“İcazəsiz”

“İcazəsiz”

Dadaş əmi papirosunun son tüstüsünü göyə buraxdı. Gözünü səmadan çəkmədi. Hava tutqun idi. Qara buludlar Araz çayının üzərində dayanmışdı. Dodaqaltı mızıldandı ki, havadan nəsə yaxşı şey gözləmir.

Kafesinin qapısını açdı. Dünən axşamdan domino və nərd oynayanların külqabılarındakı siqaret kötüklərinin iyi içərini bürümüşdü. İlk olaraq çaydana su doldurub İran sobasının üstünə qoydu. Sovet vaxtından qalmış “Horizont” televizorunu işə saldı. ANS kanalında “Xəbərçi” gedirdi. Bu gün Bakıda müxalifət qüvvələri tərəfindən mitinq keçiriləcəyi barədə danışılırdı. Elə bu vaxt polis mayoru Məmmədalı içəri daxil oldu və Dadaş əmidən rayonun müxalifətçilərini soruşdu. O da cavabında onların bir azdan gələcəklərini dedi.

Rayon müxalifətçiləri hər gün Dadaş əminin yeməkxanasına yığışırdılar. Ya nərd, ya da domino oynaya-oynaya bir çaynik çayı 2-3 saata içərdilər. Hətta soyuq-soyuq.

Məmmədalı kafenin qarşı tərəfindəki ağacın altında dayandı. Televiziya operatoru Dımıqi də yanındaydı. Ara-sıra polis nəfərləri görünməyə başladı. Dımıqi papirosunu yerə atıb Məmmədalıdan soruşdu:

- Ay rəis, biz nəyi gözləyirik ?

- Tələsmə, mitinq olacaq. Bakıda qarşısını alacaqlar. Gərək biz də burda öz işimizi televiziya ilə göstərək.

- Olmasa, nə edək?

Dımıqinin sualı Məmmədalını fikrə apardı. Tez telefonla rəislərinə zəng vurdu. Telefonun qulaqcığında səs aydın eşidilirdi. Nə olur-olsun, mitinqin qarşısı alınması barədə süjet olmalıdır.

Dımıqi yenə papirosunu yandırdı. Buludlara baxıb dedi:

- Rəis, bunlardan mitinq keçirən olmaz. Burax gedim, işimi-gücümü görüm. Elmar Hüseynov var. Arada bekar olanda şeir də yazır. Axşam Yuskanın pavlionunda onun ad gününü çəkəcəm. Tərslikdən pulunu əvvəldən də Yurdoğlu verib.

Məmmədalı operatordan bir az dözməyini xahiş etdi. Elə bu zaman müxalifətçilər yavaş-yavaş yığışmağa başladılar.

Cavad Hüseynov çox alicənab adam idi. Müxalif qüvvələrin rəhbəri kimi hamını başına yığardı.

Hüseynovun ardınca Qasım Fəxrəddinli, Qəlil Əsgəroğlu və Fərzux Seyidbəyli kafeyə daxil oldular və həmişəki kimi nərdi götürüb başladılar zər atmağa.

Bir müddətdən sonra ayrı-ayrı masalarda əyləşmiş, təxminən, 10-15 nəfər müxalifətçi papiros çəkib nərd, domino oynamağa başlamışdılar.

Saatlar keçir, Məmmədalı isə yuxarıdan gələn “mitinqin qarşısı alınsın” əmrini necə həyata keçirəcəyini fikirləşirdi. Dımıqi kamerasını ayaqlarının arasına yerləşdirib deyinməyində idi.

-Ay rəis, olmayan mitinqin qarşısı necə alınacaq axı?

Dəllək Şıxəlı də əlində ülgüc müştəri axtarırdı. Bir yerə toplaşmış polisləri görüb zarafatla bir ikisinə “gəlin, saçınızı qırxım” dedi. Polislərdən səs çıxmadı.

Yuxarıdan əmr gəldi. Bu axşam televiziyada mitinqin qarşısı alındığı ilə bağlı süjet mütləq getməliydi. Həmin vaxt Cavad bəy ovcunda zərləri fırladırdı. Ona şeşin beşi lazım idi ki, son iki daşını çıxıb Çayçı İsoşu mars etsin.

Məmmədalı çayxanaya daxil oldu. Əsəbi halda:

-Ə, neynirsiz burda?

Cavad Hüseynov sakitcə cavab verdi:

-Rəis, nərd oynayırıq, görmürsünüz?

Məmmədalı aranı qarışdırmaq üçün fəndlər axtardı.

- Sən hüquq-mühafizə orqanın əməkdaşıynan belə danışma. Necə yani görmürsən? Bu nə danışıqdır ? Mitinq zad etmirsiz ki?

Cavad bəy zəri əlində oynada-oynada ona tərəf döndü:

- Nə mitinq? Nə məsələdi? Bizim belə planımız yoxdur. Bu dəqiqə mənə şeş -beş lazımdır.

Məmmədalı yumruğunu nərd taxtasının üstünə vuraraq bağırdı:

- Duxunuz var, mitinq edin! Heç nə edə bilməzsiz!

Qəlil Əsgəroğlu əlində domino daşları ayağa qalxıb rəisə yaxınlaşdı.

- Ay rəis, mitinq zad söhbəti yoxdur. İmkan ver, dominomuzu oynayaq.

Məmmədalı əsəbi halda:

- Mən nə vaxta kimi rəisəm, bu rayonda mitinq ola bilməz! Heç eləyə də bilməzsiniz!

Dedi və domino daşlarını Qəlil bəyin əlindən alıb yerə çırpdı. Bunu görən müxalifətçilər araya girdilər. Mübahisəni görən Şeydulla da kamerasını işə saldı.

Polis nəfərləri müxalifətçiləri dəyənəklə döyməyə davam edirdilər.

Məmmədalı yüksək səslə deyirdi:

-Dımıqi, çək tez çək.

Dımıqi yaxın məsafədən müxtəlif rakurslardan planlar çəkməyə başladı, 5-10 kadrdan sonra çığırdı.

- Rəis var, var, 10 dəqiqəlik süjet üçün material var.

Bunu deyən kimi Məmmədalı dəyənəkləri saxlamağı əmr etdi. Polislər çıxıb getdilər.

Kafenin pəncərəsində Dadaş əmi, bər-bərxananın qapısından isə Şıxəli məyus – məyus baxırdı.

Müxalifətçilər dəyənəklərin zərbəsindən yerə uzanıb zarıldayırdılar.

Kafenin qarşısından Qıqılı xala və Cımı əmi keçirdi. Cavad Hüseynovun eynəyi Qıqılı xalanın ayağı altında qalıb qırıldı. Cımı ovulmuş eynək şüşələrini ovcuna yığıb Cavad bəyin ayaqlarının altına atdı. