Əfv sərəncamı necə qarşılanıb? - hüquq müdafiəçilərinin şərhləri

Əfv sərəncamı necə qarşılanıb? - hüquq müdafiəçilərinin şərhləri

Prezident İlham Əliyev koronavirus infeksiyasının yayılması ilə əlaqədar 176 məhbusun azad edilməsi barədə əfv fərmanı imzalayıb.

Bazar ertəsi günü imzalanan sərəncamda "yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların" nəzərə alındığı deyilir.

Əfv edilənlər arasında keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov da var.

Akif Çovdarov 2015-ci ildə həbs edilib və 2017-ci il oktyabrın 30-da Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

"Əfv hər zaman yaxşıdır"

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Prezidentin əfv sərəncamını alqışlayır.

O deyir ki, "əfv hər zaman yaxşıdır, lakin xüsusilə indiki vaxtda, ailələrin həbsxanalara məhbusların yanına gedilməsinə icazə verilmədiyi dövrdə yaxşıdır ki, bu bəlalı günlərdə insanlar ailələrinin yanına getsin".

Novella Cəfəroğlu yaşı 65-dən yuxarı olan məhkumların azad olunmasını təqdir etsə də, sərəncamın "siyasi motivlə həbs olunanlara da şamil olunmasını" istəyir.

"Başa düşmək lazımdır ki, bu bəla hamımızın bəlasıdır. Nə məmurun, nə dövlətin, nə yuxarıda oturanın, nə aşağıda kərpic kəsənin bəlasıdır. Heç kimin qarantiyası yoxdur ki, bu virus kimi tutacaq. Bu gün elə addım atılmalıdır ki, siyasi motivlə həbs olunanlar da öz ailələrinə qayıtsınlar. Bu, xeyirxahlıq aktı olardı. Bugünkü gündə bütün millətə xoş olardı. Məsələn, Tofiq Yaqublu və Elçin Məmmədov bu yaxınlarda həbs olunublar. Onların ailələrini və övladlarını nəzərə almaqla həbslərini azı ev dustaqlığına çevirmək olardı".

"Hüquq adına ləkədir"

Araşdırmaçı jurnalist və hüquq müdafiəçisi Xədicə İsmayıl deyir ki, sözügedən əfv sərəncamı "ölkədə nə hüquqi, nə də siyasi məhbus problemi ilə bağlı hər hansı məsələnin həllinə yönəlməyib, sərəncamda da deyildiyi kimi humanitar məqsədlərlə bağlıdır".

"Son çıxışından sonra Prezidenti tənqid edirdik ki, o, pandemiyadan istifadə edib öz rəqiblərini sıradan çıxarmaq üçün sərt mesajlar verir və repressiya tədbirləri gücləndirilir. Amma indi pandemiyadan istifadə edib repressiya maşınının sadiq nümayəndələrini həbsdən çıxarmaqla məşğuldur. Akif Çovdarovun azadlığa çıxmasının başqa adı yoxdur".

Xədicə İsmayıl keçmiş MTN generalının əfv fərmanı ilə tam olaraq azadlığa çıxmasını "hüquq adına ləkə" adlandırır.

"Akif Çovdarov çox ciddi cinayətlərdə ittiham olunub və onun məhz əfv fərmanı ilə azadlığa çıxması, hətta humanitar məqsədlərlə belə məqbul deyildi. Bu, cəmiyyətə verilmiş pis mesajdır. Onun hətta yaşı nəzərə alınsaydı belə, həbsi başqa bir tədbirlə əvəz oluna bilərdi".

O, "siyasi məhbus" hesab edilən iki nəfərin siyahıda olduğunu, lakin bunun "heç bir problemin həlli olmadığını" bildirib.

Xədicə İsmayıl digər "siyasi məhbusların həyatı təhlükədə olmasına görə narahatlıqların" olduğunu bildirib.

"Əgər 65 yaşdan yuxarı adamların virusa yoluxma təhlükəsi varsa, deməli, bu təhlükə həmin cəzaçəkmə müəssisələrində mövcuddur və hamı bu təhlükəyə məruz qala bilər. Ona görə, bu addımın daha əhatəli olması lazım idi. Əgər məqsəd həqiqətən də insanları koronavirusdan qorumaq idisə, bunu parlament vasitəsilə, əhatəli amnistiya aktı ilə edə bilərdilər".

Mənbə: www.bbc.com