Şeyx Əbdül “SOCAR”-“PALMALI” qarşıdurmasının əsil mahiyyətini açdı

Şeyx Əbdül “SOCAR”-“PALMALI” qarşıdurmasının əsil mahiyyətini açdı

Xalq artisti və bir qrup ziyalılarımız Mübariz Mənsimova görə Prezidentə müraciət etdi
Aktualxeber.az-ın redaksiyasına Xalq artisti Şeyx Əbdül Mahmudbəyov və bir qrup ziyalılarımızın adından yazılmış və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına ünvanlanmış müraciət daxil olmuşdur. Müraciəti olduğu kimi veririk.

“Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev cənablarına
Açıq məktub
Möhtərəm cənab Prezidentimiz!
Allah rizası ilə mən, bu gün, ömrümün 77-ci baharını yaşayan vətənpərvər, milli ruhlu ağsaqqal bir ziyalı və xalq sənətkarıyam. Bütün varlığımla xalqımıza, vətənimizə, müstəqil Azərbaycanımıza və daimi seçicisi olduğum möhtərəm Prezidentimə, tam təmənnasız olaraq bağlı olan xalis azərbaycanlı və Azərbaycan vətəndaşıyam. Məni yaxından, uzaqdan tanıyanlar yaxşı bilirlər ki, mən qətiyyən xoşa gəlmək xatirinə, gəlişi gözəl sözlər demirəm və bəy tərifi də etmirəm. Müqəddəs söz insanlara verilən İlahi payıdır və mənim də qismətimə söz adamı olmaq düşüb. Bütün ömrüm boyu müqəddəs və doğru sözə xidmət etmişəm və qismət olarsa, ömrümün axırına kimi də xidmət edəcəyəm İnşaallah!
Möhtərəm cənab Prezidentimiz!
Axır vaxtlar, gözlənilmədən yaradılan və gündəmə çıxarılan, hətta lənətə gəlmiş koronavirusu da kölgədə qoyan, ictimaiyyətdə son dərəcə arzu olunmaz, şər söhbətlər, yol verilməz qarşıdurmalar və sosial gərginliklər yaradan, “SOCAR”-“PALMALI” qarşıdurmasına, ARDNŞ rəhbərinin günahı ucbatından həm Ağsaqqal bir xalq sənətkarı və həm də adi bir vətəndaş kimi çox ciddi surətdə narahatlığımı bildirmək istəyirəm. Əslində qərəzli surətdə ortaya atılan bu arzuolunmaz və yol verilməz qondarma təxribata münasibət bildirmək hər bir sağlam düşüncəli vətəndaşlarımızın mənəvi haqqı və vətəndaşlıq borcudur. O cümlədən də mənim…
Artıq günü-gündən, qızışdırılan, alovlandırılan, çox ciddi surətdə qarşısı alınmaz söz-söhbətlərə, ictimai-siyasi narazılıqlara, qarşıdurmalara və bütünlükdə isə birbaşa aşkar düşmənçiliyə aparan bu təhlükəli hadisəyə vaxt itirilmədən, həm möhtərəm Prezidentimiz özü şəxsən, həm xeyirxah, vətənpərvər, qərəzsiz Ağsaqqallarımız və həm də sağlam düşüncəli vətəndaşlarımız birlikdə münasibət bildirməli, təhlükəli və yol verilməz olayın qarşısı vaxtında alınmalıdır. Şəxsən mən bugünkü sabitliyimizin, əmin-amanlığımızın, ümummilli birliyimizin sürətlə vüsət aldığı, həm ölkə daxilində və həm də Beynəlxalq aləmdə günü-gündən artan, çoxalan nüfuzumuzun, iqtisadi, siyasi, sosial və ideoloji nailiyyətlərimizin, geniş və əhatəli şəkildə çox böyük uğurlarla inkişaf etdiyi bir vaxtda, ortaya atılmış bu qarşıdurmaya, qara piar kompaniyasına, aşkar düşmənçiliyə, şər-böhtanlara, ittihamlara və s. qətiyyən təsadüfü bir hal kimi, qərəzli məqsədlərlə təşkil olunan kimi baxmıram, düşünmürəm və