Şəmkirdə karantin rejiminə mobil qruplar nəzarət edir

Şəmkirdə karantin rejiminə mobil qruplar nəzarət edir

Şəmkir, 5 aprel, Rauf Hacıyev, AZƏRTAC

Şəmkir rayonu ərazisində xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə mobil qruplar yaradılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Evdə qal” aksiyasında qrup üzvləri təhkim olunduğu ərazilərdə olan insanlar arasında koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması, karantin rejminin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işini aparırlar.

178 qrupun 3 nəfərdən ibarət mobil qrupun üzvləri arasına Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları, könüllü gənclər, idmançılar, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları, inzibati ərazi nümayəndələri, bələdiyyələr, habelə digər dövlət qurumlarının əməkdaşları da daxil edilib.

Qruplarda olan hər bir gənc xüsusi fərqləndirici formalar, nişanlar və qoruyucularla təmin edilib.

Mobil qrupların üzvləri ilə görüşən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və rayon polis şöbəsinin rəisi Elnur Həsənov şəmkirlilərin sağlamlığı üçün görülən tədbirlərin bir hissəsi olan gənclərə və polislərə uğurlar arzulayıblar.

Mənbə: azertag.az