Qondarma DQR-də saxta seçkini ikinci tura saxladılar - Beynəlxalq təşkilatlar üçün qondarma seçkini ləğv etmək şansı düşüb...

Qondarma DQR-də saxta seçkini ikinci tura saxladılar - Beynəlxalq təşkilatlar üçün qondarma seçkini ləğv etmək şansı düşüb...

Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən son "seçkilər” Nikol Paşinyan iqtidarı ilə keçmiş hərbi xunta arasında mübarizənin hələ davam edəcəyini göstərir. Burada təşkil edilən "seçkilər”də tərəflərin namizədlərindən heç biri "seçicilər”in 50 faizinin səsini toplaya bilmədiyi üçün qalib gələ bilməyib. Qondarma qurumun keçmiş "baş nazir”i Araik Arutyunyan 49,25 faiz, sabiq "xarici işlər naziri” Masis Mailyan isə 26,4 faiz səs yığıb və ikinci tura keçib. Baş verənlər Ermənistanın özünün beynəlxalq miqyasda tənqid hədəfinə çevrilməsi ilə nəticələnib. Burada xatırlatmaq yerinə düşərdi ki, Dağlıq Qarabağda "seçkilər” keçirilməsinə dünya ictimaiyyətinin reaksiyası sərt oldu. Belə ki, "seçkilər”in nəticəsi heç bir ölkə və qurum tərəfindən tanınmadı. Dünya ölkələri, aparıcı beynəlxalq qurumlar qondarma rejimdə keçirilən "seçkilər”i qınayan sərt bəyanatlarla çıxış etdi.

Ermənistanın dəstəyi ilə qondarma qurumda təkrar, yəni ikinci tur “seçkilərin keçirilməsi proqnozlaşdırılır. Beynəlxalq təşkilatlar bu şansdan yararlanıb saxta “seçkini” ləğv etməyə nail ola bilərlərmi?

Elşən Mustafayev:“Biz istərdik ki, dünyanın nüfuzlu ölkələri və təşkilatları bu məsələ ilə bağlı konkret mövqe nümayiş etdirsinlər”

 

zərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ermənilərin Dağlıq Qarabağda "seçkilər” keçirməklə qondarma rejimə legitimlik donu geyindirmək cəhdi bu dəfə də alınmadı:“Bu "seçkilər” bir daha həm də onu göstərdi ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, onların Azərbaycana və beynəlxalq hüquqa hörmətsizliyi dəyişməz qalır. Bu həm də göstərdi ki, Nikol Paşinyan separatçı qurum üzərində nəzarəti bərpa edə bilməyib. Onun qondarma quruma təsir etmək gücü yox səviyyəsindədir. “Seçkilər” dünyada pandemiyanın elan olunduğu, kütləvi tədbirlərin təxirə salındığı bir dönəmdə keçirildi. Hətta bir sıra ölkələrdən “beynəlxalq müşahidəçilər” də prosesdə iştirak etdi. Bunun özü də oradakı rejimin yalnız Azərbaycan deyil, bütün bəşəriyyət üçün nə dərəcədə təhlükəli olduğunu göstərir. Biz gördük ki, saxta “seçkilərə”, əvvəlki illərdən fərqli olaraq, daha operativ reaksiya verildi. Dünyanın bütün nüfuzlu ölkələri və qurumları saxta “seçkiləri” tanımadıqlarını bəyan etdilər. Ancaq bu bizim üçün kifayət deyil. Həmin beynəlxalq təşkilatlar və bir sıra dövlətlər ümumiyyətlə “seçkilərin” keçirilməsinin qarşısını almalıdırlar. Bunun üçün onların əlinə yaxşı şans düşüb. Prosesi Ermənistan aparır. Həmin ölkəyə sərt xəbərdarlıq edilsə, proses tormuzlana bilər. Təəssüf ki, bunu etmirlər. Qondarma qurum ərazisində “seçkilərin” keçirilməsi beynəlxalq hüququn tapdanmasıdır. Biz istərdik ki, dünyanın nüfuzlu ölkələri və təşkilatları bu məsələ ilə bağlı konkret mövqe nümayiş etdirsinlər”.

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com