Hər birimizin ən böyük arzusu qələbə, işğal altında olan torpaqlarımızın azad olunmasıdır

Hər birimizin ən böyük arzusu qələbə, işğal altında olan torpaqlarımızın azad olunmasıdır

Səhərdir... Havada qəribə sakitlik hökm sürür. Bu sakitlik sanki Novruzun müjdəçisidi. Əsrlərin dərinliyindən bu günümüzə gəlib çıxan ən gözəl bayramlardan biri də Novruz bayramıdır. Xalqımız bu bayramı xüsusi təmtəraqla qeyd edir. Novruzu qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Bu günün bəxş etdiyi təəssürat fərqlidir. Ona görə ki, bu gün yolumuz düşmənlə təmas xəttində yerləşən bölmələrimizdən birinədir. Vətənin keşiyində ayıq-sayıq dayanan igidlərimizlə həmsöhbət olmaq, onların bayram ovqatını öyrənmək istəyirik. Zabit yoldaşımla yolboyu xalqımızın adət-ənənələrindən, şəhidlərimizdən, işğal altında olan torpaqlarımızdan, Vətənimizin keşiyində ayıq-sayıq dayanan igidlərimizdən danışırıq. Söhbətimiz yolun uzunluğunu hiss etdirmir.
Artıq hərbi hissədəyik. İlk olaraq görüşdüyümüz polkovnik-leytenant Asəf Qurbanov döyüş növbətçiliyi aparan şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti barədə məlumat verir.
"Tabeliyimizdə xidmət edən şəxsi heyətin döyüş ruhu yüksəkdir. Əsgərlərimizin döyüş vərdişlərinin təkmilləşdirilməsi üçün mütəmadi olaraq ictimai-siyasi, taktiki, atəş, mühəndis hazırlığından nəzəri və praktiki məşğələlər keçirilir. Hər bir komandir əsgərlərinin keçirilən dərsləri dərindən mənimsəməsinə çalışır. Bu yaxınlarda keçirilən təlimlər də sübut etdi ki, şəxsi heyət keçirilən dərsləri yaxşı mənimsəyib. Hesab edirəm ki, istər məşğələlərin rəhbərləri, istərsə də dinləyicilər keçirilən təlimlərdə öz qiymətlərini aldılar. Təlimlər məşğələnin keyfiyyətini, zabitin bilik, bacarıq və öyrətmək qabiliyyətini üzə çıxarır. Məlumdur ki, nəzəri biliklərin taktiki sahədə praktiki möhkəmləndirilməsi mühüm addımlardan biridir. Keçirilən genişmiqyaslı təlim şəxsi heyətin, Vətənin müdafiəçilərinin hər zaman döyüşə hazır olduqlarını göstərdi. Qarşıya qoyulan tapşırığın öhdəsindən uğurla gəldik. Hər birimizin bir amalı var - işğal altında olan torpaqlarımızı azad etmək. 2016-cı ilin Aprel döyüşlərində başladığımız Böyük Qələbəyə gedən yolu müvəffəqiyyətlə başa vurmağa hazırıq".

Hərbi hissədə yubanmadan düşmənlə üzbəüz mövqelərdə dayanan oğullarımızın yanına tələsirik. Döyüş mövqeyində baş leytenant Bəbir Həsənli ilə tanış oluruq. O, Vətənimizin hər qarış torpağının müqəddəs olduğunu deyərək söhbətə başlayır: - Böyüyüb boya-başa çatdığımız torpaq uğrunda mübarizə aparmaq, onu düşməndən qorumaq vətəndaşlıq borcumuzdur. Atam Sədərək döyüşlərinin iştirakçısı olub. O, azadlığın asan əldə olunmadığından danışardı. Sovet imperiyasının süqutundan sonra xalqımız üçün ağır günlər başladı. Azərbaycan həm yenidən bərpa etdiyi müstəqilliyini qoruyub saxlamalı, həm də xarici düşmənlərə qarşı mübarizə aparmalı oldu. Fitnəkar niyyətli qonşularımız bu çətin şəraitdən istifadə etdilər. Vətənimizin ən gözəl guşələrini işğal etdilər, soydaşlarımızı doğma el-obalarından didərgin saldılar. Ümummilli Liderimizin xalqın təkidi ilə hakimiyyətə gəlişi Azərbaycanımızı daha böyük bəlalardan qurtardı. Bu gün Ali Baş Komandanımızın apardığı uğurlu islahatlar nəticəsində dövlətimiz və ordumuz dünyanın qabaqcıl ölkələri sırasındadır. Biz Vətənin müdafiəçilərinə də yalnız xidmətdə ayıq-sayıq olmaq, əsgərlərimizin bilik və bacarıqlarını artırmaq, hər an döyüş əmri ilə işğalda olan torpaqlarımızı azad etmək qalır.


