Həbsdə olan erməni polkovnik Ermənistan BQ rəisi tərəfindən təqibə məruz qalır - FAKTLAR

Həbsdə olan erməni polkovnik Ermənistan BQ rəisi tərəfindən təqibə məruz qalır - FAKTLAR

Ermənistanda ehtiyatda olan polkovnik Vahan Avetisyan Paşinyana müraciət edib və Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyan və onun müavini Stepan Qalstyan tərəfindən təqibə məruz qaldığını bildirib. Ordu.az emrəni KİV-lərinə istinadən müraciəti təqdim edir:
“Hörmətli cənab Baş nazir, ehtiyatda olan polkovnik Vahan Avetisyan sizə müraciət edir. 1992-ci ildən 14 yanvar 2019-cu ilədək Silahlı Qüvvələrdə xidmət etmişəm. Hakimiyyət dəyişikliyindən sonra 2018-ci ildə əsaslı bir peşəkar fikir bildirmək və Silahlı Qüvvələr üçün “Su-30” təyyarələrinin alınmasının məqsədəuyğunluğunu şübhə altına almağa cəsarət etmişəm.
Bundan dərhal sonra Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyan və onun müavini Stepan Qalstyan tərəfindən təqibə məruz qalmışam, bu da 2018-ci ilin oktyabr-dekabr aylarında fəaliyyətlərimin davamlı və hərtərəfli yoxlanılması cəhdləri ilə özünü biruzə verdi, nəticədə məni ləkələmək və məndən yaxa qurtarmaq üçün əsas verən heç bir ciddi nöqsan və ya pozuntu aşkar edilməyib.
Bunun ardınca, 14 yanvar 2019-cu ildə məni Silahlı Qüvvələrdən qanunsuz olaraq “səhhəti ilə əlaqədar olaraq” bəhanəsi əsasında 1 gün içərisində tərxis etdilər, buna səbəb Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyanın Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Tibb Komissiyasının sədrinə etdiyi qanunsuz göstəriş oldu.
Silahlı Qüvvələrdən tərxis olunduqdan sonra, Parlamentin Müdafiə və Təhlükəsizlik Daimi Komitəsinin sədri Andranik Koçaryanın dəvəti ilə 2019-cu ilin may ayında adı çəkilən komissiyada əlaqələndirici ekspert kimi işə götürüldüm. Komissiya üzvlərinin səs verməsi ilə yekdilliklə Aprel döyüşünün detalları ilə bağlı araşdırma komissiyasında hərbi ekspert seçildim. Bildirirəm ki, adı çəkilən komissiyada yeganə hərbi ekspertəm və adı çəkilən komissiyanın işinin müsbət irəliləyişi, əsasən fəaliyyətimin səmərəliliyi ilə əlaqədardır.
Bundan dərhal sonra Silahlı Qüvvələrin rəhbərliyi lazımi sənədləri tam əldə etməməyim, Aprel döyüşünün detalları ilə bağlı materialları tam öyrənə bilməməyim, bu generalların buraxdığı nöqsanlar və bunun nəticəsində əlimizdə olan nəticələri ifşa etməməyim üçün müntəzəm olaraq Aprel döyüşünün detalları ilə bağlı araşdırma komissiyasında fəaliyyətimə qanunsuz olaraq maneə törətməyə çalışdı.
Arzu edilən nəticəni əldə etmədikdə A. Davtyan və S.Qaltsyanın himayədarı olan məsləhətçiniz general-leytenant Arşak Karapetyanın vasitəsi ilə mənə təzyiq göstərməyə və qorxutmağa çalışdılar. Hədə-qorxu gəldilər və Aprel döyüşünün detalları ilə bağlı materialların araşdırılmasından məni uzaqlaşdırmaq üçün istənilən tədbiri görəcəklərini bildirdilər. Əslində faktiki olaraq, onlar məqsədlərinə çatdılar. Qəflətən MTX tərəfindən cinayət işi başlandı və buna görə hazırda müttəhim statusundayam. Hazırda, mən istəsəm də belə vəzifəmdən asılı olaraq edə bilməyəcəyim ictimai təhlükəli bir hərəkət etməkdə ittiham olunuram.
