Ermənilər arasında çəkişmə Qarabağ münaqişəsinin həllini tezləşdirə, “seçki şousu” Paşinyanın sonu ola bilər...

Ermənilər arasında çəkişmə Qarabağ münaqişəsinin həllini tezləşdirə, “seçki şousu” Paşinyanın sonu ola bilər...

Zəbt edilmiş Azərbaycan ərazilərində təşkil edilən “seçkilər” burada formalaşmış separatçı relimlə İrəvan arasında münasibətlərin daha da kəskinləşməsi ilə müşayiət olunmaqdadır. Belə görünür ki, “Qarabağ klanı” baş nazir Nikol Paşinyanın burada öz adamını yerləşdirmək cəhdi ilə barışmaq istəmir. Elə bu da onlarla Paşinyan hakimiyyəti arasında ziddiyyətləri daha da dərinləşdirir. Hesab olunur ki, bu ziddiyyət daha da dərinləşməyə doğru getsə, tərəflərdən hər ikisi zəif duruma düşəcək.

Erməni mediası yazır ki, hadisələrin bu səpkidə inkişaf axarı onlar üçün böyük problem yaradacaq. Məsələn, “İrates” qəzeti yazır ki, tərəflər arasında artan qarşıdurma ən müxtəlif sahələrdə özünü yenidən qabarıq büruzə verəcək:“Bu ziddiyyət, əslində hər iki tərəf üçün böyük problemlər deməkdir. Belə ki, “Qarabağ klanı”na daxil olanlar hələ də iqtisadi cəhətdən böyük resurslara malikdir. Onlar Ermənistan daxilində iqrisadi durumu destabilizasiya etmək üçün lazımı, resursları, o cümlədən maliyyəni əllərində saxlayır. Paşinyan iqtidarı üçün isə istənilən vaxt hüquqi, inzibati resursları işə salmaq problem deyil. Bu vəziyyətdə tərəflər Qarabağda yenidən üz-üzə gəlir. Hər iki tərəf burada öz adamını görmək istəyir. Onların bu çəkişməsi, həyatın bütün sahələri ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin gedişinə də ermənilərin maraqlarına zidd şəkildə təsir göstərə bilər. Çünki bu çəkişmədə tərərflərin zəifləyən mövqeyi Azərbaycan tərəfindən də aydın sezilir”.

Elə “1in.am” portalı da eyni mövqedən çıxış edir. Portal yazır ki, Dağlıq Qarabağda 31 martda keçirilən “seçkilərin” nəticələrinə görə liderlər sabiq “baş nazir” Araik Arutyunyan və “xarici işlər naziri” Masis Mailyandır:“Paşinyan iqtidarı Araik Arutyunyanı Qarabağda “prezident” postunda görmək istəyir. “Qarabağ klanı” isə digər namizədə stavka edir. Amma əslində, Araik Arutyunyan da əvvəllər “Qarabağ klanı”nın təmsilçilərindən sayılırdı. Eyni zamanda, məsələnin başqa tərəfi də mövcuddur. Geniş qəbul olunan belə bir fikir var ki, Qarabağın zəngin adamlarından biri olan, 10 ilə yaxın “baş nazir” işləyən Araik Arutyunyan Paşinyana tərəf meyllənir. O, İrəvana münasibətdə taktiki mülahizələrə görə loyal siyasət izləyib. Arutyunyan “məxməri inqilab”dan dərhal sonra Ermənistanda gedən dəyişikliklərə, həqiqətən, xüsusi loyallıqla yanaşıb. Bu səbəbdən Paşinyan üçün məqbul şəxsdir”.

Bu "seçkilər" biabırçı "seçkilər"dir, ... bununla ləyaqət hisslərimizlə oynamağa çalışıblar"

