Koronavirusun da “qın”ından çıxara bilmədiyi BƏLƏDİYYƏLƏR: “Ən yaxşısı, onları ləğv etməkdir”

Koronavirusun da “qın”ından çıxara bilmədiyi BƏLƏDİYYƏLƏR: “Ən yaxşısı, onları ləğv etməkdir”

“Azərbaycan kimi özünəməxsus ölkələrdə bələdiyyələr büdcəyə əlavə yükdür”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə tətbiq edilmiş karantin rejimində bələdiyyələrin tam fəaliyyətsiz qalmalarına münasibət bildirən AĞ Partiyanın sədri Tural Abbaslı deyib.

Partiya sədri bildirib ki, cəmiyyətin indiki ağır günlərdə də bələdiyyələrdən heç bir gözləntisi yoxdur:

“Azərbaycanda bələdiyyələr sırf Avropa Şurası qarşısında götürülən öhdəliyə görə yaradıldı, müvafiq qanun qəbul olundu, Konstitusiyaya salındı, sonra da seçkilər keçirildi.

İndiki halda heç kim təəccüblənmir və heç kim soruşmur ki, bələdiyyələr niyə işləmir, yaxud da hara baxırlar? Yəni hətta belə vəziyyətdə də bələdiyyələrdən bir gözlənti yoxdur.

Əsas məsələlərdən biri də budur ki, bizdə bələdiyyələrə seçilən şəxslər könüllülük əsasında işləyirlər, günlərinin 7-8 saatını orada keçirirlər, ancaq maaş almırlar. Kapitalist dünyasında belə bir qurumun yaşamaq ehtimalı sıfırdır.

O baxımdan, karantin dönəmində də bələdiyyələrin işsiz, fəaliyyətsiz qalması heç kimdə təəccüb doğurmadı”.

Tural Abbaslı çətin günlərdə belə mövcudluğu ilə yoxluğu bilinməyən bələdiyyələrin ləğv edilməli olduğunu deyib:

“Azərbaycan kimi özünəməxsus ölkələrdə bələdiyyələr büdcəyə əlavə yükdür. Ən optimal yol onları ləğv etməkdir. Bələdiyyə sisteminin simvolik olduğunu illərdir ki, deyirdik. Bələdiyyə sistemi icra mexanizminin “beşinci təkər”i oldu.

İndiki halda ya icra hakimiyyələrini ləğv edib, bələdiyyələrin funksiyasını artırmalısan, ya da bələdiyyələri ləğv edib, onlara ayırılan dövlət vəsaitlərini icra hakimiyyətlərinə verməlisən.

1999-cu ildən bu yana bələdiyyərin fəaliyyətinə qiymət verəndə, səsləndirdiyim fikir belə olub ki, özünü doğrultmayan bələdiyyə sistemi ləğv edilməlidir”.

Səxavət Məmməd

www.yenicag.az

Mənbə: yenicag.az