Yaponiya hökuməti fövqəladə vəziyyətin elan olunması barədə qərarın qəbulu zamanı tərəddüd etməyəcək

Yaponiya hökuməti fövqəladə vəziyyətin elan olunması barədə qərarın qəbulu zamanı tərəddüd etməyəcək

Tokio, 6 aprel, AZƏRTAC

Yaponiya hökuməti fövqəladə vəziyyətin elan olunması barədə qərarın cəmiyyətə və iqtisadiyyata təsirindən asılı olmayaraq, onun qəbulu zamanı tərəddüd etməyəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə bəyanat aprelin 5-də Tokioda 143 nəfərin COVID-19-a yoluxması barədə xəbər yayıldıqdan sonra verilib.

Koronavirusla mübarizə işinə rəhbərlik edən nazir Nişimira Yasutoşi bəyan edib ki, ölkədə vəziyyət böhran həddinə çatıb. Vaxtı çatanda hökumət tərəddüd etmədən fövqəladə vəziyyət elan edəcək.

Bu zaman koronavirusun ağır simptomlarının aşkar edildiyi xəstələrin çoxluğu səbəbindən səhiyyə sistemi çətin vəziyyətə düşən rayonlara üstünlük veriləcək. Həmçinin aprelin 7-dən başlayaraq Tokioda yüngül simptomların aşkar olunduğu xəstələr mehmanxanalara köçürüləcək.

Eyni zamanda, tibbi maskalara olan tələbatı ödəmək üçün istehsalın artırılması, parçadan hazırlanan tibbi maskalara üstünlük verilməsi nəzərdə tutulur.

Bununla yanaşı, aprelin 7-də hökumətin fövqəladə iqtisadi tədbirlər paketini qəbul edəcəyi də bildirilir. Həmin paketdə yeni koronavirusa görə gəlirləri kəskin azalan ailə təsərrüfatlarının hər birinə 2800 dollar həcmində maliyyə yardımının ödənilməsi nəzərdə tutulur

Mənbə: azertag.az