Koronavirus Ermənistanın hərbi büdcəsini də “yeyir” – “Aprel müharibəsi hər an təkrarlana bilər...”

Koronavirus Ermənistanın hərbi büdcəsini də “yeyir” – “Aprel müharibəsi hər an təkrarlana bilər...”

2016-cı ili aprelindəki “4 günlük müharibə”nin 4-cü ildönümü günlərini yaşayırıq. Azərbaycan Ordusunun blits-hərbi qələbəsi, işğalçı ordunun “məğlubedilməzlik” mifinin darmadağın edilməsi ilə yekunlaşan həmin döyüşlər özünü Qarabağ müharibəsinin qalibi ədası ilə aparan, Azərbaycana kapitulyasiya şərtləri irəli sürən düşmənə həm də ağrılı bir qulaqburması, dərs oldu. O anlamda ki, müharibə hələ bitməyib, onun yalnız birinci fazası yekunlaşıb.

Başqa sözlə, əgər təcavüzkar atəşkəs rejimini layiqincə qiymətləndirməsə, Azərbaycanın azadlıq müharibəsinin davamı gələcək. Mütləq gələcək. Əcnəbi siyasi və hərbi ekspertlər də bu qənaəti bölüşürlər.

“Əgər 2016-cı ilin aprelindəki döyüş əməliyyatları dayanmasaydı, Azərbaycan qat-qat çox ərazisini işğaldan azad edəcəkdi. Azərbaycan Ordusu “4 günlük müharibə” zamanı əraziləri qaytarmaq üçün qətiyyət nümayiş etdirdi”.

Musavat.com xəbər verir ki, bu sözləri tanınmış rusiyalı hərbi analitik Aleksandr Perendjiyev deyib.

Onun sözlərinə görə, əgər aprel müharibəsi davam etsəydi, indi Dağlıq Qarabağ münaqişəsi ətrafında situasiya bambaşqa idi. “İndi sülh danışıqları daha effektli aparılar, erməni tərəfi daha sözəbaxan olar və real, konstruktiv addımlara gedərdi”, - deyə o qeyd edib.

Aleksandr Perendjiyev

Sözünə davam edən analitik bildirib: “Ermənistan 2016-cı ildə özünü tam itirdiyini nümayiş etdirdi. “Aprel müharibəsi” ona yaxşı heç nə gətirmədi və ordusunun qabiliyyətsizliyini göstərdi. İndi onlar 2016-cə ilin “aprel müharibəsi”ndəki iflasa görə kimin günahkar olmasını bilmək üçün ölkədə məhkəmə araşdırmaları aparırlar (Məsələ ilə bağlı xüsusi parlament komissiyası da yaradılıb – Musavat.com)”.

Rusiyalı hərbi ekspertə görə, oxşar hadisələr 2016-cı ilin aprelində yox, indi baş versəydi, o zaman Rusiya “gedin, özünüz həll edin” deyərdi. Yəni Moskva bu dəfə qarışmaz, Azərbaycandan əməliyyatları dayandırmağı xahiş etməzdi. “Heç kim heç nəyin qarşısını almazdı. Bu fonda Ermənistan üçün yaxşı olar ki, xoşluqla konstruktiv danışıqlara və konfliktin “Madrid prinsipləri” çərçivəsində həlinə getsin”, - deyə Perendjiyev sonda əlavə edib.

*****

“Ermənistan “aprel müharibə”sindən sonra ayılıb. 4 günlük hərbi əməliyyatlar çoxlarını ayıldıb. Təmas xəttində təhlükə qalır. Bakı sübut etdi ki, Azərbaycan tərəfinin davakar bəyanatları quru ritorika deyil”.

Musavat.com-un məlumatlarına görə, bu sözləri britaniyalı politoloq Nil Makfarleyn erməni mediasına açıqlamasında Qarabağ münaqişəsi ətrafında durumu “aprel müharibəsi”sinin ildönümü fonunda şərh edərkən deyib.

Nil Makfarleyn

Ekspertin fikrincə, 1990-cı illərdən Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə yanaşmaların mahiyyəti və məzmunu eynidir. “Heç nə dəyişmir. Bu da o deməkdir ki, aprel savaşı hər an təkrarlana bilər. Burada əsas çağırış – tərəflərin mövqeyi və beynəlxalq birliyin problemə yetərincə diqqət ayırmamasıdır. Ümid edək ki, bu dədə formalaşmış humanitar gündəm başqa mövqelərin yaranmasına, o da öz növbəsində möhkəm sülhə gətirəcək”, - deyə politoloq əlavə edib.

*****

Bu arada düşmən ölkədə yeni müharibə xofu ilə yanaşı, koronavirus təlaşı da günbəgün artmaqdadır. Xatırladaq ki, virusa yoluxanların sayına görə (770) Ermənistan Güney Qafqaz ölkələri arasında liderlik edir. Ən önəmlisi, pandemiya onsuz da böhranlı vəziyyətdə olan Ermənistan iqtisadiyyatına yeni və ağır zərbələr vurmaqdadır.

“Ermənistan iqtisadiyyatı koronovirus epidemiyasına görə ağlamalı durumdadır. Ölkə nəyisə qurban verməlidir ki, ayaqda dura bilsin”.

Erməni ekspertlər bu qənaətdədir. Onların fikrincə, epidemiya bu templə davam edərsə, o zaman ölkənin təhlükəsizliyi təhdid altına düşəcək. O sırada hərbi ekspert Leonid Nersesyan pandemiyanın Ermənistan üçün mümkün nəticələrindən danışarkən bildirib ki, yeni və ciddi iqtisadi problemlərin baş qaldıracağı təqdirdə Ermənistan vəziyyət normallaşanadək müəyyən müddət ərzində silah-sursat ala bilməyəcək.

Onun sözlərinə görə, ixtisar Ermənistanın hərbi büdcəsinə də toxunacaq. “2014-1015-ci illəri yada salaq. O vaxt ölkənin hərbi büdcəsi ən azı, iki dəfə “çökdü”. Aydın məsələdir ki, əgər dövlət hansısa sosial öhdəlikləri yerinə yetirə bilmirsə, o zaman hökumət bunu hərbi xərcləri azaltmaq hesabına etməli olacaq. Bu ixtisarlar da silah tədarükündə özünü göstərəcək”, - deyə o, xəbərdarlıq edib.

 

Mənbə: cia.az