Sarkisyan Aprel döyüşlərinə görə dinləmələrə dəvət olunub

Sarkisyan Aprel döyüşlərinə görə dinləmələrə dəvət olunub

Aprelin 6-da Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan tərəfindən Ermənistanın üçüncü prezidentinin ofisinə məktub göndərilib. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, məktubla Ermənistanın üçüncü prezidentini 2016-cı ilin aprelində genişlənmiş hərbi əməliyyatların hallarını araşdırmaq məqsədilə yaradılmış xüsusi istintaq komissiyasına dinləmələr üçün dəvət ediblər.
Erməni jurnalistlər ofisin cavabdehi Meri Harutyunyandan məlumatın həqiqiliyini dəqiqləşdirməyə çalışıblar.
“Bəli, bu gün qeyd etdiyiniz şəxs tərəfindən Ermənistanın üçüncü prezidentinin ofisi məktub alıb. Məktuba əsasən, Serj Sarkisyan cari il aprelin 13-də ya saat 16:00-da, ya da 14:00-da öz seçimi ilə dinləmələr üçün 2016-cı ilin aprelində genişlənmiş hərbi əməliyyatların hallarını araşdırmaq məqsədilə yaradılmış xüsusi istintaq komissiyasına dəvət olunub”, - deyə Harutyunyan bildirib.
Serj Sarkisyanın dəvəti qəbul edib-etməməsi ilə bağlı verilən suala cavab olaraq ofisin cavabdehi qeyd edib ki, Serj Sarkisyanın ictimaiyyətdən gizlədəcək heç nəyi yoxdur.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az