Yoluxmaların sayı getdikcə artsa da, bu bəlanı dəf edəcəyimizə inanıram

Yoluxmaların sayı getdikcə artsa da, bu bəlanı dəf edəcəyimizə inanıram

Azərbaycan hökuməti tərəfindən görülən preventiv tədbirlərə baxmayaraq COVID--19-un ölkə ərazisində yayılması dinamikası gündəlik artmaqdadır. Təəssüf edirəm ki, tək bir gündə 78 yoluxmanın qeydə alınmasına virusun aqressiv və yoluxma sürətinin yüksək olması ilə yanaşı, əhalinin əksəriyyətinin xüsusu rejim qaydalarına əməl etməməsi, digər şəxslərlə sıx təmasları, ciddi zərurət olmadığı hallarda evdən çıxmaları, ictimai nəqliyyatda tələblərə tabe olmamaları səbəb olub.

Sosial şəbəkələrdə bununla bağlı müxtəlif versiyalar irəli sürülsə də, həqiqət tam fərqlidir. Virus yayılan ilk günlərdə yoluxma sayının az olmasının iki səbəbi vardı. Əvvəla sərhədlər tez bağlanmışdı və koronavirusun yayıldığı və bizə əsas təhlükə olan qapılar örtülmüşdü. İkinci və əsas səbəb o idi ki, ilkin dövrdə infeksiya faktları müəyyən olunanda Azərbaycan yalnız Ümumdünya Səhiyyə Təşkilatından məhdud şəkildə testlər alırdı və həmin dövrdə mövcud imkanlar çərçivəsində müayinələr aparılırdı. Sonrakı dövrdə ölkəmiz artıq özü kifayət qədər testlər almağa başladı. Əgər ilkin vaxtlar ölkədə gündə cəmi 200--300 şübhəli insanda test keçirilirdisə, indi müayinələrin sayı mindən çoxdur.

Hazırda ölkə üzrə yüksək hərarət, quru öskürək, əzələ ağrıları s. simptomlarla həkimə müraciətlə 35 mindən artıq test keçirilib. Müayinə imkanları çoxaldıqca, yoluxma hallarını müəyyənləşdirmək üçün imkanlar da artır.

Qeyd edək ki, yoxlamalar aparmaq üçün Azərbaycan yeni, ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar alıb. Öncədən koronavirusun gizli dövrünün 14 gündən ibarət olduğu deyilirdi. Sonradan aydın oldu ki, virusun inkubasiya dövrü çoxdur və xəstəliyin üzə çıxması 28 günədək çəkə bilər. Bu müddətdə isə yoluxmuş adamın 28 gündə nə qədər insanlarla təmasda olması və həmin adamların da kimlərlə isə təmas qurması nəticəsində yoluxanların sayının artması ilə nəticələnib.

İlkin dövrdə infeksiya yalnız xaricdən gələn şəxslərdə aşkarlanırdı. İndi həm də ölkə daxilində insanların bir -birini yoluxdurması halları qeydə alınır. Çünki insanlar evdə qalmaq istəmirlər. Onların bir-biri ilə yaxın əlaqələrini minimuma endirmək, bununla da infeksiyaya yoluxmanın sürətini azaltmaq məqsədi ilə dövlətimiz bütün vasitələrə əl atır. Ölkə ərazisindəki xüsusi rejim dövrü martın 31-dən aprelin 20-dək gücləndirilib, insanların fərdi evlərindən və mənzillərindən çıxışına yalnız xüsusi icazə ilə razılıq verilib.

Nazirlər Kabineti yanında operativ qərargahın bu günə olan məlumatına görə Azərbaycanda 78 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ümumilikdə, ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 521 şəxsdən 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 484 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

ÜST-nın aprelin 4-nə olan məlumatına görə, qonşu Ermənistanda 736 yoluxma və 7 ölüm faktı qeydə alınıb. Bu ölkədə Azərbaycanla müqayisədə 5 dəfəyə yaxın az, cəmi 7994 test aparılıb. Gürcüstanda isə yoluxmaların sayı 156 nəfər təşkil edir, lakin ölüm halı hələlik qeydə alınmayıb.

Vətəndaşlarımıza tövsiyə edərdim ki, evdən bayıra çıxmasınlar. Ərzaq almağa da gündə bir dəfə, ailədən bir nəfər çıxsın. İnsanın bayırla nə qədər çox əlaqəsi olsa, yoluxmaların da sayı o qədər çox olacaq. Özünüzü qoruyun, bununla da həm ailənizi, həm də zəncirin həlqələri olan təmasda olduğunuz digər insanları, ümumilikdə cəmiyyəti qorumuş olursunuz. Birlik nümayiş etdirməyin əsil zamanıdır. El bir olsa, dağ oynadar yerindən. Biz də başda dövlət başçımız və Birinci vitse-prezidentimiz olmaqla, elliklə bu bəlanı dəf edəcəyimizə inanıram.

 

Nəsib QULİYEV,

ET Pediatriya İnstitutunun direktoru, tibb elmləri doktoru, professor

Mənbə: xalqqazeti.com