Qarabağın bir nömrəli oliqarxı həm Paşinyana, həm də Serj Sarkisyana məxsusdur

Qarabağın bir nömrəli oliqarxı həm Paşinyana, həm də Serj Sarkisyana məxsusdur

Martın 31-də Qarabağda keçirilən “seçkilər” elə də ciddi sayılmadı, çünki bunun üçün öncə dövlət lazımdır.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu fikri newarmenia.am saytına verdiyi müsahibəsində “Modus Vivendi” mərkəzinin rəhbəri, “Sasna Çrer” partiyasının tərəfdarı, Ermənistanın Kanadadakı keçmiş səfiri (2000-2006), politoloq Ara Papyan səsləndirib.

Ara Papyan

“Dövlət digər beynəlxalq hüquq subyektləri tərəfindən tanınan müstəqil siyasi bir vahiddir. Hazırda isə bizdə belə bir dövlət yoxdur. Həm də bu ərazi Ermənistan Respublikasının tərkibinə daxildir (Beynəlxalq qurumlar və ölkələr tərəfindən tanınan belə sənəd yoxdur). Əslində Ermənistan vətəndaşlarının, Ermənistan əsgərlərinin orada yaşamaları (Bu, işğal faktının əsil sübutudur) baxımından bu, Ermənistan iqtisadiyyatının, Ermənistan büdcəsinin davamıdır. Ona görə də mən belə “seçkiləri”n orada keçirməsinə qarşıyam.

Həm də “seçkilər”in keçirilmə vaxtı yanlış seçilib: dünyada kütləvi tədbirlər ləğv edildikdə və ya təxirə salındıqda, 76 min (Qarabağlı erməni jurnalist işğal edilən ərazilərdə bu sayda seçicinin olmadığını yazıb) adamı küçələrə çıxarmaq və “seçki məntəqələri”nə aparmaq düzgün deyildi, çünki bu virusun yoluxma riski böyük idi.

Deyirlər ki, Qarabağda yoluxma hadisəsi aşkar edilməyib. Görəsən, onları kim axtarıb?

Nümunələr yalnız 29 nəfərdən götürüldü və bu, çox kiçik bir rəqəmdir. Bundan əlavə, mən orada olmasam da, yerində olan dostlarım bu prosesin hansı qanun pozuntularından keçdiyini görüblər… rüşvətin müxtəlif yollarla paylanması, toy, cənazə xərcləri və s… Belə çoxlu məlumatlar var.

Buna görə də, bu cür pozuntuların, üstəlik başlanğıcda hər kəs üçün bərabər şəraitin olmaması halında, inanıram ki, “seçkilər” ədalətli deyildi və bütün bunlar beynəlxalq müşahidəçilərin olmamasına görə daha da inamsızlıq yaradır. Əslində Rusiyadan bir nəfər var idi, deyəsən heç o da müşahidəçi deyildi. Ermənistandan isə az sayda insan gəlmişdi. Nəzarət edən bir qurum yox idi. Eynilə jurnalistlərin girişi də son dərəcə məhdud idi, beynəlxalq medianın nümayəndələri də gəlməmişdi. Bu gün insanları təhlükə altına almaqla ən pis variantımız var. Növbəti həftə ərzində mütləq koronavirusa yoluxanlar haqda informasiya eşidəcəyik. Artıq gizlədə bilməyəcəklər. Bu gün koronavirusa heç kəs yoluxmayıb. İki həftədən sonra keçiriləcək seçki mərhələsində isə hər şey pisləşə bilər”.

– Cənab Papyan, 14 aprelə planlaşdırılan “seçkilər” də oxşar pozuntularla keçiriləcək?

– Qətiliklə. Nə dəyişdi? Birinci yeri Araik Arutyunyan tutub.

Araik Arutyunyan

O, Ermənistanın hazırkı kriminal rejiminin iki nömrəli şəxsidir. O, Qarabağda bir nömrəli oliqarxdır. Heç kim deyə bilməz ki, o, məmur kimi əldə etdiyi sərvəti qanuni yolla qazanıb. İndi Arutyunyan qanunsuz yığılan o pulları vəzifə üçün xərcləyir. Əgər sərvətini xərcləyirsə, o zaman xərclənənləri geri qaytaracağına ümid edir.

– Fikrinizcə, niyə nə Qarabağın, nə də Ermənistanın hakimiyyəti bu pozuntulara reaksiya vermir, üstəlik Baş nazir Nikol Paşinyan seçkilərin yüksək keyfiyyətli keçdiyini söylədi.

– Qarabağ “hakimiyyəti” üçün sərfəlidir, çünki o (Araik Arutyunyan) onların bir hissəsidir, onların nümayəndəsidir, Serj Sarkisyanla uzun müddət əməkdaşlıq etdiyi üçün ona da sərfəlidir. Bu, çox xarici böyük iş adamları üçün də sərfəlidir, çünki onların həmkarıdır. Nikol Paşinyana da sərfəlidir. Belə çıxır ki, o, öz üzərinə müəyyən məsuliyyət götürüb. Bəs onda nə üçün hər şeyin ədalətli və doğru getməsini təmin etməyib?

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az