Novruz bayramından da söz açan zabit deyir ki, burada bayramı qeyd etməyin öz gözəlliyi var. “Bayramların keçirilməsi şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksəlməsində müstəsna rol oynayır. Ancaq düşmənlə təmas xəttində bayram günlərində daha da diqqətli olmalısan. Bu zaman düşmən atəşkəsi tez-tez pozur. Biz də çalışırıq xidmətimizi elə quraq ki, düşmənin istənilən təxribatının qarşısını almağa hazır olaq. Qəzetimiz vasitəsi ilə başda Ali Baş Komandanımız, Müdafiə nazirimiz olmaqla, xalqımızı Novruz bayramı münasibətilə təbrik edirəm. Əmin olsunlar ki, Azərbaycan əsgəri düşmən qarşısında mətinliklə dayanıb. Bizə olan etimadı doğrultmaq, döyüş əmri ilə qarşıdakı düşməni məhv edərək, işğal altında olan torpaqlarımızda üçrəngli bayrağımızı dalğalandırmağa hər an hazırıq.

- Hərbi mundirə olan marağım kiçik yaşlarımda yaranıb, - deyə gizir Elmir Bəşirov söhbətə başlayır. - Valideynlərim həmişə mənə hərbiyə aid oyuncaqlar - miniatür əsgərlər, silahlar, hərbi maşınlar alardılar. Həyətdə dostlarımla oynayanda əsgər olduğumuzu hesab edərdik. Həmin vaxtdan Vətənin müdafiəçisi olmaq istədiyimi anladım. Çox sevinirəm ki, arzuma çatmışam. Bir zamanlar əlimizdə oyuncaq silahla oynayırdıq. İndi əsl silahla Vətənimizin keşiyində dayanırıq. Bundan qürurverici hiss ola bilməz. Böyüklərimizdən hər zaman Vətənimizin dar günündə onun müdafiəsinə qalxmalı olduğumuzu eşitmişik. Hərbçi olmaq istəyimi valideynlərimə bildirəndə mənimlə qürur duyduqlarını dedilər. Sənədlərimi toplayıb Müdafiə Nazirliyinə müraciət etdim. Gizir hazırlığı kursuna qəbul oldum. Tədris və xidmət dövründə əldə etdiyim təcrübələri tabeliyimdə xidmət edənlərlə bölüşürəm. Çalışıram ki, onlar da hərbin incəliklərinə dərindən yiyələnsinlər. Əminliklə deyə bilərəm ki, tabeliyimdə xidmət edən əsgərlər istənilən döyüş tapşırığını icra etməyə hazırdırlar. Ali Baş Komandanımız döyüş əmri verərsə, xalqımıza ikiqat bayram sevincini yaşatmağa hazırıq.

Gizir Elmir Bəşirovla söhbətimizi yekunlaşdırıb döyüş mövqeyində olan şəxsi heyətə yaxınlaşırıq. Əsgərlərimizdən döyüş növbəsində olanda hansı hissləri keçirdiklərini soruşuruq. İlk olaraq söhbətə əsgər Kənan Məmmədov başlayır:

"Ali təhsil aldığım müddətdə xarici ölkədə oldum. Ancaq uşaq vaxtlarımızdan eşitdiyimiz bir bayatı var. "...Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı." Ukraynada olduğum zaman bu bayatının mənasını daha dərindən başa düşdüm. Əminliklə deyə bilərəm ki, nə qədər inkişaf edirsə-etsin, nə qədər gözəl olursa-olsun, heç bir xarici diyar Vətənimizin yerini verə bilməz. Xalqımızın çox zəngin adət-ənənələri, heç bir xalqa məxsus olmayan qonaqpərvərliyi var. Çox sevinirəm ki, təhsilimi müvəffəqiyyətlə başa vurub Vətənimə geri döndüm. Çalışacağam ki, xaricdə öyrəndiklərimi dövlətimizin inkişafında istifadə edim. Hər bir gəncin həyatında əsgəri xidmətin xüsusi yeri var. Fəxr edirəm ki, bu gün güclü Azərbaycan Ordusunun əsgəriyəm. Vətənin müdafiəçilərinin sıralarına qatıldıqdan sonra bir daha əmin oldum ki, ordumuz Azərbaycan xalqını vüsalına çatdırmaq gücündədir".


