“Millətlərin genetikasına uyğun viruslar hazırlanacaq” – Müsahibə

“Millətlərin genetikasına uyğun viruslar hazırlanacaq” – Müsahibə

“Biz sürətlə silahlanmanın, yeni növ silahların istehsalının şahidi olurduq, amma bu gün bunun o qədər də bir mənası yoxdur. Bu gün informasiya savaşı, virus müharibəsi gedir. Əgər bir süni virus yaradıb kompüter, elektronika sistemlərini sıradan çıxarmaq mümkündürsə, süni bir virus yaradıb insanları da məhv etmək olar. Artıq dünya gəlib bu yerə çatıb”.

Milli Məclisin deputatı Razi Nurullayev belə düşünür.

Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Yeni növ koronavirus pandemiyasından (KOVID-19) sonra yeni dünya düzəninin formlaşacağı ilə bağlı fikirlər səsləndirilir. Bu, nə qədər məntiqlidir, bu ehtimal olunan yeni düzəndə Azərbaycanın yeri haradadır, yeni gəlişmə Dağlıq Qarabağ münaqişəsinə necə təsir edəcək?

- Koronavirusun təbii yolla yayılmasına inanmıram. İnanıram ki, bu laboratoriyada süni şəkildə yetişdirilmiş, sonra da dünyaya yayılmış bir virusdur. Bunun arxasında dayanan da dünyanın ən güclü dövlətləridir. Dünya düzənini həmin güclü dövlətlər müəyyən edir, bu və ya digər kiçik ölkələr, habelə regionlar isə onların düzənində yer alır. Azərbaycanın bu düzəndə harada duracağını demək çətindir, amma dünyanın düzəni qısa bir vaxtda dəyişmir, bunun üçün uzun zaman lazımdır. Əlbəttə buna cəhdlər var. Azərbaycan bu məsələlərdə çox ehtiyatlı olmalıdır

Hesab edirəm ki, yeni dünya düzəninin formalaşmasının Dağlıq Qarabağ münaqişəsinə necə təsir edəcəyini, demək çətindir. Hər halda yeni düzəndə Rusiyanın da yeri olacaq. Amma bundan sonra Rusiyanın regionla bağlı siyasətinin dəyişəcəyinə inanmıram, bu nöqteyi-nəzərdən, yeni dünya düzəninin Dağlıq Qarabağ münaqişəsinə təsir edəcəyinə inanmaq sadəlövhlük olardı. Bununla belə, Azərbaycan müxalifət-iqtidar birliyi, iqtidar-xalq birliyi kontekstində Dağlıq Qarabağla bağlı konkret mövqeyə malikdir, ərazi bütövlüyümüzün toxunulmazlığı bizim üçün əsas prinsipdir. İndi qalır, dünya düzənində yer alan, bu düzəni qurmaq istəyən ölkələrin Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə razılığını almaq və ya onları buna inandırmaq. Bu isə zamanla həll olunan məsələdir, Azərbaycan da bunun üçün çalışır.

- Maraqlı bir fikir səsləndirdiniz, bildirdiniz ki, pandemiya böyük dövlətlərin laboratoriyalarında yetişdirilə bilər. Konkret olaraq, söhbət hansı dövlətlərdən gedir?

- Dünyanın düzənini dəyişmək istəyən bir neçə ölkə var. Bunlar Amerik Birləşmiş Ştatları, Çin Xalq Respublikası, Rusiya Federasiyası, Böyük Britaniya və Fransadır. Ən çox dünyanın düzənini dəyişməyə çalışan, dünyaya hökmranlıq etmək istəyən xalqlar və dövlətlər bunlardır. Onların da yanlarında yer alan digər dövlətlər var.

- Amerikalı diplomat Henri Kissincer pandemiya ilə bağlı maraqlı bir fikir irəli sürdü, qeyd etdi ki, koronavirus dünyanın mövcud reallığını darmadağın edəcək. Yəni pandemiya qlobal miqyasda hansı dəyişiklərə yol aça bilər?

- Biz sürətlə silahlanmanın, yeni növ silahların istehsalının şahidi olurduq, amma bu gün bunun o qədər də bir mənası yoxdur. Bu gün informasiya savaşı, virus müharibəsi gedir. Əgər bir süni virus yaradıb kompüter, elektronika sistemlərini sıradan çıxarmaq mümkündürsə, süni bir virus yaradıb insanları da məhv etmək olar. Artıq dünya gəlib bu yerə çatıb. Bəlkə də gizli laboratoriyalarda elə bir iş gedir ki, millətlərin genetikasını öyrənirlər. Bu genetikaya da uyğun viruslar hazırlanacaq. Ya da millətlərin mətbəxinə, suyuna, ekologiyasına və həyat tərzinə uyğun viruslar hazırlanıb yayıla bilər ki, yeni dünya müharibəsi bununla başlayacaq. Yəni bu virus ancaq hədəfdə olan bir bölgəni vuracaq, başqa regionlarda isə ya havanın, ya suyun, ya da ekologiyanın təsirindən yayılması mümkün olmayacaq. Başqa sözlə, hədəflərə uyğun virusların hazırlanması mümkündür.

