"Bu kabusun nə qədər sürəcəyi bəlli deyil və onlar bunu nəzərə alaraq addım atmalıdırlar"

"Bu kabusun nə qədər sürəcəyi bəlli deyil və onlar bunu nəzərə alaraq addım atmalıdırlar"

Təhsil ocaqlarının kampaniyaya qoşulmasına ehtiyac varmı? Etibar Əliyev ehtiyatlı olmağı məsləhət görür

Ötən ayın 19-da ölkədə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Fondun məqsədi koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdir. Qurumun vəsaitinin sərəncamçısı Nazirlər Kabinetidir. Vəsait bu mənbələr hesabına formalaşdırılır: dövlət büdcəsinin vəsaiti; fiziki və hüquqi şəxslərin könüllü ödəmələri; qanunla qadağan olunmayan digər mənbələr.

Fondun vəsaitinin toplanması və ondan təyinatı üzrə istifadə məqsədilə Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində xüsusi xəzinə hesabı açılıb. Artıq həmin hesabda on milyonlarla manat vəsait toplanıb. Fonda könüllü ödəmə edən müəssisələr arasında dövlət tərəfindən maliyyələşən ali təhsil ocaqları da var. Belə təhsil ocaqlarının bu yardım kampaniyasına qoşulması nə dərəcədə doğrudur?

Moderator.az-ın sualını cavablandıran millət vəkili, təhsil eksperti Etibar Əliyev bildirdi ki, Azərbaycanda təhsil müəssisələrinin dövlət və özəl kimi iki tipi var:

“Ali təhsil müəssisələrində dövlət sifarişli yerlər 42 faiz təşkil edir. Dövlət ali məktəblərində tələbələrin yarıdan çoxu ödənişli əsaslarla təhsil alır. Tələbələrin ödənişlərinin əsas hissəsi müəllimlərin əməkhaqqına sərf olunur. Hazırda koronavirusla əlaqədar yaranmış vəziyyət müəllimlərə əməkhaqının, tələbələrə təqaüdlərin verilməsinə də mənfi təsir göstərə bilər. Buna görə də ali məktəblər vəsaitlərinin rasional xərclənməsi barədə düşünməlidir. Koronavirusla mübarizəyə dəstək vermək hər birimizin vətəndaşlıq borcudur. Lakin bu kabusun nə qədər sürəcəyi bəlli deyil və ali təhsil müəssisələrinin rəhbərləri bunu nəzərə alaraq addım atmalıdırlar. Məsələ burasındadır ki, bizdə ali məktəblərin tələbələrin köçürdükləri vəsaitdən başqa qazanc yeri demək olar ki, yoxdur. Rektorların fərdi qaydada fonda vəsait köçürmələri isə təbii ki, təqdir olunmalıdır”.

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun fəaliyyət müddəti 2020-ci il dekabrın 31-dək olan dövrü əhatə edir. Dövlət başçısı bu müddəti uzada bilər.

Mənbə: moderator.az