Bakı, 7 aprel, AZƏRTAC
Koronavirus səbəbindən intensiv terapiya şöbəsinə yerləşdirilən Böyük Britaniyanın Baş naziri Boris Consonun vəziyyəti gecə ərzində dəyişməyib.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, aprelin 6-da Britaniya hökuməti başçısının dəftərxanası Boris Consonun səhhətinin ağırlaşdığını və onun intensiv terapiya şöbəsinə keçirildiyini bildirib. 55 yaşlı hökumət başçısı ehtiyat tədbirləri çərçivəsində reanimasiyaya yerləşdirilib və hələlik ağ ciyərlərin süni ventilyasiyası sisteminə qoşulmayıb.
Qeyd edək ki, yeni koronavirusun səbəb olduğu xəstəliyin simptomları Boris Consonda artıq on gündür ki, müşahidə edilir. Qızdırması düşməyən və öskürəyi kəsilməyən Baş nazir bazar günü xəstəxanaya yerləşdirilmişdi.
Mənbə: azertag.az