Koronavirusla müharibə dövründə Azərbaycan dövlətinin daha bir üstünlüyü - əcnəbilər deportasiya edilmədi, onlar da müalicə olunur...

Koronavirusla müharibə dövründə Azərbaycan dövlətinin daha bir üstünlüyü - əcnəbilər deportasiya edilmədi, onlar da müalicə olunur...

Azər Həsrət: “Azərbaycan dövləti ölkəmizdə olan xarici vətəndaşların heç birinin qarşısında “çıxın öz ölkənizə gedin” tələbi qoymadı”

Dünyanı bürüyən koronavirus pandemiyasının dövlətlərə, xalqlara bütün istiqamətlərdə vurduğu zərər hələ tam olaraq hesablanmayıb. Çünki pandemiya davam edir və günü-gündən virus zənciri uzanır. Bu zəncirdə yeni-yeni dövlətlərə aid həlqələr yaranır. Bütün dövlətlər o zənciri sındırmağa çalışır və bu yöndə mübarizəsini davam etdirir.

Bu gün COVID-19 pandemiyasını bioloji müharibəyə bənzədən ekspertlər saysızdır. İnsanlığın məhvinə səbəb olan bu müharibədən hansı dövlətin nə kimi itkilərlə çıxacağını indidən proqnozlaşdırmaq çox çətindir. Çünki get-gedə pandemiyanın coğrafiyası dəyişir, böyüyür.

Bildiyimiz kimi, Azərbaycan dövləti dünyada bu virusun ilk fəsadları qeydə alındığı gündən ölkədə təhlükəsizlik tədbirlərini həyata keçirməyə başlayıb. Vətəndaşların sosial izolyasiyasından tutmuş, insanların karantinə alınmasına və s. qədər ölkəmiz genişmiqyaslı tədbirlər həyata keçirir. O tədbirlər haqqında qəzetimizdə və bütövlükdə, KİV-də geniş məlumatlar verildiyi üçün onları bir-bir burada sadalamaq istəmirik. Görülən tədbirlərdən nəinki vətəndaşlarımızın, eləcə də bütün beynəlxalq aləmin məlumatı var.

Dünyada koronavirus kabusunun dolaşdığı ilk vaxtlardan etibarən bütün ölkələr, xüsusən də Avropa dövlətləri xarici vətəndaşların öz ölkələrinə deportasiya edilməsi prosesini həyata keçirdilər. Bu dövlətlər əcnəbilərin öz ölkələrinə göndərilməsi, onların vətənlərində karantinə alınması yolunu tutdular. Azərbaycan dövləti xarici ölkələrdə olan vətəndaşlarının təxirəsalınmaz təxliyyəsinə başladı və bu gün də o proses davam edir. Onu da qeyd edək ki, Azərbaycandan fərqli olaraq, başqa ölkələr öz vətəndaşlarının təxliyyə edilməsinə elə də maraq göstərmədilər. Azərbaycan bu mənada da o dövlətləri üstələdi. Apardığımız araşdırmalar zamanı başqa bir faktla da qarşılaşdıq. Məlumatlara görə, Azərbaycanda koronavirusa yoluxan şəxslərin üçdə birini xarici vətəndaşlar təşkil edir. Azərbaycan dövləti yoluxan xarici vətəndaşları öz ölkələrinə deportasiya etmədi, humanistlik, dünyaya nümunə olan böyük insanpərvərlik göstərərək xarici vətəndaşları da dövlətin hesabına müalicə edir. Yeri gəlmişkən, koronavirusa tutulmuş Almaniya vətəndaşının Azərbaycan dövləti tərəfindən müalicə edilərək öz ölkəsinə yola salınması faktını yadınıza salmaq istəyirik. Almaniya dövləti Azərbaycan dövlətinin bu humanist addımını yüksək qiymətləndirərək ölkəmizə rəsmi təşəkkürünü bildirməyi də unutmadı. Belə faktlar çoxdur, yeri gəldikcə, biz bu faktlarla oxucularımızı tanış edəcəyik.