inanmıram. Bu gün dünya şöhrətli iki nəhəng və nüfuzlu şirkətin və şirkət rəhbərinin düşmənçilik etmələrinə əslində heç bir əlahiddə səbəb, gərək və ehtiyac yoxdur. Fikir verin, hər iki rəhbər və şirkət də xalqımıza məxsusdur. Amma gözə görünməz kimsələrin sırf şəxsi və qərəzli maraqları zənnində, düzülüb-qoşulub, təşkil olunub meydana atılması və hər iki tərəfin münasibətlərinin qızışdırılaraq barışmaz düşmən həddinə çatdırılması, hələlik çox qaranlıq məqamların aydın həlli olmadığının əyani sübutudur. Qondarma ittihamlar qaldırıb, bunu arzu olunmaz hadisəyə çevirib tələm-tələsik şişirdib, siyasiləşdirib beynəlxalq səviyyəyə çıxarıb haylı-küylü sou düzəltmək stəkan-nəlbəkidə tufan yaratmaqdır. Bu bizə əsas verir düşünək ki, bu birbaşa qərəzli surətdə təşkil olunan qondarma və rüsvayçı bir təxribatdır. Məharətlə təşkil olunmuş bu təxribatın mən əminəm ki, əsas təhlükəsi “şou” maskası düzəldib ictimailəşdirib gözdən pərdə asıb görüntü yaratmaqda yox, daha ciddisi və təhlükəlisi onun hələlik görünməyən tərəfindədir.
Bəli nə qədər ki, biz özümüz zaman-zaman sıramızı və nizam-intizamımızı pozanları, səmtimizi və istiqamətimizi dəyişib bizi çaş-baş salan, südləri və qanları bizdən olmayanları, ayırd edib, tanıyıb içimizi təmizləməmişik nəinki bu, hələ bundan betər təhlükələrlə çox üzləşməli olacağıq. Heç bir şübhəm filanım yoxdur ki, biz hələ ağrımaz başımıza çox dəsmallar bağlayacaq, isti aşımıza çox soyuq sular qatılacaq və dup-duru sularımız da çox bulandırılacaq… Bunun əyani sübutu sırf şəxsi və gərəzli münasibətlər və maraqlar zəminində, az qala bütün gündəmi zəbt edən, daha doğrusu zəbt etdirilən, qondarma və rüsvayçı “SOCAR”-“PALMALI” (SOCAR rəhbərinin günahı və gərəzi ucbatından) kimi adlı-sanlı, nəhəng və dünya şöhrətli doğmaca şirkətlərimizin düşmən kimi qarşıdurmalarıdır.
Sual olunur, ilin-günün bu vaxtında Mübariz Mənsimov kimi, xeyirxah, zəhmətkeş, imanı-kamil, əməli-saleh, əl-ayağı tər-təmiz, şərəfli, ləyaqətli, vətənpərvər və ailəcanlı bir Eloğlumuzu, öz halal zəhməti, min-bir əzab-əziyyəti bahasına qazandığı şəxsi vəsaiti ki uf demədən neçə-neçə imkansız ailələrimizə, əlsiz- ayaqsız vətəndaşlarımıza, yüzlərlə balalarımızın (gələcəyimizin!) elminə, təhsilinə maariflənməsinə və s. sərf edən bir vətən oğlumuzdan gərəzli surətdə, düzüb-qoşub, şərləyib, qorxulu və təhlükəli bir düşmən obrazı yaratmağa nə ehtiyac vardır axı?! Görəsən baş verənlər hansı gərəzli və təşkil olunmuş zərurətdən yaranır və ya qaynaqlanır? Onsuz da əlahəzrət zaman hər şeyi öz yerinə qoyacağdır və kimin əsl həqiqətdə kim olduğu da bəlli olacaqdır inşallah! Amma hələlik bizə bəlli olan budur ki, özümüz öz əlimizlə mərdlərimizi qovub namərd edirik. Bəlkə də bizə düz- əməlli bəlli olmayan və məharətlə ört-basdır edilən elə təhlükəli, gizlinlər, təxribatlar, xəyanətlər vardır ki, qondarma “SOCAR”-“PALMALI” oyunu oynamaqla, baş qatıb, əsas məsələlərdən yayındırırlar bizi!
