ABŞ Səhiyyə rəsmiləri: Koronavirusdan yüksək sayda ölüm halları qarşıdadır

ABŞ Səhiyyə rəsmiləri: Koronavirusdan yüksək sayda ölüm halları qarşıdadır

ABŞ rəsmiləri koronavirusun yayılması ilə əlaqədar ölkə üzrə qarşıdan gələn həftənin ağır olacağına dair xəbərdarlıq edib.

“Düzünü desək, bu, bir çox amerikalının həyatının ən ağır və ən kədərli həftəsi ola bilər" - deyə, ABŞ-ın baş cərrahı Cerome Adams "Fox News Sunday“-ə açıqlama verib. "Bu, 11 sentyabr, Pörl Harbor zamanı kimi anlar olacaq, amma lokallaşmayacaq. Bu, ölkənin hər yerində olacaq ”.

Brifinqdə jurnalistlərə açıqlama verən ABŞ Prezidenti Donald Tramp nikbinlik ifadə edərək, "tunelin sonunda bir işıq var" söyləsə də, qarşıdakı çətin şərtləri qeyd edib.

"Növbəti həftə yarım, iki həftə, düşünürəm ki, çox çətin olacaq" - deyə Tramp bildirib. "Eyni zamanda, bu çətinliklərin nədən ibarət olduğunu və bu vaxt nə demək olduğunu başa düşürük. Ümid edirik ki, biz bunun da öhdəsindən gələ bilərik, çünki bu dünya üçün çox dəhşətli bir məsələdir”.

Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutuna rəhbərlik edən Doktor Entoni Fauçi vurğulayıb ki, evdə qalma və sosial məsafə qaydalarının təsirlərini görmək vaxt alacaq.

"Tunelin sonundakı potensial işıq haqqında eşitdikləriniz sabah və ertəsi gün həqiqətən də ağır olacağı faktını aradan qaldırmır" - deyə, o qeyd edib.

Birləşmiş Ştatlar, bazar ertəsi səhər saatları üçün Cons Hopkins Universitetinin rəqəmlərinə görə 337,000 təsdiq edilmiş koronavirus halı ilə dünyada liderdir. Ölkədə 9600-dən çox ölüm hadisəsi baş verib və bunun üçdə biri xəstəxanaların xəstə yükünün öhdəsindən gəlməkdə çətinlik çəkən Nyu-Yorkun payına düşür.

Tramp İtaliya və İspaniyadakı kimi ölkə boyu tam təcrid qərarını verməyib. Bu qərarın verilməsini 50 ştatın qubernatorlarının öhdəsinə buraxmağı üstün tutub. Qubernatorların çoxu bu qərarı versə də, 9 statda bu edilməyib.

Fauçi 9 ştatdakı insanların qubernatorlarının evdə qalma əmri verməməsinə baxmayaraq, özlərini təcrid etməməklə "riskə atdıqlarını" deyib.

"Bu virus üçün böyük və ya kiçik bir şəhərin içində yaşamaq fərq etmir” - deyə, Fauçi bildirib.

Prezident bundan başqa, brifinqin bir hissəsini malyariya, lupus və artrit xəstəliyinin müalicəsində istifadə edilən dərmanı təkrar olaraq qeyd edib. Hidroksixloroqin preparatının potensial yan təsirləri var və koronavirus xəstələri üçün təhlükəsiz və onun effektiv bir müalicə ola biləcəyini araşdırmaq üçün hələ də işlər görülür.

Doktor Fauçi isə CBS kanalının “Face Nation” verilişində müsahibəsində dərmanın koronavirusa qarşı hər hansı bir faydasına dair elmi sübutun olmadığını bildirib.

“Bu, həqiqətən də sadəcə təklifdir.Bəzi hallarda effektin ola biləcəyi və baş hallarda isə bunun effektinin olmadığını göstərən nümunələr olub” - deyə, o vurğulayıb.

Mənbə: www.amerikaninsesi.org