Azərbaycanı qınamayacaqlar: “Biz terror yox, anti-terror siyasəti yeridirik”

Azərbaycanı qınamayacaqlar: “Biz terror yox, anti-terror siyasəti yeridirik”

Azərbaycan Respublikasının Ermənistanla dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.

Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, 4 aprel tarixində saat 22:20-dən 23:05-dək Qazax rayonunun Abbasbəyli kəndi, habelə Fərəhli və Məzəm kəndlərinə gedən magistral yolda hərəkət edən hərbi və mülki nəqliyyat vasitələri İcevan rayonunun Berkaber kəndi yaxınlığında yerləşən düşmən bölmələri tərəfindən iri çaplı pulemyotlardan və snayper silahlarından intensiv atəşə tutulub.

Bu səbəbdən həmin magistral yolda hərəkətə məhdudiyyət qoyulub. Düşmən təxribatının qarşısı alınıb. Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub, nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Düşmən ordusunun təxribatını "Sherg.az"a şərh edən politoloq, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının fikrincə, müharibəyə başlamaq lazımdır:

"Ermənistan açıq- aydın bizi təhdid edir, hədə-qorxu gəlir. Biz sakit qaldıqca bu təhdidlər daha da artacaq. Buna imkan verməmək üçün müharibəyə başlamaq lazımdır. Yeganə variant budur".

Politoloq, həmçinin bildirib ki, koronavirus pandemiyası da bizim üçün əlverişli şərait yaradır:

"Ermənistan düşünür ki, bütün diqqətlər koronavirus pandemiyasına yönəldiyi üçün onların təxribatları nəzərdən yayınacaq. Amma belə deyil. Koronavirus bizə də əlverişli şərait yaradır. Hər dövlətin, o cümlədən Amerikanın, Rusiyanın başı özünə qarışıb. Düşmənlə təkbətək qalmışıq. Bundan istifadə etmək şərtdir. Tarixi torpaqlarımıza qovuşmaq vaxtı yetişib".

A.Nağının sözlərinə görə, müharibə başlanacağı təqdirdə heç bir dünya dövləti Azərbaycanı qınamayacaq:

"Həm də biz terror yox, anti- terror siyasəti yeridirik. Azərbaycan hələ ki, "fasiləli zərbə"lərdən istifadə edir. Bilirəm, bu da bir döyüş taktikasıdır. Amma fasilələri illərlə uzatmaq yox, 4-5 aydan bir etmək lazımdır".

Mənbə: sherg.az