir göstərəcək?

COVID-19 qlobal proseslərə necə təsir göstərəcək?

Tehran, 4 aprel, AZƏRTAC

Bu gün dünya dövlətlərini dərindən düşündürən bir məsələ varsa, o da yeni növ koronavirusdur (COVID-19). Virusun yayılması beynəlxalq strukturların və sistemin qlobal problemlər qarşısında zəifliyini göstərdi. Məlum oldu ki, heç bir dövlət özünü dünyadan ayıra bilməz.

Ötən ilin dekabrında Çində meydana çıxan COVID-19 üç aydan sonra bütün dünyanı bürüyərək qlobal problem yaratdı. Virus ölkələrin səhiyyə sisteminin, iqtisadiyyatının hansı səviyyədə olmasını göstərməklə yanaşı, dövlətlər arasındakı münasibətlərin də zəif yerlərini aşkara çıxardı.

Virusa yoluxanların və ölənlərin sayı hər gün artır. Dövlətlər daha da güclü məhdudiyyət tədbirləri həyata keçirir, böyük şəhərlər karantinə alınır, vətəndaşların küçəyə çıxması qadağan edilir.

Maliyyə bazarları çökür, iri şirkətlər, fabrik və zavodlar bağlanır, insanlar işsiz qalır. Dünya nəqliyyat sistemi demək olar ki, dayanıb. Təyyarə reysləri, avtomobil və qatarlarla yükdaşımalar çox az miqdarda həyata keçirilir. Bütün bunlar dünya iqtisadiyyatına böyük və sağalması çətin zərbələr vurur.

Son onilliklər ərzində dünya bir neçə dəfə qlobal xarakterli böhranlar yaşayıb. Lakin heç bir böhran Çini və ABŞ-ı indiki kimi “silkələməyib”. Asiyadan Afrikaya, Avropadan Amerikaya kimi dünya bu qədər narahatlıq, psixoloji gərginlik, iqtisadi və səhiyyə böhranı keçirməyib.

“Soyuq müharibə”dən sonra siyasi müşahidəçilər dünyada təhlükəsizlik məsələsinin həll olunduğunu düşünürdülər. Lakin 11 sentyabr hadisələri, İŞİD kimi terror təşkilatının meydana çıxması və sair bu kimi məsələlər qlobal təhlükəsizliyin hələ də tam təmin olunmadığını göstərdi. COVID-19 yaranması və dünyanı ağuşuna alması isə siyasi təhlükəsizliklə yanaşı, səhiyyə təhlükəsizliyinin də təminatının istənilən səviyyədə olmadığını ortaya qoydu.

Tehran Universitetinin beynəlxalq əlaqələr fakültəsinin professoru, İran və Avrasiya Tədqiqat Mərkəzinin Elmi Şurasının üzvü Cahangir Kərimi bildirir ki, virusun beynəlxalq münasibətlər sisteminə təsirini öyrənmək üçün pandemiyanın nəticələrini və dövlətlərin reaksiyasını gözləmək lazımdır.

Professor beynəlxalq birliyin bundan sonra hansı məsələlərə diqqət ayırmasının vacibliyini qeyd edib. Onun fikrincə, dünya dövlətləri ilk növbədə, milli səhiyyə sistemi ilə yanaşı, ümumdünya səhiyyə sisteminin də inkişafına böyük diqqət ayırmalıdırlar. Əhalinin sağlamlığının qorunması üçün beynəlxalq əməkdaşlığın zəruriliyi meydana çıxıb. Yalnız Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyəti ilə kifayətlənmək olmaz. Virusun 3 ay ərzində dünyaya yayılmasını nəzərə alaraq, təcili tədbirlər həyata keçirmək imkanına malik olan beynəlxalq struktur yaradılmalıdır. Bu struktur, eyni zamanda, əməkdaşlıq əlaqələrini möhkəmləndirə bilər.

C.Kərimi çox haqlı olaraq bildirir ki, dünyada baş verən milli münaqişələr dövlətlərin ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmamalıdır. Çünki təzyiqə və təcavüzə məruz qalan dövlətlər daha çox pulu silah-sursata deyil, səhiyyə sisteminə, tibb sahəsində elmi tədqiqatlara xərcləməlidir. Yeni texnologiyaların silah istehsalına deyil, tibbi avadanlıqlar hazırlanmasına yönəldilməsi məqsədəuyğundur.

Bundan başqa, böyük dövlətlərin dünya siyasətində və regional siyasi proseslərdəki rolu da dəyişəcək. Virusun yayıldığı və insanların kütləvi şəkildə ölməsi və dünyanın hegemon dövlətlərinin aciz qalması onlara olan inamı sarsıdacaq.

Virusun yaratdığı iqtisadi problemlərə gəlincə isə qeyd etmək lazımdır ki, son həftə ərzində təkcə ABŞ-da 2 milyon 28 min nəfər işini itirib. Cari il ərzində 5 minədək iri şirkət planlarını dəyişərək işçilərin 5 faizini ixtisara salacaqlar. Beynəlxalq investisiyalar 2020-ci ildə 5 faiz, 2021-ci ildə 15 faiz azalacaq.

Bütün bunlar yaxın gələcəkdə dünyanın yeni bir epoxaya qədəm qoyacağından xəbər verir. Dövlətlərin yeni epoxaya hazırlıq səviyyəsini isə onların gələcək inkişaf istiqamətləri göstərəcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Mənbə: azertag.az