“...ölkəmizdəki əcnəbilərlə vətəndaşlarımız arasında heç bir fərq qoymaması dövlətimizin ümumbəşəri dəyərlərə sədaqətindən irəli gəlir”

Faktı şərh edən siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan dövləti bu virusla mübarizədə çoxsaylı nümunə ortaya qoyub: “Azərbaycan dövləti, ümumiyyətlə, bu bəla ortaya çıxandan özünün və qlobal təhlükəsizliyin qayğısına qaldığını göstərdi. Xatırlayırsınızsa, dövlətimiz COVID-19-a qarşı mübarizə aparılması üçün Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar ianə yatırdı. Bununla da Azərbaycan təkcə özünü deyil, bütün bəşəriyyəti düşündüyünü göstərdi. Təbiidir ki, Azərbaycan dövləti ölkəmizdə olan xarici vətəndaşların da heç birinin qarşısında “çıxın öz ölkənizə gedin” tələbi qoymadı, virusa yoluxanları da heç bir ayrı-seçkilik etmədən vətəndaşları kimi karantinə aldı, müalicəsini həyata keçirdi. Ümumiyyətlə, Dövlət Miqrasiya Xidmətinə də əlavə tapşırıqlar verildi ki, ölkədə olma müddəti bitənlərin belə bürokratik əngəllərlə qarşılaşmaması üçün tədbirlər görülsün. Bunun nəticəsində də xarici vətəndaşların ölkəmizdə qalma müddəti uzadıldı. Bilirik ki, bu gün Azərbaycanda qalma müddəti bitmiş əcnəbu vətəndaşların ölkəmizdən çıxıb getməsi üçün heç bir tələb qoyulmayıb, əksinə, onların ölkədə qalması məsələsi tamamilə qanuniləşdirilib. Koronavirus bitənə qədər o insanlar ölkəmizdə qalacaqlar. Bundan sonra isə qanun çərçivəsində qalmaq istəyən qalacaq, getmək istəyən gedəcək. Əsas məsələ odur ki, koronavirus dövründə Azərbaycanın ölkəmizdəki əcnəbilərlə vətəndaşlarımız arasında heç bir fərq qoymaması dövlətimizin ümumbəşəri dəyərlərə sədaqətindən irəli gəlir. Bu, Azərbaycan Prezidentinin Azərbaycan ərazisində, daxilində hər bir insanın təhlükəsiz, sağlam yaşaması, gəzib dolaşması haqqında dediklərinin, sadəcə, bir söz olmadığını bir daha sübut edir. Yəni Azərbaycan Prezidenti çıxışlarında qeyd edir ki, bizim ölkəmiz dinindən, milliyyətindən, irqindən, vətəndaşlığından asılı olmayaraq, dünyanın bütün insanları üçün ən sabit, ən təhlükəsiz ölkədir. Həqiqətən də indiki şəraitdə biz bunun şahidi oluruq”.

A.Həsrət bildirdi ki, koronavirus dövründə hər hansı bir ölkə xarici vətəndaşları deportasiya edirsə, öz ərazisindən çıxarırsa, bu, əlbəttə, humanizm prinsiplərinə ziddir. Azərbaycanın humanizm prinsiplərinə həmişə sədaqətli olduğunu qeyd edən A.Həsrətin sözlərinə görə, hər şeydən əvvəl insan amili, onun sağlamlığı, təhlükəsizliyi dayanır. Azərbaycan dövlətinin həmişə bu amili düşündüyünü və onu əyani şəkildə həyata keçirdiyini deyən A.Həsrət hesab edir ki, dövlət olaraq indiki şəraitdə də humanizm, insanlıq prinsiplərinə uyğun davranırıq. “Düşünürəm ki, koronavirus dövrü bitdikdən sonra dünya ölkələrində, dünyanın müxtəlif beynəlxalq institutlarında araşdırmalar, təhlillər aparılacaq, o zaman Azərbaycanın davranışları bir çox, hətta inkişaf etmiş dövlətlər üçün model olaraq təklif ediləcək. Hər halda, gözləyirəm ki, koronavirusdan sonrakı dönəmdə Azərbaycanla bağlı qlobal səviyyədə çox müsbət xəbərlər eşidə biləcəyik. Onsuz indi də eşidirik. Beynəlxalq təşkilatlar Azərbaycan dövlətinin koronavirusa qarşı verdiyi töhfələri dönə-dönə dilə gətirir, eyni zamanda da ölkə içində atdığımız addımları bəyənir, model olaraq qəbul edirlər. Hətta bu məsələdə başqa ölkələrə Azərbaycan dövləti kimi davranmağı tövsiyə edən nüfuzlu siyasi xadimlərin fikirlərinə də rast gəlirik” - deyə A.Həsrət qeyd etdi.
İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com