Yaranmış vəziyyətdə “Qarabağ klanı” Ermənistan hakimiyyətinə ünvanlanmış etiraz aksiyaları təşkil edir. Belə ki, bu günlərdə işğal altında olan Qarabağda yaşayan ermənilər etiraz aksiyası təşkil edib. Etiraz aksiyası "İnqilabçı partiya" tərəfindən Xankəndi şəhərində təşkil olunub. Aksiyaçılar bir neçə gün öncə keçirilən qanunsuz "seçkilər"in nəticələrinə etiraz edib və onu ləğv etməyə çağırış ediblər. Partiyanın sədri Artur Osipyan bildirib:"Bizim tələblərimiz budur ki, "seçkilər"i ləğv etmək, yenidən "seçkilər" elan etmək lazımdır. Bu "seçkilər" biabırçı "seçkilər"dir, bunlar qəbuledilməz "seçkilər"dir, bununla ləyaqət hisslərimizlə oynamağa çalışıblar". Osipyanın çıxışı zamanı bəzi şəxslər arasında mübahisə başlayıb və Osipyan təxribatlara əl atmamağa çağırış edib. Onun sözlərinə görə, təxribatlara əl atanlar Araik Arutyunyanın tərəfdarları olub. Bununla belə, narazı ermənilər "seçkilər"in mənasız olduğunu deyiblər. Onlar növbəti saxtakarlığa yol verilməyəcəyini də xüsusi qabardıblar. Digər tərəfdən, Paşinyanın adamının aprelin 14-də keçiriləcək ikinci turda separatçı rejimin başına keçməsini əngəlləmək üçün “Qarabağ klanı” koronavirus problemini də xüsusi qabartmağa başlayıb. Bu fonda "ArmNews" telekompaniyasının departament rəhbəri Abraam Qasparyan qeyd edir: "Koronavirus Dağlıq Qarabağa çatsa, bunun məsuliyyətini Ermənistanın baş naziri və səhiyyə naziri daxil olmaqla, 6 nəfər daşıyacaq". Onun sözlərinə görə, Ermənistanın burada böyük məsuliyyəti var:"Bizim məmurların bunun "suveren dövlətin daxili qərarı" olduğunu, Ermənistanın "demokratik dövlətin" işlərinə müdaxilə etməməsini söyləməsi qəbuledilməzdir. Pandemiya Qarabağa çatsa, burada 6 nəfər məsuliyyət daşıyacaq: Ermənistan prezidenti, baş naziri, Təhlükəsizlik Şurasının katibi, səhiyyə naziri, "Qarabağın prezidenti" və "səhiyyə naziri". Qasparyan əlavə edib ki, 14 apreldə "seçkilərə" getmək avantüradır:"Ümid edirəm ki, İrəvan siyasi ambisiyalar naminə hər kəsi fakt qarşısında qoyaraq "seçkilərə" getməyin zərərini anlayacaq". “1in.am” portalı da məsələyə eyni prizmadan yanaşır:“Qarabağda keçiriləcək ikinci turdan öncə İrəvandan necə bir siyasi siqnalın gələcəyi də çox vacibdir. Əlbəttə, virusun İrəvandan Qarabağa yayılmaması mühümdür, çünki bu, “seçkilərin” ikinci turunun keçirilməsinin təminatıdır. Amma virus burada tapılsa, “seçkilər” baş tutmayacaq. “Qarabağ klanı”na yaxın olanlar hələ müəyyən müddət “hakimiyyət” başında qalacaq. Yəni söhbət ikinci turdan gedirsə, burada koronavirusla bağlı vəziyyətin necə olacağı, əlbəttə, əhəmiyyətlidir. Birinci turun keçirilməsi “seçkilərin” təxirə salınması çağırışları ilə müşayiət olundu, lakin siyasi qərar dəyişmədi. Bu dəfə durum necə olacaq? Seçkilərin təxirə salınması çağırışı ilə ilk dəfə adı Serj Sarkisyan və Robert Köçəryanla assosiasiya olunan Vitali Balasanyan çıxış etmişdi. İndi maraq doğuran odur ki, klan seçkilərin təxirə salınması ilə bağlı özünü bundan sonra necə aparacaq. Bu tələbi irəli sürərək və ya ümumiyyətlə seçkilərin nəticələrinin ləğv edilməsi gündəliyi ilə daha aqressiv hərəkətlərə baş vuracaqmı? Bunlar cari durumla bağlı yarana biləcək suallardır. Amma virus məsələsini ön plana çəkib seçkiləri təxirə salmaq gündəmdən çıxmayıb”.