Gəlin etiraf edəyin ki, tarixin müxtəlif dönəmlərində, bir qayda olaraq daima pusquda durub, məgam gözləyən ayıq-sayıq düşmənlərimizin, öz günahımız ucbatından baş verən və yaxud qərəzli məqsədlərlə təşkil edilən, qarşıdurmalardan, parçalanmalardan, hərc mərcliklərdən, ayrı-seçkiliklərdən və s. dərhal sui-istifadə ediblər və öz çirkin,məkirli, təcavüzkar və xəyanətkar əməllərini həyata keçiriblər və yetərincə də bəhrələniblər. Bəs biz neynəmişik? Niyə axı dəfələrlə məruz qaldığımız bu qədər tarixi faciələrdən, qanlı-qadalı qırğınlardan, rüsvayçılıqdan, aşikar vandalçılıqdan və s. bir dəfə də olsa nəticə çıxarmışıqmı, ibrət dərsi almışıqmı? Xeyr…Sadəcə olaraq ara-sıra və kortəbii nələrsə etmişik, kimlərəsə güvənmişik, quru-boş and-amanlara, ağ yalanlara nəticəsi olmayan vədlərə filanlara inanıb, aldanıb oturub gözləmişik.Vəssalam!
Həzrəti Peyğəmbərimiz (S) buyurur – “Görülən işə qiymət, onun nəticəsinə görə verilməlidir.” İnanıb arxayın olub oturmuşuq və növbəti bəlaları gözləmişik. Atalar deyir – “Məni bir dəfə aldadana Allah qənim olsun. İkinci dəfə aldatsa qoy onda Allah mənə qənim olsun!”. Belə olmasaydı əgər, onda yüz illərdir ki, ətimizə yerikləyən, qanımıza susayan və dəfələrlə bizi amansız işğallara, zorən deportasiyalara, qeyri-insani soyqırımlara, vandalizə və s. məruz qoyanlar bəlli ola-ola, dura-dura, onları qoyub, əvəzində, bir-birimizə, kin-kudurət bəsləyib, barışmaz düşmən kimi qənim kəsilməyiniz vallahi-billahi başa düşüləsi mümkünsüz olan bir işdir. Acı və acınaqlı gülüş doğuran bir rüsvayçılıq və nadanlıqdır. Çox təəssüflər olsun bu belə olubdur və yenə də belədir. Bu gün məharətlə təşkil olunan, qərəzli şəkildə qızışdırılan, meydana atılan və surətlə ictimaiələşdirilən “SOCAR-PALMALI” qarşıdurması (ilk öncə rəhbərlər səviyyəsində və şəxsi müstəvidə…) həm də ənənəvi olaraq göz yumduğumuz, əhəmiyyət vermədiyimiz və unutduğumuz o tarixi səhvlərimizin növbəti təzahürü və təkrarıdır. Amma burada daha təhlükəli olan əsas məsələ isə, ilk olaraq ölkə daxili, iki şirkət rəhbəri səviyyəsində başlanan qarşıdurma, mənim fikrimcə daha geniş və məqsədyönlü şəkildə ortaya atılan və planlı surətdə həyata keçirilən, son dərəcə təhlükəli bir təxribatdır.
Möhtərəm cənab Prezidentimiz!
