“Tramp İrana qarşı ölümcül ssenarilər işə salmaq istəyir”

“Tramp İrana qarşı ölümcül ssenarilər işə salmaq istəyir”

Hacı İlqar İbrahimoğlu: “Hədəf İran əhalisi üçün dözülməz həyat şəraiti yaratmaqla, hakimiyyətdən narazı salmaq və uzaq layihədə mövcud dövlət quruluşunu dəyişməkdir”

Ötən həftə ABŞ prezidentliyinə namizəd Berni Sanders başda olmaqla bir qrup amerikalı siyasətçinin prezident İrana qarşı sanksiyaları dayandırmaq və ya yumşaltmaq üçün Tramp administrasiyasına müraciətinə Tramp administrasiyası birbaşa rədd cavabı verməsə də, “məsələyə baxıla bilər” tipli qeyri-müəyyən cavab verməklə məsələni həll edilməmiş saxladı.

İranı xalqı isə koronavirusun gətirdiyi humanitar fəlakətə bənzər vəziyyət içindədir.

İlhaiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu bu barədə musavat.com-a açıqlamasında bildirib ki, şübhəsiz bu sanksiyaların İran iqtisadiyyatına vurduğu zərbə və bunun nəticəsində yaranan humanitar fəsadlar - koronavirus pandemiyasından da öncə hamıya, o cümlədən, müraciət sahiblərinə də məlum idi. Sadəcə, pandemiya dönəmində bu humanitar problemlər fəlakət həddinə çatdığından, ABŞ-ın sanksiya siyasəti xüsusilə eybəcər görünür və ölkənin imicinə, reputasiyasına əsaslı zərbələr vurur.

Bu səbəbdən, ABŞ-ın aparıcı elitasının nümayəndələri də reputasiya itkisindən sığortalanmaq, eyni zamanda, Tramp administrasiyasını mənfi obrazda göstərməklə seçkiöncəsi gedişlər etmək niyyətilə, bu birmənalı müsbət görüntülü təşəbbüsə - sanksiyaların götürülməsinə imza atdılar: “Təbii ki, Tramp administrasiyası birbaşa rədd cavabı verməsə də, “məsələyə baxıla bilər” tipli qeyri-müəyyən cavabla, qeyri-müəyyən müddətlik taym-aut, fasilə götürdü. Belə olacağı əvvəldən məlum idi. Əlbəttə ki, Tramp administrasiyası öz strategiyasına uyğun olaraq, nəinki sanksiyaları götürmək niyyətindədir, əksinə, imkanı çərçivəsində bunları şiddətləndirmək, İran iqtisadiyyatı üçün letal, ölümcül ssenarilər işə salmaq istəyər. Çünki hədəf – İran əhalisi üçün dözülməz həyat şəraiti yaratmaqla, hakimiyyətdən narazı salmaq və uzaq layihədə mövcud dövlət quruluşunun dəyişdirilməsinə nail olmaqdır. Və hər kəsə bəllidir ki, milyonlarla insan üçün dözülməz həyat şəraitinin yaradılması, humanitar problemlərin generasiyası, ərsəyə gətirilməsi – faktiki olaraq dövlətlə deyil, məhz insanlarla müharibə etməkdir.

Yeri gəlmişkən, bu sanksiyaların qeyri-legitimliyi, BMT qərarlarını pozması, ABŞ-ın nüvə müqaviləsindən çıxmasının əsassızlığı və siyasi motivliliyi barədə kifayət qədər deyilib və yazılıb. Bu prizmadan baxdıqda, sanksiyaların mövcudluğu onsuz da əsassızdır və götürülməsi labüddür. Sadəcə, Tramp administrasiyası beynəlxalq ictimai fikirlə hesablaşmayaraq, “güclü- haqlıdır” prinsipinə əsaslanan siyasət yürüdür”.

Hacı İlqar hesab edir ki, Tramp administrasiyasının mövqeyi ABŞ istebleşmentinin, hakim elitasının mövzu ilə bağlı prinsipiallığından və israrından bilavasitə asılıdır: “Sözügedən çərçivədə, ABŞ-ın koronavirusun yayılması üzrə dünyada birinci yerə çıxması, Tramp administrasiyası üçün İranla bağlı mövqedə qeyri-müəyyənliyi saxlamağa imkan yaradır.

Belə olduqda, vəziyyət ABŞ elitasında olan opponentlərin, Tramp müxaliflərinin ardıcıl və sistemli taktikasından xeyli dərəcədə asılıdır. Əgər ictimai təzyiq güclü olacaqsa, Tramp administrasiyası üçün ən azı pandemiya dönəmi ərzində qismən də olsa, İrana qarşı sanksiyaların yumşaldılması mümkün görünür”.

Mənbə: moderator.az