- Hər birimiz xidmətimizi düzgün təşkil etməyə, verilən əmr və tapşırıqları vaxtında yerinə yetirməyə, sahib olduğun peşəyə dərindən yiyələnməyə, müasir silah və texnikanı mənimsəməyə çalışırıq, - əsgər Elvin Ələkbərov deyir. - Fəxr edirəm ki, xidmətimi ön xətdə davam etdirirəm və xidmətimlə komandirlərimin, əsgər yoldaşlarımın rəğbətini qazanıram. Məsuliyyət hissi, vətəndaşlıq borcu, torpaq təəssübkeşliyinin sayəsində başqa cür olmağa haqqım da çatmır. Çünki ata-babalarımızdan Vətənimizi göz bəbəyimiz kimi qorumalı olduğumuzu öyrənmişik. Qarabağ müharibəsi hər bir azərbaycanlı ailəsində silinməz izlər qoyub. Atam da Qarabağ müharibəsinin iştirakçısıdır. Ağlım kəsəndən o, döyüşçülərimizin qəhrəmanlıqlarından danışardı. Hər dəfə o anları yenidən yaşadığını hiss edərdim. Həmişə deyərdi: "Oğlum sən də bu Vətənin övladısan. Vaxtı gələndə sən də Vətənimizi düşməndən qoruyacaqsan. O zaman xidmətini düzgün təşkil et, hər zaman torpaqlarımızın keşiyində ayıq-sayıq dayan". Onun bu sözləri həyatıma mayak oldu. Hərbi xidmətə çağırış vərəqəsi alanda atam məndən çox sevinirdi. Onun gözlərində olan sevinci, keçirdiyi qürur hissini heç vaxt unutmaram. Çalışacağam ki, bundan sonra da nümunəvi xidmət edim.

Hərbi hissədə keçirilən fiziki hazırlıq məşğələsindən danışan əsgər Əli Talıbzadə idmanın insanın formalaşmasında əsas amillərdən biri olduğunu qeyd edir. "Komandirlərimiz fiziki hazırlığın döyüş hazırlığının tərkib hissəsi olduğunu vurğulayırlar. Fiziki cəhətdən möhkəm əsgər döyüş meydanında istənilən tapşırığı uğurla icra etməyə qadirdir. Bunu əsas tutaraq, komandirlərimiz fiziki hazırlığımızı daima diqqət mərkəzində saxlayırlar. Hərbi hissəmizdə də müasir tələblərə cavab verən idman şəhərcikləri yaradılıb. Günün nizam qaydasına uyğun olaraq idmanla məşğul oluruq, fiziki imkanlarımızı artırırıq. Unutmamalıyıq ki, hər bir əsgər hazırlığına görə fərdi məsuliyyət daşıyır. Bunun üçün əlimizdən gələni əsirgəmirik. Hərbi hissədə mütəmadi olaraq bölmələrarası yarışlar keçirilir. Yarışın qalibləri komandanlıq tərəfindən mükafatlandırılır. Onlar da istəyirlər ki, əsgərlərimiz düşmənlə üz-üzə gəldikdə ona layiqincə cavab verə və döyüşü qalib kimi tərk edə bilsinlər. Komandirlərimiz də tabeliyində xidmət edənlərin fiziki cəhətdən güclü olmalarının marağındadırlar. Arzum budur ki, üçrəngli bayrağımızın Qarabağımızın ən uca zirvəsində dalğalandığını görüm".

- Əsgərlik dostu ömür dostudur, - deyə əsgər İlkin Əmirli xidməti dövründə qazandığı dostlardan danışır. - Dost insanın həyatı boyu qazandığı ən dəyərli və güzgü kimi özünü əks etdirən biridir. Boş yerə deməyiblər: "Dostunu göstər, deyim sən kimsən." Dost hər zaman yanında olar, sevincini və kədərini səninlə bölüşər... Uşaq bağçasından, məktəbdən yalnız bir neçə şəxslə dost olursan. Hərbi xidmətə gəldiyim ilk gündən çoxlu dost qazanmışam. Çox sevinirəm ki, dostlarımın sırasında İsmayıl Kərimov, Elşən Cəfərov, Vahid Tahirov və Rəhman Lətifov kimi vətənpərvər oğullar var. Mən o xoşbəxt insanlardanam ki, xidmətim dövründə belə sadiq dostlar qazana bildim. Ancaq ən böyük xoşbəxtlik torpaqlarımızın azad olunan günü yaşayacağımız xoşbəxtlikdir. Hər birimizin ən böyük arzusu qələbədir, işğal altında olan torpaqlarımızın azad olunmasıdır. İnanırıq ki, həmin günü həsrətlə gözləyən, qələbə sevincini yaşamaq istəyən xalqımızın arzularını gerçəkləşdirəcəyik. Qarabağ həsrətinə son qoyulacaq. Həmin gün uzaqda deyil. Bax, onda ölkəmizdə ən böyük bayram tonqalını o yerlərdə qalayacağıq".

Döyüşçülərimizlə xoş söhbətdən zamanın necə keçdiyinin fərqinə varmadıq. Artıq hava qaralır. Mərd oğullarımızla sağollaşıb yola düşürük. Avtomobil döyüş mövqeyindən uzaqlaşır. Ancaq Vətənin keşiyində dayanan oğullarımızın sözlərini düşünürəm. Onların hər kəlməsi Azərbaycanımızın güclü orduya malik olduğundan, torpaqlarımızı işğaldan azad edəcəyimiz günün yaxınlaşdığından xəbər verir.

Ruslan Həsənzadə, "Azərbaycan Ordusu"
Ordu.az

 

Mənbə: ordu.az