Kiber Komandanlığa dair nümunələr və təşkilatlanma - VII YAZI (ANALİZ)

(VII yazı. VI yazını BURADAN oxuya bilərsiniz) Nümunə tədqiqatlar
Aşağıdakı bölmə Estoniya, Finlandiya, Almaniya, Hollandiya və Norveçdəki kiber komandanlıqların missiyaları, təşkilati strukturları və əsas funksiyalarını təsvir edəcək. Bu bölmədəki məlumatlar, əsasən, açıq mənbələrdən, eləcə də hökumət və silahlı qüvvələrin strategiyaları, doktrinaları, milli qanunvericilik, veb-saytları, mətbuat məqalələri, hesabatları və digər mənbələrdən toplanıb. Bundan əlavə, bu araşdırmanın müəllifi beş ölkədən mövzu üzrə ekspertlər ilə 10 müsahibə aparıb.
Hər bir ölkənin hərbi kiber müdafiə qüvvələri haqqında ictimaiyyətə açıqladığı məlumat dəyişir. Buna görə də, nümunə tədqiqatları hər bir ölkənin xüsusi funksiyaları və təşkilati quruluşu haqqında ətraflı məlumat səviyyəsində fərqliliklər meydana çıxarır ki, bu da müəllifin müvafiq məlumatları toplaya bilmə dərəcəsini əks etdirir.
Norveç: Kiber Müdafiə Qüvvələri
Strateji Təlimatlar

Norveçin ilk milli səviyyəli kibertəhlükəsizlik strategiyası 2003-cü ildə nəşr olunub. Kibertəhlükəsizlik strategiyasının son versiyası 2012-ci ildən hazırlansa da, 2018-ci ildə yenilənmiş bir versiya üzərində işlənilib. 2017-ci ilin sentyabrında “Norveç üçün Beynəlxalq Kiber Strategiya” nəşr olunub. Ancaq sənəddə Silahlı Qüvvələrin kiber imkanlarının inkişafı üçün hökmlər nəzərdə tutulmur. Strategiya bütün dövlət orqanları üçün prioritetləri müəyyənləşdirir və hərbi kiber məkanın inkişaf imkanlarına açıq istinad etmir.
Norveç Müdafiə Nazirliyi 2014-cü ildə Silahlı Qüvvələrin kiber məkan imkanlarının inkişafını təsvir edən strateji səviyyədə bir sənəd hazırlayıb. Bu sənəd Silahlı Qüvvələrin kiber müdafiə və hücum əməliyyatlarının inkişafını da nəzərdə tutur. Bu və digər ictimaiyyətə təqdim olunan strateji sənədlərə əsasən, Norveçin kiber məkan əməliyyatları Silahlı Qüvvələrin müstəqil əməliyyatları kimi yerinə yetirilir və quru, hava, dəniz və ya birgə əməliyyatları dəstəkləmək məqsədilə həyata keçirilir.

Məlumatlara görə, 2018-2020-ci illər arasında müdafiə sektorunun IKT idarəçiliyi müasirləşdiriləcək və hərbi Kompüter İnsidentlərinə Cavab Bacarığının (CIRC) məsuliyyəti genişləndiriləcək. CIRC, Kritik İnfrastrukturun Müdafiəsi Mərkəzi adlanır və Kiber Müdafiənin bir hissəsidir.

Norveçdə hökumət beynəlxalq hərbi birliklərin yerləşdirilməsinə qərar verir.

Təşkilatlanma

Norveç Silahlı Qüvvələri dörd hərbi xidmətə bölünür: quru qoşunları, donanma, hava qüvvələri və daxili qvardiya. Norveç Silahlı Qüvvələri Kiber Müdafiə Qüvvələri də daxil olmaqla 14 fərqli departament və şöbədən ibarətdir. Norveç Kiber Müdafiə Qüvvələri, 2012-ci ilin sentyabr ayında Norveç Hərbi İnformasiya İnfrastrukturu təşkilatının adının dəyişdirildiyi və statusunun müstəqil bir müdafiə departamenti və ya filialına yüksəldildiyi bir tarixdə qurulub. Kiber Müdafiə Qüvvələri, hərbi kəşfiyyat, xüsusi əməliyyatlar, hərbi polis, logistika, tibbi xidmətlər və s. kimi digər dəstəkləyici imkanlarla birgə qabiliyyət təşkil edir. Kiber Müdafiə Qüvvələrinin komandanı birbaşa Baş Qərargah rəisinə tabedir.

Kiber Müdafiə Qüvvələri (KMQ) aşağıdakı şöbələrdən ibarətdir:

1) KMQ-nin Kommunikasiya və İnformasiya Sistemləri alayı, Əməliyyatlar Mərkəzi də daxil olmaqla;
2) Kiber Təhlükəsizlik Mərkəzi, Kompüter İnsidentlərinə Cavab Bacarığı (CIRC) daxil olmaqla;
3) KMQ-nin Silahlar Məktəbi;
4) KMQ-nin IKT Xidmətləri;
5) KMQ Bazası və Həyəcan Xidmətləri.

2017-ci ildə KMQ-nin illik büdcəsi təxminən 1,86 milyon kron (197,000 Avro) və ya illik hərbi büdcənin 5,5 faizini təşkil edib. Həmin il, ümumi işçi qüvvəsi (mülki, professional hərbçi və əsgər) 1230 nəfər idi.