Bu səbəblərdən də, mənim qəti mövqeyim belədir ki, bir tərəfdən qısa bir vaxta, çox böyük məharətlə, uzaqgörənliklə və xüsusi bir canfəşanlıqla hazırlanıb və gündəmə çıxarılan “SOCAR”-“PALMALI” qarşıdurması (SOCAR-ın başladığı) cəmiyyətimizdə çox tez bir zamanda “siyasi bir şouya”, çevrildi və haqlı olaraq ictimaiyyət tərəfindən xoşa gəlməz söz-söhbətlər, arzu olunmaz gərginliklər son dərəcə təhlükəli parçalanmalar, ayrı seçkiliklər, kütləvi etirazlar, aşkar çağırışlar, hədə-qorxular, təhriklər səsləndirildi və bu qarşıdurmalar tələm-tələsik, ölkəmizdən kənara çıxarılıb siyasiləşdirildi… Digər tərəfdən isə, tələm-tələsik ölkəmizdən kənara çıxarılaraq siyasiləşdirilən, bu qarşıdurma, istər-istəməz həm əbədi və əzəli Türkiyə-Azərbaycan qardaşlığına, həm ümummilli birliyimizə, həm xalqımızın əmin-amanlığına, müstəqil Azərbaycanımızın beynəlxalq aləmdə günü-gündən vüsət alan nüfuzuna, həm də geniş-əhatəli, iqtisadi, siyasi, ideoloju və sosial uğurlarına qarşı tarixi düşmənlərimizin ənənəvi olaraq təşkil etdikləri və məharətlə həyata keçirdikləri növbəti təxribatlardan biridir.
Möhtərəm cənab Prezidentimiz!
Hər bir halda biz, bu günlərdə, məhz SOCAR rəhbərinin aşkar günahı və qərəzçiliyi ucbatından, iki nəhəng və dünya şöhrətli şirkətlərimizin arasında baş verən arzu olunmaz və yol verilməz “qarşıdurma” (düşmənçilik həddinə çatdırılmış) səbəbindən təbii ki, daha çox biz özümüz (yuxarıda qeyd etdiyim səbəblərdən) son dərəcə xoşagəlməz və ciddi problemlərlə üz-üzəyik. Bununla belə mən inanıram ki, hər bir halda bu məsələ, bizim öz daxili problemimizdir və onu öz daxilimizdə də, tezliklə həll edib, yoluna qoyacağıq inşallah! Şəxsən mənə görə, (daha doğrusu müşahidələrimə görə) daha təhlükəli olan məsələ isə, bir qayda olaraq tarixin bütün dönəmlərində xalqımıza qarşı, ən çirkin və alçaq vasitələrə əl atan, bu məqsədlərlə də daima məharətlə maskalanıb puskuda durub, fürsət gözləyən kəmfürsət, riyakar, məkirli və xəyanətkar düşmənlərimizin ənənəvi olaraq sui-istifadə etmək təhlükəsidir. Kaş ki, mən öz müşahidəmdə yanılmış olaydım. Atalarımız nahaq yerə deməyiblər ki, – “Ehtiyatlı igidin anası ağlar qalmaz. ”
Möhtərəm cənab Prezidentimiz!
Son olaraq bir qədər uzunçuluq edib, dəyərli vaxtınızı aldığım üçün, rica edirəm ki, məni bağışlayasınız və itirəcəyiniz vaxtınızı da mənə halal eləyəsiniz. Vallahi-billahi neynəmək olar, ürək dolu, deyiləsi-danışılası söz söhbətlər çox, müzakirə olunası ümumi narahatlıq, nigarançılıq və xoşa gəlməz müşkül məsələlər və olaylar isə daha çox. Əvvəla, sizi sevən yalnız sizə inanan, güvənən, etibar edən və yekdil etimad göstərən daima xidmətində durduğunuz xalqımıza xatir… Sonra günahsız balalarımızın şirin canları, qanları, bahasında bir daha əldə etdiyimiz təbərrük Azadlığımız, Müstəqil Dövlətimiz və Dövlətçiliyimizə xatir. Daha sonra müstəqil Azərbaycanımızın xilaskarı, şəksiz qurucusu və baş arxitektoru – dahi Dövlət və siyasət xadimimiz, Ulu Öndərimiz və Ümummilli liderimiz əbədi yaşar Heydər Əlirza oğlu Əliyevin ruhuna xatir… Və nəhayət ən sonda isə həm sizin müsəllah əsgəriniz və daimi seçiciniz, həm ziyalı və Ağsaqqal bir xalq sənətkarı, həm də canımla, qanımla, qəlbimlə, ruhumla təbərrük Azadlığımıza, Müstəqilliyimizə, qədim zəngin və möhtəşəm tariximizə, mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə və s. bağlı olan, adi və sadə bir vətəndaşınız kimi Sizdən təkrar-təkrar, dönə-dönə rica edirəm və yalvarıram.