Koronavirusun ortaya çıxardığı nəticə ondan ibarət oldu ki, dövlətlər yeni virusların yaradılması və bunların qorunması məsələsinə daha böyük diqqət ayıracaqlar. Azərbaycan dövlət başçısı da çıxışında dedi ki, artıq biz də bölgələrdə və Bakıda yeni növ texnologiyalarla təchiz olunmuş xəstəxanaların inşasına başlayacağıq. Koronavirusla Mübarizə Fondunun da missiyasında yer alıb ki, viruslarla mübarizə üçün elmi-texnoloji nailiyyətlərdən istifadə edərək, elmi tədqiqat işləri aparılmalıdır. Artıq dünyanın bütün ölkələrində viruslarla mübarizə çərçivəsində elmi tədqiqat işlərinə başlanılacaq. Görünən budur ki, bu kimi viruslar yeni növ silahlar kimi istifadə olunacaq.

- Hadisələrin gedişatına uyğun olaraq, dünya indi üzləşdiyi qlobal depressiyadan nə vaxt çıxa bilər?

- Biz az informasiyaya malik ölkəyik, xalqıq. Çünki ən böyük hadisələr dünyanın bir neçə ölkəsində bağlı qapılar arxasında baş verir. Biz də dünyada baş verənləri analiz edərək müəyyən nəticələrə gəlirik. İki gün əvvəl CNN-də cənab Trampın çıxışını dinləyən zaman, o dedi ki, qarşıdakı iki həftə çox kritik bir dönəmdir, bu müddət ərzində koronavirus inkişafının ən yüksək həddinə çata, bunun nəticəsində də çox sayda insan həyatını itirə bilər. Hesab edirəm ki, may ayından başlayaraq pandemiyanın yayılması zəifləyəcək, aprel isə pandemiyanın pik həddə olduğu bir dönəmdir.

Ola bilsin ki, aprelin sonlarına doğru səngimə başlasın. Çünki müxtəlif ölkələr və bölgələrdə virusun təsirlərinin azaldılması ilə bağlı vaksinlər hazırlanır, virusu öldürən müxtəlif bioloji tərkibli dərmanlar aşkar olunur. Bunun nəticəsində aprelin sonunda yayılmanın zəifləməsinin şahidi ola bilərik. Ümid edərk ki, insanlar may ayının ortalarından normal həyatlarına qayıda biləcək.

- Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində separatçı rejimin qondarma seçkiləri keçirilir. Bəllidir ki, Ermənistan Baş naziri “seçkilərdə” üstünlüyünü təmin edib bölgəyə nəzarəti ələ keçirmək istəyir. Bu baxımdan, vaxtilə Ermənistanda iqtidarda olmuş “Qarabağ klanı” ilə qarşıdurma Ermənistana nə vəd edir, münaqişə ətrafında hansı proseslərə yol aça bilər?

- Dağlıq Qarabağ separatçıları ilə Paşinyan arasında olan gərgin münasibətlər onların bir-birini vurması anlamına gəlmir. Onlar Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın bu yöndə olan siyasəti, o cümlədən Azərbaycanla bağlı ümumi fikirə malikdirlər. Sadəcə, bu və ya digər şəkildə güc mərkəzlərini dəyişmək istəyirlər. Buna görə də, orada baş verənlərin Dağlıq Qarabağ münaqişəsinə mənfi və ya müsbət təsirlərini istisna edirəm. Bu, onların öz aralarında olan siyasi mübarizədir. Bu, Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kömək edir, nə də həll prosesini əngəlləyir. Çünki Paşinyanın Dağlıq Qarabağı Azərbaycana qaytarmaq niyyətinin olmadığı açıq şəkildə görünür, separatçılar da onun kimi düşünürlər. Ona görə də, orada baş verənlərə ümid bəsləmək sadəlövhlük olardı.

- Niyə ATƏT-in Minsk qrupu qondarma seçkilər ətrafında fəallıq göstərmədi, işğlçı tərəfin separatçı fəaliyyətini seyirçi mövqedən izlədi?

- Minsk qrupu amorf bir qurumdur. Həmsədrlərin əllərində böyük səlahiyyətləri yoxdur, tövsiyyə verən bir orqandır. Buna görə də, onlardan böyük nəsə gözləməyə dəyməz. Bu gün həmsədrlərin təmsil etdiyi dövlətlər belə, Ermənistana desələr ki, “Dağlıq Qarabağı azad et”, Ermənistan bunu etməyəcək, bu birmənalıdır. Ermənistan onların sözlərini yerə salacaq, özünü təmizə çıxarmaq, özünün doğru olduğunu sübut etmək üçün dəri-qabıqdan çıxacaq, amma bu tələbi yerinə yetirməyəcək. Bu o vaxta qədər olacaq ki, həmin dövlətlər Ermənistana sanksiya tətbiq edəcəklər. Ermənistana sanksiyalar tətbiq olunmasa, hərbi-siyasi təzyiqlər edilməsə Dağlıq Qarabağı azad etmək fikrində olmayacaq.

Hesab edirəm ki, Azərbaycan güclü dövlətlərlə işləyib onların diqqətini cəlb etməli, onları Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlandırmalıdır. Onların regiondakı maraqları bu və ya digər şəkildə təmin olunmalıdır ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunmasında maraqlı olsunlar. Bu formulanın nə olduğunu deyə bilmərəm, çünki biz bu prosesin içində deyilik, sadəcə kənardan izləyirik. Bunu cənab prezident, danışıqlarda iştirak edən insanlar bilir. Sadəcə onu bilirəm ki, Azərbaycanda və bölgədə maraqlı olan qüvvələrin maraqlarını az da olsa təmin etməsək, onlar Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı ola bilməyəcəklər.

 

Mənbə: teleqraf.com