“Maskalarla bağlı süni bahalaşmaya yol vermək olmaz” - Nəzarətdədir !

“Maskalarla bağlı süni bahalaşmaya yol vermək olmaz” - Nəzarətdədir !

Vüqar Rəhimzadə:“Möhtəkirliklə məşğul olan bütün şəxslər ciddi cəzalanmalıdır”

Prezident İlham Əliyev koronavirus epidemiyası ilə bağlı Azərbaycan xalqına müraciət edib. Ölkə başçısı müraciətində bu gündən ölkəmizdə tibbi maska istehsalının başladığını qeyd edib:

“Bu, çox əlamətdar hadisədir. Çünki indi dünyanın bir çox ölkələrində tibbi maska çatışmazlığı var, o cümlədən Azərbaycanda və biz bu sahədə daim idxaldan asılı idik. Amma indiki şəraiti nəzərə alaraq qısa müddətdə, cəmi iki həftə ərzində yerli istehsal təşkil edildi”.

Ölkə başçısı süni qiymət artımı məsələsinə də toxunub:

“İndi əsas məsələlərdən biri də odur ki, apteklərdə və digər ticarət yerlərində süni qiymət artımı olmasın. Çünki maska qıtlığı artıq süni qiymət artımına da gətirib çıxarmışdır və bəzi hallarda maskaları altdan satırdılar”.

 

Prezidentin müraciətini “Sherg.az”a dəyərləndirən Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanda koronavirusla bağlı vəziyyət cənab Prezidentin ciddi nəzarətdədir:

“Koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə ölkəmizdə bütün zəruri addımlar atılır. Tətbiq olunan xüsusi karantin rejimi də vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edir. Lakin hər bir vətəndaşın borcudur ki, karantin rejiminin qaydalarına və tələblərinə tam şəkildə riayət etsin. Hər bir vətəndaş belə çətin vəziyyətdə məsuliyyətini dərindən dərk etməli, qəbul olunan qaydalara, verilən tövsiyələrə ciddi riayət etməli, məsələyə həssas yanaşılmalıdır. Artıq bütün dünyada koronavirus epidemiyasının tüğyan etdiyi indiki məqamda bir şəxsin məsuliyyətsizliyi nəticəsində ətrafdakı onlarla insan virusa yoluxma təhlükəsi ilə üz-üzə qala bilər”.

Baş redaktor mövcud durumdan sui-istifadə edən möhtəkilərlə bağlı məsələyə də toxunub:

“Cənab Prezident dəfələrlə qeyd edib ki, tibbi maskalarla bağlı süni qiymət artımına qətiyyən yol vermək olmaz . Bunun üçün müvafiq dövlət qurumları çox ciddi nəzarət mexanizmi tətbiq etməlidirlər. Ölkə başçısı bildirib ki, süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq. Çünki indiki pandemiya şəraitində belə addımlar xəyanət kimi qəbul ediləcək. Ona görə də bütün dövlət qurumlar və vətəndaşlar cənab Prezidentin müraciətində söylədiklərinə ciddi əməl etməlidir. Hər kəs başa düşməlidir ki, görülən bütün tədbirlər vətəndaşların sağlamlığı üçündür. Bu baxımdan möhtəkirliklə məşğul olan bütün şəxslər ciddi cəzalanmalıdır”.

Mənbə: sherg.az