Azərbaycanlılar Gürcüstan hökumətinin zəruri sərt addımlarını dəstəkləyir - Əlibala Əsgərov "Şərq"ə danışdı

Azərbaycanlılar Gürcüstan hökumətinin zəruri sərt addımlarını dəstəkləyir - Əlibala Əsgərov "Şərq"ə danışdı

"Hər ölkə kimi Gürcüstan hökuməti də koronavirus təhlükəsi ilə bağlı ölkə daxilində ciddi addımlar atıb".

Bunu "Sherg.az"a açıqlamasında Gürcüstanda yaşayan soydaşımız, "Qeyrət" Xalq Hərəkatının sədri Əlibala Əsgərov deyib.

Birlik rəhbəri bildirib ki, azərbaycanlılar Gürcüstan hökumətinin zəruri sərt addımlarını dəstəkləyir:

"Soydaşlarımızın Gürcüstan dövləti tərəfindən həyata keçirilən tədbirlərə heç bir etiraz yoxdur. Çünki yaxşı bilirik ki, görülən bütün tədbirlər əhalinin sağlamlığın üçündür. Ona görə də Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində hamı bu qərarlara normal yanaşır və qaydalara riayət edir. Hər ölkədə olduğu kimi burada da karantin rejiminin qaydalarına əməl etməyənlər var. O cümlədən bizim soydaşlarımızın da bəziləri qaydalarına əməl etmirlər. Hökümət də haqlı olaraq karantin rejiminin qaydalarını pozanlara qarşı çox sərt cəzalar tətbiq edir. Cərimələr hardasa 1000 dollara yaxındır. Bəzi adamların şikayəti cərimələrin yüksək olması ilə bağlıdır. Amma gürcüyə də, azərbaycanlıya da eyni cərimə yazılır. Heç kimə ayrıseçlik yoxdur".

Ə.Əsgərov virusa yoluxan soydaşlarımız haqda da danışıb:

"Bir müddət öncə Marneulidə 62 yaşlı qadının səhhətində problemlər ortaya çıxdı. Həmin qadını Marneuli rayon xəstəxanasına yatırdılar. Üç gündən sonra testin cavabı pozitiv çıxdı. 2 gün qadının kimlərlə təmasda olduğunu, haradan gəldiyini araşdırmağa başladılar. Bundan sonra hökümət Marneulini sosial izolyasiya etdi. Bölgəyə giriş-çıxış bağlandı. Hökumətin bu zəruri addımlarından sonra bölgədə müəyyən söz-söhbətlər yarandı. Bundan başqa soydaşlarımız asında virusa yoluxanlar var. Bolnisi rayonun Kəpənəkçi kəndində yaşayan 79 yaşlı qadın və onun 19 yaşlı hamilə qızı da virusa yoluxdu. Bir müddət sonra 79 yaşlı qadının dünyasını dəyişdiyini öyrəndik. Onun ağ ciyərində ciddi problemləri var idi. 2 ildi xəstəlikdən əziyyət çəkirdi. Hadisədən sonra ölkənin baş naziri qadının ailəsinə başsağlığı verdi. Mən də o qadının ailəsinə başsağlığı verirəm, səbr diləyirəm. Ölüm faktından sonra Kəpənəkli kəndinə də giriş-çıxış bağlandı. Müəyyən önləyici tədbirlər alındı. Bunlar zəruri addımlar olduğu üçün hamımız normal qarşılayırıq".

Birlik sədri soydaşlarımızın problemini də qeyd edib:

"Soydaşlarımızın yeganə problemi məhsullarının əllərində qalmasıdır. Bizim bölgənin əhalisi kənd təsərrüfatı ilə məşğuldur. Yaranmış vəziyyətə görə əhali əlindəki məhsulu bazara çıxara bilmir. Ən böyük problemimiz budur və hazırda bununla bağlı müəyyən işlər görülür. Bir daha qeyd edirəm ki, Gürcüstanda "evdə qal" çağırışına ən çox riayət edənlər məhz soydaşlarımızdır".

Mənbə: sherg.az