Qeyri-ciddi və səviyyəsiz audio-video kliplərlə bütün Azərbaycanın virus təhlükəsi ilə ölüm-dirim mübarizəsini lağ-lağı obyektinə çevirənlər var...

Qeyri-ciddi və səviyyəsiz audio-video kliplərlə bütün Azərbaycanın virus təhlükəsi ilə ölüm-dirim mübarizəsini lağ-lağı obyektinə çevirənlər var...

Dəyanət Osmanlı: “Belə yanaşma sərgiləmək cəmiyyətdə dövlətin tətbiq etdiyi qaydalara inamsızlıq yaratmağa xidmət edir”

Bu gün dövlətimiz və xalqımız, o cümlədən də bütün dünya koronavirusla çox gərgin mübarizə aparır. Azərbaycan dövləti koronavirusun daha geniş şəkildə yayılmaması və çoxlu sayda insanı caynağına almaması üçün çox ciddi qadağa tədbirləri həyata keçirir.

Karantin rejiminin elan edilməsi, aprelin 5-dən etibarən vətəndaşların zərurət yarandıqda yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməsi, polisin vətəndaşları xüsusi texniki cihazla izləməsi və sair məsələlər vətəndaşların sağlamlığının, təhlükəsizliyinin təmin olunmasına, bu virusun miqyasının genişlənməməsinə xidmət edir. Çox təəssüf ki, bəzi vətəndaşlar dövlətin həyata keçirdiyi bu təhlükəsizlik, sosial izolyasiya tədbirlərinin mahiyyətini ya dərk etmir, ya da etmək istəmirlər.

Ölkəmizdə rəsmi karantin rejimi elan edildikdən sonra bəzi qruplar tərəfindən təxribatçı videolar, səs yazıları “WhatsApp” qruplarında, “Tik-tok” şəbəkəsində peyda olmağa başlayıb. Müxtəlif insanlar karantin rejiminin mahiyyətini ciddi şəkildə təhrif edərək, onu lağ-lağı obyektinə çevirirlər. Çox təəssüflər olsun ki, belələri hələ fəaliyyətə başlamayan 8103 xidmətini də lağ obyektinə çeviriblər.

Bu səhnəciklərə baxanda insan ancaq təəssüflənir ki, belələri həqiqətənmi vəziyyətin bu qədər ciddi olduğunu düşünmürlər. Məsələn, səhnələrdən biri iki oğlan arasında baş verir. Biri o birindən soruşur ki, hara gedirsən, o, hamama getdiyini, yaxud başqa otağa keçmək istədiyini deyir, qarşı tərərəf “polisdən icazə almısan, polisə xəbər vermisən?” kimi ifadələr işlədir. Bundan əlavə, əxlaqa sığmayan davranışlarla, kəlmələrlə zəngin olan videolar və səs yazıları da kifayət qədərdir. Bu insanların bloger, yaxud aktyor olduğu bilinmir, bilinən odur ki, onlar bu videolar, çarxlar, səs yazıları ilə ölkədəki vəziyyəti, karantin rejimini lağ-lağı obyektinə çevirirlər. İnsanda ikrah yaradan bu videolar həqiqətən də Azərbaycanda koronavirusa qarşı mübarizədə həyata keçirilən tədbirlərin qaralanmasına, xalq olaraq ümumi mübarizəmizə kölgə salmağa xidmət edir. Bu kiçik qrup Azərbaycan dövlətinin və xalqının maraqlarına deyil, hansısa qara qüvvələrin maraqlarına xidmət etdiklərini açıq şəkildə ortaya qoyur. Bu videolarda, səs yazılarında “Evdə qal” layihəsinin özünə də ciddi kölgə salmaq cəhdləri var. Bu məsələyə qeyri-ciddi, lağ-lağı yanaşma sərgiləyənlər sanki bu ölkədə yaşamırlar və onlar koronavirusa tutulmaqdan sığortalanıblar. Heç kəs bundan sığortalanmayıb.

