“Ölkəmizdə yaranmış tibbi maska qıtlığı aradan qaldırılacaq” - Millət vəkili

“Ölkəmizdə yaranmış tibbi maska qıtlığı aradan qaldırılacaq” - Millət vəkili

“Bu gün cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər. Belə bir məqamda tibbi maska istehsal edəcək müsəssisənin açılması təqdirəlayiq haldır. Hesab edirəm ki, ölkəmizdə yaranmış tibbi maska qıtlığı aradan qaldırılacaq”.

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.

Deputat koronavirus pandemiyasının ölkəmizdə yayılmasından danışarkən bəzi çətinliklərin yarandığını da qeyd edib:

“Bu çətinlik əsasən tibbi maskalarla bağlıdır. Bəzi apteklərdə tibbi maska olmadığından vətəndaşlarımız müəyyən çətinliklə üzləşirdilər. Ümumiyyətlə, ölkə başçımızın dediyi kimi, koronavirus pandemiyası iqtisadi və xidmət sahələrinə mənfi təsir göstərməkdədir. Dövlət başçısı açılışda bir çox vacib məqamlara toxunub. Həm fərdi sahibkarlara dəyən ziyan, həm də tələbələrin problemləri, işsizlərə verilən müavinətlərin həcmi barədə ətraflı çıxış edib. Hesab edirəm ki, belə bir məqamda dövlət başçısının xalqa görülən işlər barədə məlumat verməsi müsbət haldır. Digər vacib məsələ belə bir vaxtda bəzi işbazların sui-istifadə hallarına yol verməsi ilə bağlıdır. Cənab prezident bu məsələdə xəbərdarlıq edərək süni qiymət artımına yol verənlərin ciddi cəzalandırılmasını söyləyib. Hesab edirəm ki, koronavirus pandemiyası dövründə hər birimiz dövlət başçımızın yanında olmalı, ona dəstək nümayiş etdirməliyik”

Mənbə: modern.az