"Mirzayev and Partners Legal Firm" Prezident İlham Əliyevin çağırışına qoşuldu

"Mirzayev and Partners Legal Firm" Prezident İlham Əliyevin çağırışına qoşuldu

"Mirzayev and Partners Legal Firm" hüquq şirkəti yeni növ koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.

E-huquq.az-ın məlumatına görə, şirkət Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 AZN məbləğində ianə edib.

Şirkətin Baş direktoru, hüquq elmləri üzrə fəlsəfə doktoru, Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyev hesab edir ki, dünyanı dəhşətə gətirən koronavirus (COVID-19) pandemiyasının qarşısını almaq vəzifəsi tək dövlətin və hökumətin yox, bütün vətəndaşların, cəmiyyətin üzərinə düşür: "Bu işdə hər kəs məsuliyyətini dərk etməli və hökumətin qəbul etdiyi qərarlara bir qayda olaraq əməl etməlidir. Burada əsas yük həm də sahibkar və iş adamlarının üzərinə düşür. Belə ki, hər bir işəgötürən, sahibkar və iş adamı bu mübarizəyə öz töhfəsini verərək, imkanı çərçivəsində Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürməlidir".

Şirkətin rəhbəri Şaiq Mirzəyev həmkarlarını koronavirusa qarşı mübarizə istiqamətində dövlətin atdığı bütün addımlara dəstək olmağa çağırıb: "Bu baxımdan həmrəyliyimizi nümayiş etdirməliyik. Yalnız bu halda dövlətimiz minimum itkilərlə bu vəziyyətdən çıxacaq".

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu martın 19-da Prezident İlham Əliyevin Fərmanı əsasında yaradılıb.

Mənbə: e-huquq.az