Funksiyalar


KMQ, Silahlı Qüvvələrin kiber sahədə fəaliyyət azadlığını dəstəkləyir. IKT ilə əlaqəli hərbi xidmətləri və infrastrukturu, eləcə də ölkədə və xaricdə icraedici və digər məlumat şəbəkələri, sistemləri və platformaları da daxil olmaqla, bu sahələrdə fəaliyyət göstərir və onların işləkliyini saxlayır. Bundan əlavə, KMQ kiber müdafiə əməliyyatlarını planlaşdırır və yerinə yetirir. Rəsmi funksiyalara sensor və radar məlumatlarının təmin edilməsi, IKT ilə əlaqədar təlimlərin təşkili və silahlı qüvvələr üçün təlimlər və texnoloji biliklərin inkişaf etdirilməsi daxildir. KMQ kiber hücum əməliyyatları üçün vəzifə daşımır. Kiber müdafiə ilə əlaqədar satınalma proqramları Norveç Müdafiə Materialları Agentliyi tərəfindən idarə olunur.

Situasiyadan xəbərdar olma və kiber hücum əməliyyatları

Kəşfiyyat, Müşahidə və Araşdırma – KMA (ISR) və kiber hücum əməliyyatları Norveç Kəşfiyyat Xidmətinin məsuliyyətindədir. Norveç Kəşfiyyat Xidməti Silahlı Qüvvələrin bir hissəsidir. Xidmət BQ rəisinə tabe olsa da, bütün hökumət aparatları üçün xidmət göstərir. Beləliklə, bu qurum hərbi və xarici kəşfiyyat funksiyalarını vahid bir təşkilatda birləşdirir. Onun əsas missiyaları xarici təhlükələr barədə erkən xəbərdarlıq etmək və silahlı qüvvələrin əməliyyatlarını ölkədə və xaricdə həyata keçirməkdir. Bunu həyata keçirmək üçün xarici dövlətlər, təşkilatlar və fərdlərlə bağlı məlumatların toplanması, emalı və təhlili həyata keçirilir.


Xidmət kiber sahədə aşağıdakı vəzifələri yerinə yetirir:

• Kiber təhdidlərin erkən xəbərdarlığının təmin edilməsi;
• Birləşdirilmiş Kiber Koordinasiya Mərkəzinin bir hissəsi kimi kiber vəziyyətlə bağlı xəbərdar olmaqla əlaqədar yardım göstərilməsi;
• Polis, Norveç Milli Təhlükəsizlik Təşkilatı (NSM), Kiber Müdafiə və digər müvafiq orqanlarla kiber məkan əməliyyatlarının koordinasiya edilməsi.

Norveç Birləşdirilmiş Kiber Koordinasiya Mərkəzi təhlükəsizlik qurumları arasında koordinasiya mexanizmidir və çox ciddi kiber hücum halında aktiv fəaliyyətə keçir.

Norveç Milli Təhlükəsizlik Təşkilatı (NSM) milli əhəmiyyətli informasiya və infrastrukturun qorunmasına nəzarət edir. Norveçin milli Kiber Əməliyyatlar Komandası da NSM-nin tərkib hissəsidir. NSM administrativ olaraq Müdafiə Nazirliyinə tabedir və əlavə olaraq Ədliyyə Nazirliyinə və Polisə hesabat/məlumat verir. Kiber təhlükəsizlik sahəsində NSM, həyati vacib infrastrukturlara qarşı və ya həyati əhəmiyyətli xidmətlərə qarşı ciddi kiber hücumların erkən xəbərdarlıq, informasiya mübadiləsi və əlaqələndirilməsinin idarə olunmasından məsuldur. Milli həyati vacib infrastrukturlara qarşı hücumlara dair bildiriş təqdim edir. Milli təhlükəsizliyin qiymətləndirməsini nəzarətdə saxlayır. Qurumun əlavə vəzifələrinə məlumatların toplanması və təhlili daxildir. Bu fəaliyyət Norveçin təhlükəsizlik xidmətləri, informasiya sistemlərinin monitorinqi və nüfuz edilməsi, texniki müşahidə tədbirlərinin həyata keçirilməsi və kripto təhlükəsizliyin təmin edilməsi ilə bağlıdır.


Beləliklə, Norveç Kəşfiyyat Xidməti və Milli Təhlükəsizlik Təşkilatı (NSM) həm müdafiə, həm də hücum edən kiber məkan əməliyyatlarını həyata keçirmək üçün məsuliyyət daşıyır. Müdafiə kiber məkan əməliyyatlarını planlaşdırmaq və həyata keçirmək üçün Kiber Müdafiə Qüvvələri, kiber vəziyyətdən xəbərdar olmanı təmin etməli və hər iki təşkilatla sıx əməkdaşlıq etməlidir.

Mülki hakimiyyət orqanlarına yardım

Baş Qərargah rəisi və heyəti qanuni öhdəliklərinə uyğun olaraq mülki hakimiyyət orqanlarına kiber müdafiə sahəsində köməklik edə bilər. Bununla belə, Norveçdə Kiber Müdafiə Qüvvələri, hazırda kiber hadisələrə qarşı həyati vacib milli infrastrukturun qorunmasında bu cür yardımın göstərilməsi üçün məsuliyyət daşımır.

Hal-hazırda nəzərdən keçirilən yeni Norveç Təhlükəsizlik Qanununa görə, Milli Təhlükəsizlik Təşkilatı (NSM) həyati vacib milli infrastruktura və ya əsas xidmətlərə qarşı kiber hücumların qarşısının alınmasında tənzimləyici rol oynayır. Kiber təhlükəsizliklə əlaqədar qurumlar vacib özəl sektoru da qorumaqla bağlı dəstəyini göstərir. Bununla belə, neft-qaz sektoruna qarşı böyük kiber hücuma milli səviyyəli reaksiya yavaş və yetərsiz ola bilər.

Dəyanət Ağalarlı
Ordu.az

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Futbolun 90 illik adəti

SONRAKI XƏBƏR

Türk alimləri bir neçə xəstəyə kömək edə biləcək tənəffüs aparatı hazırlayıblar