“...bu “seçkilər” Qarabağda yaşayanları risqə atıb və tezliklə hökmən koronavirusa yoluxma halları açıqlanacaq”

Bütün bunlar o deməkdir ki, aprelin 14-nə təyin edilmiş “ikinci tur” baş tutmaya bilər. Terrorçu “Sasna tsrer” partiyasının tərəfdarı olan keçmiş səfir, “Modus vivendi” mərkəzinin rəhbəri Ara Papyan bildirir ki, bu halda Paşinyan niyyətinə çatmayacaq. Onun sözlərinə görə, bütün dünyada kütləvi tədbirlərin ləğv edildiyi, karantin tətbiq olunduğu bir vaxtda Qarabağda insanları “seçki məntəqələrinə” aparmaq virusun yayılması üçün böyük risq yaradıb:“Deyirlər ki, Qarabağda yoluxma halı aşkarlanmayıb. Kim bunu axtarıb? Cəmi 29 nəfərdən analiz götürüblər. Üstəlik, mən orada olmasam da dostlarım bildirir ki, bu “seçkilər” hansı pozuntularla keçib. Müxtəlif formalarda rüşvət verilməsi, “seçicilərin” ələ alınması, onlara təzyiqlər və təhdidlər barədə nəhəng həcmdə informasiyalar daxil olub”. Papyan deyib ki, bu “seçkilər” Qarabağda yaşayanları risqə atıb və tezliklə hökmən koronavirusa yoluxma halları açıqlanacaq:“Çünki daha bunu gizlədə bilməyəcəklər. Üstəlik, ikinci turun olması vəziyyəti daha da mürəkkəbləşdirir. Dəyişən isə heç nə olmayacaq. Çünki Qarabağdakı cinayətkar rejimin iki nömrəli adamı olmuş Arutyunyan pulla və inzibati resurslarla nəticələri artıq öz xeyrinə təmin edib. Birinci yerdə Araik Arutyunyandır. O, Qarabağda birinci oliqarxdır, qoy heç kim deməsin ki, onun əldə etdiyi sərvətlər qanunidir. İndi Arutyunyan bu sərvətləri qanunsuz olaraq vəzifə almaq üçün sərf edir. Əgər xərcləyirsə, deməli ümid edir ki, vəzifədə olanda daha artığını əldə edəcək. Paşinyan da siyasi maraqları naminə onun qanunsuz əməllərinə göz yumur”. Ara Papyanın fikrincə, Arutyunyan əvvəllər köhnə klanın nümayəndəsi kimi həm keçmiş prezident Serj Sarkisyanı, həm də baş nazir Paşinyanı qane edirdi:“Amma sonradan onun Paşinyana daha çox yaxınlaşması köhnə klanı narazı saldı. Klan hesab edir ki, bu şəxs Qarabağda onların mövqeyini zəiflədəcək. Bu səbəbdən daha güclü şəkildə, etiraz aksiyaları da daxil olmaqla, müqavimət təşkil edirlər. Bu isə bütün ermənilər üçün ciddi problem yarada bilər. Hətta Qarabağ münaqişəsinin gedişi baxımından da. Lakin belə görünür ki, maraqlar və ziddiyyətlər fonunda Qarabağ məsələsi arxa plana da atıla bilər. Bu məsələdə ölkənin siyasi və daxili siyasi həyatının hansı dəyər sistemi və şüur üzərində qurulduğu vacibdir. Bu məsələ isə Ermənistanda açıqdır, buna görə təhlükəsizlik məsələsi əsasən ordunun çiyinlərində qalmaqdadır. Ordu isə tənəzzüldədir. Belə vəziyyətdə koronavirus orduda yayılsa, Qarabağdan əsər-əlamət qalmayacaq”.

“...bugünkü vəziyyətin cavabdehi Ermənistanın səhiyyə naziri Arsen Torosyan və Nikol Paşinyandır”

Ermənistanın Demokratik Vətən Partiyasının sədri Petros Makeyan da eyni fikirdədir:“Əgər səhiyyə naziri, daha sonra da Paşinyan koronavirusla bağlı vəziyyəti düzgün qiymətləndirsəydilər, bu cür mənzərəyə sahib olmazdıq, vəziyyətin məsuliyyətini onlar daşıyır. İndi də virusu Qarabağda yaymaqdan çəkinmirlər. Koronavirus problemi bütün dünyada var. Faktlarla, gecikmiş fəaliyyətlərlə qiymətləndiririk. Səlahiyyətlilər digərlərini dinləməmək kompleksindən qurtulmalıdırlar, bugünkü vəziyyətin cavabdehi Ermənistanın səhiyyə naziri Arsen Torosyan və Nikol Paşinyandır. İndi onlar maraqları naminə virusun Qarabağda yayılma təhdidini önləmək istəmirlər. Amma sonda bunun Qarabağın Azərbaycana qayıtmasına gətirib çıxaracağını da düşünə bilmirlər”.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Mənbə: www.baki-xeber.com