Alimlərin versiyalarına aludə olmayın, tapılan vaksin isə... – Komitə sədri

Alimlərin versiyalarına aludə olmayın, tapılan vaksin isə... – Komitə sədri

"Müəyyən ölkələrdə alimlər, həkimlər təşəbbüslgöstərir, sosial şəbəkələrdə təkliflərini verirlər. Biri deyir, malyariya əleyhinə dərmanlar Kovid-19-a kömək edir, o biri deyir, hər hansı revmatoid və digər xəstəliklərdə işlədilən dərmanlar virusdan sağaldır, bir başqası qrip və başqa xəstəliklər əleyhinə işlədilən, immun sistemini gücləndirən dərmanların koronavirusu məhv etdiyinə dair fikirlər səsləndirir. Bütün bunlar hamısı təsdiq olunmayan versiyalar, təşəbbüslər, nəzəri fikirlərdir. Bunlara aludə olmaq lazım deyil".

Bu sözləri Teleqraf.com-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, məsələyə real yanaşmalı və bu gün əlimizdə olan imkanlar istifadə edilməlidir:

“Ümumdünya Səhiyyə Təşkilatı koronavirus infeksiyasından qorunmağın ən optimal və sınanmış yolunun sosial izolyasiya olduğunu göstərir: Evdə qal və öz həyatını xilas elə. Vaksinlər təbii ki, olacaq və tapılacaq, geci-tezi var. Bu, Kovid-19-dur, hər il bir ştampı yayıla bilər və modifikasiya olunur, genini, quruluş və xassələrini tez-tez dəyişir, ona görə də bu gün tapılan vaksin, ola bilsin, növbəti infeksiya üçün yararsız olacaq. Ona görə də vaksinlərə çox ümid olmaq olmaz.

Şübhəsiz, axtarışlar gedir, vaksinlə yanaşı infeksiyanın qarşısının alınması və müalicəsinə yönəldilmiş anti-virus preparatları da tapılacaq, kəşf olunacaq”.

Musa Quliyev qeyd edib ki, konkret olaraq ÜST-ün tövsiyələri var və Azərbaycanda klinikalar müvafiq müalicə sxemini TƏBİB-in rəhbərliyi altına aparırlar: “Burada əsasən simptomatik, yəni baş verən ağırlaşmaların qarşısının almaqdan və digər yanaşı xəstəliklərin ağırlaşmamasından ötrü lazımi tədbirlər görülməkdədir və görüləcək. ÜST-ün tövsiyəsi nədirsə, ona əməl etmək lazımdır.

İnternet resurslarında, o cümlədən sosial şəbəkələrdə müxtəlif ölkələrin alimlərinin nəzəri fikirlərinə önəm vermək olmaz”.

Mənbə: teleqraf.com