Möhtərəm və sevimli Prezidentimiz, bizim yeganə arzumuz və qəti istəyimiz, şəxsən sizin özünüz, ali mövqeyinizdən, səlahiyyətinizdən, dünya şöhrətli ad-sanınızdan, nüfuzunuzdan və böyüklüyünüzdən, çıxış edib, son dərəcə çirkin, gərəzli və məkirli məqsədlərlə təşkil olunan planlı və düşünülmüş surətdə (bəli bu belədir) şişirdilən, siyasiləşdirilən, ölkəmizin hüdudlarından kənara çıxarılan və az qala iki qardaş xalqı üz-üzə qoyub, aşikar təhlükəyə çevirən “SOCAR”-“PALMALI” şirkətlərinin səbəb olduqları çox ciddi qarşıdurmaları və s. tez bir zamanda, məhz ölkəmizin daxilində həll edəcəksiniz və artıq məşhuri-cahan olan hökümlü NIDA (!) İşarənizi də qoyacaqsınız inşallah! Biz əminik və inanırıq ki sizin bu tarixi xidmətiniz hər iki qardaş xalqın ürəyincədir!
Möhtərəm cənab Prezidentimiz!
Bir halda ki, uzunçuluq edirəm, onda icazənizlə, şəxsən sizin böyüklüyünüz, xeyirxahlığınız, alicənablığınız və əsl xalq Prezidenti olmağınızla bağlı, çox mühüm, əlamətdar və nümunə göstərdiyiniz tarixi bir fakta da münasibət bildirim. Möhtərəm cənab Prezidentimizin və çox hörmətli I-ci Vitse-Prezidentimiz Mehriban Xanım Əliyevanın “Xocalı” faciəsinin anım mərasimində (təbii ki sizin sayənizdə), uzun illərdən sonra, ilk dəfə xalq arasına çıxan və “Xocalı” faciə kompleksinə ziyarətə gələn ahıl və xəstə hal olan eks-prezident Ayar Mütəllibovla əl tutub görüşüb ona diqqət, qayğı və səmimiyyət göstərməyiniz və bunu Dövlət vasitəsi ilə gedən canlı yayımda bütün aləmin gözü qabağında etməyiniz, xalqımıza, vətənimizə, dövlətimizə və dövlətçiliyimizə verdiyiniz çox önəmli, ibrətamiz, nümunəvi bir dəyər idi. Bununla da siz, bütün zamanlar üçün müstəqil Dövlətimizin, ümummilli birliyimizin, böyük barış, xeyirxahlıq, humanistlik, əxlaq, mənəviyyat, milli-mənəvi dəyər və s. kimi nümunəvi və şərəfli bir tarix yazdınız! Bəli möhtərəm cənab Prezidentimiz, yazdınız və bu nümunəvi və şərəfli tarixlə də siz əsl xalq Prezidenti olduğunuzu əyani surətdə göstərib, təsdiq etdiniz!
P.S.”Biz bir millət, iki Dövlətik!” – H.Əliyev.
P.P.S. “Mübariz Mənsimovun həbs edilməsi bir Azərbaycan vətəndaşı kimi məni də məyus etdi. İnanıram və ümid edirəm ki, qardaş Türkiyə dövləti qısa zamanda Mübariz bəyin günahsız olduğunu və “FETÖ” terror təşkilatı ilə heç bir əlaqəsi olmamasına dair qərar verib Mübariz bəyin həbsinə xitam verəcəkdir.”
Dərin hörmət, izzət, ehtiram və qürur hissi ilə,
Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatı və əməkdar incəsənət xadimi, kino rejissor, aktyor, ictimai xadim Şeyx Əbdül Mahmudbəyov və xeyirxah, vətənpərvər, milli ruhlu və ziyalı əqidədaşlarınız və daimi seçiciləriniz – Surxay Əliyev, Fərhad Kazımov, Vüsal Məmmədov, Oktay Əliyev, Ramiq Məmmədov və s.”

Mənbə: aktualxeber.az