Koronavirusla mübarizə dövründə fiziki şəxslərin öz etdikləri yardımları geniş reklam etməsi doğrudurmu...

Koronavirusla mübarizə dövründə fiziki şəxslərin öz etdikləri yardımları geniş reklam etməsi doğrudurmu...

Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində insanlarımız arasındə nəcib təşəbbüslərə qoşulanlar da az deyil. Bəllidir ki, karantin rejiminin elan olunması əksər vətəndaşlarımızın iş yerlərinin bağlanması ilə nəticələnib. Onların arasında elələri var ki, günəmuzd çalışır. Belə olan təqdirdə, dövlətin ayıracağı yardımdan yararlanana kimi ailənin maddi durumu pisləşmiş olur. Bu səbəbdən də, bəzi imkanlı insanlar ehtiyacı olan ailələrə yardımlar edir. Təbiidir ki, belə nəcib əməllərin təşviqi lazımdır. Çünki başqaları da örnək götürüb yardımlaşa bilər. Amma təəssüflə qeyd etməliyik ki, bəzi fiziki şəxslər bundan özünüreklam məqsədilə istifadə edir. Məsələn, sosial şəbəkələrdə əlinə bir neçə zənbil alıb adamlara yardım etdiyini lentə aldıran, kimə ərzaq verdiyini bəh-bəhlə təqdim edənlərə də az rast gəlmirik. Ən acınacaqlısı budur ki, bəzən yardım edilənlərin şəhid ailələri olduğu bildirilir və bir zənbil ərzağa görə onları publikaya təqdim edirlər.

Bu əməlləri nə dərəcədə doğru saymaq olar?

İlqar Hüseynli:“Yaxşı olar ki, edilən yardımlarla bağlı ümumi bir təsəvvür formalaşdırılsın”

 

osial məsələlər üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunun özü mahiyyət etibarı ilə yaxşı ənənədir:”Söhbət ehtiyacı olanlara yardımların olunmasından gedir. Bu praktikadan dünyanın ən müxtəlif ölkələrində istifadə edirlər. Pandemiya dönəmində biz bu proseslərin daha qabarıq formada şahidi olduq. Bunu siyasi və şəxsi məqsədlərə çevirib reklam etmək doğru deyil. Hətta dinimizdə də deyilir ki, sağ əlin verdiyini sol əl bilməməlidir. Yaxşı olar ki, edilən yardımlarla bağlı ümumi bir təsəvvür formalaşdırılsın. Bu, yaxşı əməlin təşviqi baxımından önəmlidir. Ümumi anlamda alınan ərzaqların çeki paylaşıla bilər. Yoxsa kimə verildiyini çəkib göstərmək, həmin adamı utandırmaq d deyil. Bu heç etik baxımdan da doğru deyil. Şəxsən mənim özüm də insanlara yardım edirəm, bunu paylaşmağa lüzum görmürəm. Bizim təşkilat sosial layihələr həyata keçirir. Hər zaman kiçik qruplara yardımlar etmişik. Heç vaxt yardımın kimə olunduğunu çəkib göstərməmişik. Xüsusilə də elə həssas təbəqələr var ki, onlardan burda sui-istifadə etmək olmaz. Söhbət şəhid, qazi ailələrindən gedir. Biz bu kateqoriya adamlara nə qədər yardım etsək azdır, onların borcundan çıxa bilmərik. Çünki onların övladları öz şirin canlarından bu Vətən üçün keçiblər. Bu gün bir torba ərzaqla onların qürurunu sındırmaq olmaz. Bəlkə də çoxlarının bu yardıma ehtiyacı yoxdur. Amma qapını döyüb gələn adamı da geri qaytaarmayacaq ki... Belə incə detallara fikir verilsə çox əla olar”.

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com