Novella Cəfəroğlu: "Yasamal rayonunda  heç bir yaşlıya diqqət yoxdur"

"Bütün bunları özüm üçün demirəm. Gəlib mənə kömək edənlər var, hansı ki, yaxınlarımın övladlarıdır. Amma elə qocalar var ki, onların evlərinə gələn, zibilini atan yoxdur"

“Cənab Prezidentin və birinci xanım Mehriban Əliyevanın koronavirusla bağlı gördüyü tədbirlər çox mühüm və yerindədir. Ölkə başçısı olduqca lazımlı qərarlar qəbul edir. Amma məmurlar Prezidentin qəbul etdiyi qanunlara əməl etmirlər”.

Bu fikirləri “Sherg.az”a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

Onun sözlərinə görə, karantin rejimi ilə əlaqədar olaraq yaşlı şəxslərə mütəmadi diqqət göstərilməlidir:

“Təəssüf ki, yaşadığım yerdə çoxlu sayda tənha insan var. Nərimanov və Xətai rayon icra hakimiyyəti qocaların yanına gedib onlarla maraqlanırlar, hətta ərzaq da aparırlar. Yasamal rayonunda isə heç bir yaşlıya diqqət yoxdur. Bütün bunları özüm üçün demirəm. Gəlib mənə kömək edənlər var, hansı ki, yaxınlarımın övladlarıdır. Amma elə qocalar var ki, onların evlərinə gələn, zibilini atan yoxdur. Bir adam yoxdur ki, qocalarla maraqlansın. Qanuna görə, yaşlı adamlar evdən çıxmır, hər kəs də evində oturub. Amma onlara fikir vermirlər. Cənab Prezident bu qədər iş görürsə, aşağı qurumlar da öz üzərilərinə yük götürməlidirlər. Qəbul olunan qanunlar çox gözəldir, yaşlı şəxslər də bu qanuna riayət edirlər. Amma bəzi qurumlar qanunu icra etməlidir. Deyirlər ki, hansısa nömrələrə zəng vurulmalıdır. Zəng vursaq da, bir nəfər zənglərə cavab vermir. Bir nömrəyə minlərlə insan zəng vura bilməz axı. Ona görə gərək icra hakimiyyətləri bu məsələ ilə maraqlansın. Onlar öyrənməlidir ki, harada yaşlı və tənha şəxslər var. Həmin qocalara mütləq mütəmadi yardım edilməlidir”.

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

3 həftədən sonra ilk görüş

SONRAKI XƏBƏR

“Azərbaycan bu problemin öhdəsindən gələ biləcək” - İqtisadçı