"Hər gün sıra baxışında tibbi müayinədən keçirik"

"Hər gün sıra baxışında tibbi müayinədən keçirik"

Vətənin müdafiəsində mətinliklə dayanan igidlərimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması üçün plana əsasən müxtəlif dərslərdən məşğələlər keçirilir. Eyni zamanda, döyüş hazırlığının əsasında dayanan amillərdən biri də hərbçilərimizin nizam-intizamıdır. Nizam-intizam isə sıradan başlayır. Bu sahədə ürəkaçan nəticələrin əldə edilməsi məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sıra Nizamnaməsi əsasında əsgərlərimizə mütəmadi olaraq sıra hazırlığından məşğələlər keçirilir. Dərslər zamanı şəxsi heyətə səliqəlilik, diqqətlilik, nizam-intizam aşılanır, sıra üsullarının bölmə tərkibində yerinə yetirilməsi təkmilləşdirilir. "N" hərbi hissəsində bir qrup şəxsi heyətin sıra hazırlığı məşğələsinə cəlb edildiyini gördük. Leytenant Ramil Hüsüyevin tabeliyində olan Vətən müdafiəçiləri müəyyən komandaları yerinə yetirirdilər. Məşğələdən sonra gənc zabitimizə və şəxsi heyətə yaxınlaşıb, onlarla söhbət etmək imkanı qazandıq. Zabit bildirdi ki, yuxarı komandanlıq tərəfindən təsdiq edilən dərs cədvəlinə uyğun olaraq, şəxsi heyətə sıra meydanında sıra hazırlığından məşğələlər keçirik.

"Biz zabitlər də dərsə başlamazdan öncə fərdi hazırlığımızı nəzarətdə saxlayırıq. Zabitin fərdi hazırlığı, dərsin keyfiyyətinə böyük təsir göstərir. Bu səbəbdən bir gün öncə növbəti dərsə hazırlaşır, plan-konspektlər yazırıq. Hazırlıq zamanı mövcud olan tədris vəsaitlərindən istifadə edirik. Danılmazdır ki, sıra hazırlığı şəxsi heyətə sıra vərdişlərinin aşılanması, dözümlülüyün artırılması baxımından əhəmiyyətlidir. Əsgərlərimiz də üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırlar”.

Növbəti həmsöhbətim əsgər Mikayıl İsmayılov dedi ki, Vətən müdafiəçilərinin sıralarında olduğuna görə çox sevinclidir. "Hər bir valideyn övladının əsgər olması, Vətənimizə layiqli vətəndaş kimi formalaşması arzusu ilə yaşayır. Bu gün Vətənimizin keşiyində dayandığım üçün qürurluyam. Atam Qarabağ müharibəsi iştirakçısıdır. Mütəmadi olaraq döyüş yoldaşları ilə görüşə məni də aparardı. Onlar da oğullarını gətirər, bizim də möhkəm dost olmağımızı istəyərdilər. Biz uşaqlar həmişə bir qıraqda oturub onların xatirələrini dinləyərdik. Onlar danışdıqca həmin anlar gözümdə canlanardı. Qəribə hisslər keçirərdim. Atalarımızın Vətənimizin dar günündə onun müdafiəsində dayandıqları üçün qürurlanardım. Bir zamanlar qonaqpərvərliyimizdən istifadə edərək həmvətənlərimizə insanlığa sığmayan işgəncə verən düşmənə qarşı qisas hissi ilə alışıb yanardım. Böyüklərimiz bizə baxaraq, "Bu igidlər ermənilərin başladığı münaqişəni sonlandıracaqlar" deyərdilər. Bu sözlər bizi fərəhləndirərdi. Budur, mən də Vətənimizin müdafiəsindəyəm. Çalışırıq ki, komandirlərimizin öyrətdiklərini dərindən mənimsəyək. Döyüş meydanında düşmənə göz açmağa imkan verməyək".

- Bacarıqlı və bilikli komandirlərimizin sayəsində əsgəri həyata alışır, hərbin sirlərini dərindən mənimsəyirik, - deyə əsgər Məhəmməd Qasımov bildirdi. - Dərslərdə öyrəndiklərimiz gələcək döyüşlərdə köməyimiz olacaq. Hərbi hissədə əsgərlər üçün hər cür şərait yaradılıb. Günün nizam qaydasına uyğun olaraq məşğələlər keçirik, dadlı və keyfiyyətli yeməklərlə qidalanırıq. Hər gün sıra baxışında tibbi müayinədən keçirik. Əgər müayinə zamanı əsgərdə hər hansı bir narahatçılıq aşkarlanarsa, dərhal tibb məntəqəsinə göndərilir. Bir sözlə, xidmət etmək hər birimizə ruh yüksəkliyi aşılayır. Biz də çalışırıq ki, üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gələk. Hər bir Azərbaycan övladını bir amal birləşdirir - işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək. Bunun üçün əlimizdən gələni əsirgəməyəcəyik. Hər an Ali Baş Komandanımızın döyüş əmrinə hazırıq.

Əsgərlər Xəqani İslamov, Heydər Salmanov, Ümid Mikayıllı, Malik Kərimov və digərləri hərbi xidmətin əsl kişilik məktəbi olduğunu, keçirilən dərslərin onları qorxmaz əsgər kimi formalaşdırdığını qeyd etdilər.

Ruslan Həsənzadə, "Azərbaycan Ordusu"
Ordu.az

 

Mənbə: ordu.az