“Sonucda isə gerçəyə münasibət sanki bir məzhəkə şəklində sosial şəbəkələrə daşınır, bu hərəkətlərə son qoyulmalıdır”

Şair-publisist, Azərbaycanda Atatürk Mərkəzinin baş redaktoru, “Borçalı” İctimai Birliyinin sədr müavini Dəyanət Osmanlı baki-xeber.com-a açıqlamasında bu videoları, səs yazılarını hazırlayan, onu yayan, təbliğ edən insanlara qarşı ciddi ictimai qınaq, təpkilər göstərilməsinin vacibliyini söylədi. D.Osmanlı hesab edir ki, xalqın, dövlətin koronavirusla mübarizə dövründə bu cür qüvvələrin meydana çıxması qətiyyətlə pislənməlidir: “Mən həmişə təəssüf etmişəm ki, bizim cəmiyyətdə ciddi məsələlərə qeyri-ciddi, bir çox halda ikrahla yanaşılır. Reallıq isə anlayış göstərməyi tələb edir. İndi dünya həyəcan təbili çalır, bizim bəzi özünü ziyalı, mədəniyyət xadimi sayan adamlar isə bunu oyun havası kimi anlayırlar. Guya ən ağıllı, qorxmaz bunlardır, bütün dünya isə yalan danışır. Mən birbaşa deyirəm, belə yanaşma sərgiləmək cəmiyyətdə dövlətin tətbiq etdiyi qaydalara inamsızlıq yaratmağa xidmət edir. Epidemiyadan insanlar sürətlə qırılır. Dünya səhiyyəsi, hökumətlər həyatı qorumaq üçün böyük mücadiləyə qoşulublar. Azərbaycan dövləti də bütün imkanları səfərbər edib ki, epidemiya ölkəni başına götürməsin, xalq mümkün qədər az itkilə bəlanı adlatsın. Bəziləri, əksinə olaraq, bu çabaları dəyərləndirməyi və ölüm təhlükəsinin artdığını dərk etmirlər. Hətta öz yanlış dərklərini fərdi yanaşmadan çıxarıb ya həqiqət kimi, ya da ironik halda ictimai müstəviyə təqdim edirlər. Bəs tanınmış insanlardan dürüst məlumat gözləyən cəmiyyətin başqa bir təbəqəsi neyləyir, şübhəsiz, o yanlış fikirlərə inanır. Eyni zamanda, efirdə elə müğənnilərə, aparıcılara məsləhət verməyə imkan yaradılır ki, başqa bir qisim də onlara məhz səviyyəsizliyinə görə inanmır. Sonucda isə gerçəyə münasibət sanki bir məzhəkə şəklində sosial şəbəkələrə daşınır. Bu hərəkətlərə son qoyulmalıdır. Ölümsaçan koronavirusla mübarizə həmrəylik və dövlətimizə inam, görülən tədbirlərə anlayış tələb edir”.

D.Osmanlı onu da vurğuladı ki, yalnız videoçarxlarda, səs yazılarında deyil, hətta bəzilərinin sosial şəbəkələrdə yazdıqları statuslarda da bu məsələyə lağ-lağı münasibət var: “Bəzi insanlar koronavirusla bağlı lağlağı statuslar paylaşırlar. Həm də bunu ziyalı, yazar edirsə, daha pisdir. Təəssüf ki, dünyanı lərzəyə salan epidemiyaya barmaqarası baxmaqla reytinq yığmağa çalışırlar.
Onların belə bəsit düşüncəsi cəmiyyətin müəyyən hissəsində gerçəklə hesablaşmaqda tərəddüd yaradır. Nəticədə karantin qaydalarını pozmaq hallarında çoxluq müşahidə olunur. Bu isə xəstəliyin fəallaşmasına imkan yaratmaq deməkdir.
Təhlükəni ciddiyə almayanlar, iş-işdən keçəndən sonra ayılıb peşman olanlardır”.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com