Baş verənləri ümumiləşdirərək, qərara gəldim ki, mənə qarşı edilən qanunsuz təqiblərin yeganə səbəbi Andranik Koçaryanın dəvəti və mənim Aprel döyüşlərinin detallarını araşdıran komissiyada hərbi ekspert kimi fəaliyyət göstərməyə verdiyim razılıq cəsarətimdir. İşlərimi bu vəzifədə davam etdirsəydim, bu, bir sıra generalların karyeralarının bitməsinin başlanğıcı ola bilərdi. İnanıram ki, öz fəaliyyətimlə “Su-30” təyyarələrinin alınması və sonrakı istismarı zamanı gözlənilən gəlirlərlə əlaqədar yuxarıda göstərilən cinayətkar qrupun korrupsiya sövdələşmələrinə və dörd günlük müharibə zamanı ölkəmizdə baş verən mənəvi, maddi, ərazi və insan itkilərinin əsas günahkarların ifşa olunmasına təhlükə yaratmışam.
Hörmətli Baş nazir, əminəm ki, Aprel döyüşlərinin bütün detallarının üzə çıxarmasında və günahkarları məsuliyyətə cəlb etməkdə maraqlısınız və günahkarlar, əldə edilən məlumata görə, təsəvvür edə bilməyəcəyiniz qədər sizə yaxındırlar. Eyni zamanda bildirmək istərdim ki, Gorus şəhərində kampaniya zamanı özünüzdən asılı olmadan, istintaqa yol göstərib rəhbərlik etməklə əsassız bir bəyanatla günahsızlıq prezumpsiyamı pozdunuz. Belə olan halda əminəm ki, heç bir müstəntiq, Milli Təhlükəsizlik Xidmətinə yeni təyin olunmuş direktor və ya hakim sizin ifadənizin əleyhinə çıxmağa, ədalətli istintaq və ya məhkəmə keçirməyə cəsarət etməz.
Cənab Baş nazir, bu cinayət işini birbaşa nəzarətinizə götürməyinizi və ətrafınızdakı hərbi elitanın Aprel döyüşlərini araşdıran İstintaq Komissiyasının işini əngəlləməkdə əsas məqsədinə çatmasına imkan verməməyinizi xahiş edirəm. 2019-cu ilin mayından etibarən 27 fevral 2020-ci ilə qədər Aprel döyüşləri ilə əlaqəli minlərlə gizli və tam məxfi sənədləri rəsmi olaraq araşdırdığıma, redaktə etdiyimi və təhlil etdiyimi nəzərə alsaq, İstintaq Komissiyasında müstəsna əhəmiyyətə malik olmuşam. Mən komissiyada fəaliyyət göstərən yeganə ekspertəm, ona görə hesab edirəm ki, mənim olmadığım müddətdə komissiya toplanmış məlumatları, təhlil etdiyim faktiki məlumatları ümumiləşdirə və düzgün nəticəyə gələ bilməyəcək. Yuxarıdakıları nəzərinizə çatdırdıqdan sonra nəticə çıxarmağı sizin ixtiyarınıza buraxıram.
Hörmətlə, Ermənistan Ədliyyə nazirliyinin “Yerevan-Kentron” cəzaçəkmə müəssisəsinin məhbusu”.
Erməni mətbuatından əldə edilən məlumatlara görə polkovnik Vahan Avetisyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının Radioelektron mübarizə (REM) şöbəsinin rəisi olub. Hazırda, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının Radioelektron mübarizə (REM) şöbəsinin rəisi olan polkovnik Artur Kumelov bu vəzifəyə sələfi polkovnik Vahan Avetisyanın tərxis edildiyi 14 yanvar 2019-cu il tarixində təyin edilib.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az