Vətəndaşların sosial rifahı və sağlamlığı hər şeydən üstündür

Newscenter.az.4.04.2020. Koronavirus bütün ölkələrə dünya müharibəsindən də ağır öldürücü zərbələrini vurmaqdadır. Dünyanın müxtəlif dövlətləri bu bəla ilə mübarizədə aciz qalıb, iqtisadiyyatlar çökür, sosial proqramlar dayandırılır. Bir çox ölkə kömək üçün beynəlxalq təşkilatlardan yardım alır, insanların adi zəruri qida və digər ehtiyatlarla təmin etmək üçun xarici maliyyə qurumlarına üz tutanların sayı durmadan artır.

Pandemiyanın yayıldığı ilk gündən başlayaraq qabaqlayıcı kompeks tədbirlər görən Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə hər an bu vəziyyəti nəzarətdə saxlamaqdadır. Cənab Prezident dövlət siyasətini vətəndaşların sağlamlığının qorunmasına, təhlükəsizliyinin və sosial rifahının təmin edilməsinə yönəldibdir. Onun tapşırığı ilə hökumət komandası, eyni zamanda, qlobal böhranın sosial və iqtisadi həyatımıza, vətəndaşlarımızın yaşayışına zərərlərinin qarşısını almaq üçün xüsusi qabaqlayıcı antiböhran paketi hazırlayıbdır.

Hökumətin Dəstək Paketi adlanan bu strateji sənədlər 4 sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Dəstək proqramlarıının əsas hədəfi biznes sektorunun, istehsal, xidmət müəssisələrinin, rentabelli təşkilatların dayanıqlılığını təmin etməkdir. Biznesin üzləşdiyi sosial-iqtisadi təsirlərin qısa bir zamanda aradan qaldırılması, qabaqlayıcı tədbirlərin görülməsi ümumi iqtisadi sabitliyin, dayanıqlılığın təmin edilməsində daha əhəmiyyətli rol oynayır. Bütün bu proqramların fəlsəfəsi, qayəsi insan faktorudur, vətəndaşın sosial həyatıdır.

10 dövlət proqramının maliyyə tutumu 2,5 milyard manatdır, Azərbaycanın ÜDM-nin 3,1%-ni təşkil edir. Gəlin müqayisə edək, MDB məkanında və digər regionda bu həcmdə dəstək paketi nəzərdə tutulubmu?

Gürcüstanda bu göstərici ÜDM-in 2 faizi, Rusiyada ÜDM-nin 0,3 faizi, Türkiyədə ÜDM-in 2 faizi, Qırğızıstanda ÜDM-in 1 faizi, Özbəkistanda ÜDM-in 1,5 faizi həcmindədir. Göründüyü kimi Azərbaycan hökumətinin gerçəkləşdirdiyi Dəstək Paketi digər ölkələrlə müqayisədə həm maliyyə tutumuna görə, daha böyük, eyni zamanda, sektorların dəstəklənməsinə və sosial məzmuna görə, daha genişmiqyaslıdır, daha sosialdır. Həmçinin, böhrandan sonrakı aylarda iqtisadi və sosial həyatın tarazlı, nizamlı davam etməsi üçün güclü təməldir.

Dövlət proqramlarının ana xəttini, fəlsəfəsini vətəndaşa sosial dəstək, əməyinə qiymət, iş yerinin qorunmasına və inkişaf etməsinə dövlət dəstəyi təşkil edir. Əsas strateji meyar, siyasət budur. Dövlət ilk növbədə insanların sosial rifahını prioritet hesab edərək onlara sosial dəstək göstərəcək. Aztəminatlı ailələrə maliyyə yardımının göstərilməsi, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək bu proqramın tərkib hissəsidir. Tədbirlərdən biri əhalinin elektrik enerjisinin kommunal limitinin artırılması proqramı da birbaşa sosial xarakterlidir. Karantin rejimi ilə əlaqədar insanların evdə qalması səbəbindən istehlak olunan enerjinin həcmi artıb. Əhalinin həssas qrupları üçün bu xüsusilə nəzərə alınacaq. Mühüm proqramlarlardan biri də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı olacaq.

Bu gün pandemiyadan daha çox zərərçəkmiş sahələr ticarət və xidmət, turizm, nəqliyyat, rabitə sektorlarıdır. Bu sahələrdə neçə yüz min insan işləyir, onların əksəriyyəti öz fəaliyyətini, inkişafını kreditlərlə nizamlayır. Banklardan böyük məbləğdə kredit götürüb öz imkanlarını artırır, yeni iş yerləri yaradırlar, nəticədə burada minlərlə insan işə cəlb olunur. Bu siyasətin də kökündə vətəndaş dayanır, onların işlə təmin olunması, qazanc əldə etməsi durur. Ona görə də, hökumətin zərər çəkmiş həmin sahələrdə fəaliyyət göstərən sahibkarlara kredit dəstəyi çox əhəmiyyətlidir. Yəni, ticarət və xidmət, turizm, nəqliyyat, rabitə və digər sektorların kredit problemləri nizama düşdükdən sonra onlar öz işini əvvəlki kimi davam etdirəcək, on minlərlə vətəndaş maaşını sabit şəkildə ala biləcək.

Cənab Prezidentin sosial hümanizminin daha bir təntənəsi on minlərlə insanın çalışdığı, evlərinə çörək apardığı ən böyük sahələr olan tikintiyə dəstəyin göstərilməsidir.Tikinti, təmir və s. sahələrdə hər il minlərlər insan işləyərək normal əməkhaqqı alır, bu sahə çox böyük əmək tutumludur, ona görə də, tikintidə kredit güzəştləri bu sahəni ayaq üstə saxlamaqla dövlətə sosial təkan verəcək.

Dövlət ölkənin iqtisadi dayağı hesab edilən biznesin maliyyə itkilərini öz imkanları hesabına qarşılamaqla yanaşı, onlara bundan sonrakı dövrdə daha əlverişli və yaxşı işləmək üçün bir fürsət də verdi, vergi güzəştləri və imtiyazlarla onların rentabelli fasiləsiz işini sürətləndirəcək. Bu siyasətin də kökündə yenə insan amili, sosial fəlsəfə var. Dövlətdən kömək alan müəssisə və təşkilatlar bu güzəştlər hesabına öz maliyyə imkanlarını artıracaq, öz işçilərinə yaxşı maaş verəcək. Ən əsası isə dövlətin büdcəsinə daha çox vergi ödəniləcək, həmin pullar da ilk növbədə yenə də sosial tədbirlərə yönələcək və vətəndaşların rifahının yaxşılaşmasına səbəb olacaq.

Prezident İlham Əliyevin hər zaman vurğuladığı kimi bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur. Bu siyasət insanların təhlükəsizliyidir, sağlamlığıdır və onların rifahıdır. Hər kəs əmin ola bilər ki, ölkəmiz Prezident İlham Əliyevin düşünülmüş uzaqgörən siyasəti sayəsində bu çətin sınaqdan da inamla çıxacaqdır.

Vaqif Abdullayev-Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü

Newscenter.az

ƏVVƏLKİ XƏBƏR

DİQQƏT: Gözləriniz qızarıbsa, həkimə gedin - Koronavirus...

SONRAKI XƏBƏR

Döyüb evə saldılar, sonra darıxmamaları üçün mahnı oxudular - VİDEO