Qarabağda küçə döyüşləri getsə, müharibə başlayacaq – erməni hərbi ekspert

Qarabağda küçə döyüşləri getsə, müharibə başlayacaq – erməni hərbi ekspert

Əgər Qarabağda küçə döyüşləri davam edərsə və hakimiyyət fəaliyyətsiz qalarsa, qeyri-sabit bir vəziyyət inkişaf edərsə, Azərbaycanın siyasi rəhbərliyi hərbi əməliyyatlara başlayacaq.

KONKRET.az xəbər verir ki, bunu Tert.am saytına müsahibəsində hərbi ekspert və ehtiyatda olan polkovnik Ayk Naqapetyan sərhəddəki gərginlik və “seçkilərdən” sonra Qarabağdakı hadisələrdən danışarkən deyib:

“Əgər Qarabağda 2018-ci ildə Ermənistandakı kimi prosesləri təhrik etməyə cəhd edilsə, bu, Azərbaycan üçün ən böyük hədiyyələrdən biri olacaqdır.

Eyni metodologiyadan istifadə edərək 2018-ci ilin aprel-may aylarında Ermənistandakı hadisələrin təkrarlanmasına cəhd göstərildiyini dünən Xankəndidə “İnqilab” Partiyasının mitinqində çox sayda yeniyetmənin də iştirak etdiyi bir nümayişdən görmək olar”.

Ayk Naqapetyanın sözlərinə görə, Azərbaycan Xankəndidə baş verən hadisələri yaxından izləyir və əlverişli anı əldən verməməyə çalışacaq.

Xatırladaq ki, aprelin 5-də saat 17: 30-da Qarabağın şərqində yerləşən hərbi hissələrin birinin müdafiə zonasında Azərbaycan tərəfindən açılan atəş nəticəsində Araik Şahpazyan (2000-ci il təvəllüdlü) adlı əsgər yaralanıb.

O, dərhal hərbi xəstəxanaya aparılıb. Vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir.

Hadisənin təfərrüatlarını öyrənmək üçün araşdırma aparılır.

Haşiyə: Bu açıqlamadan belə nəticəyə gələ bilərik ki, ermənilər qorxularından əl-ayağa düşüb.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az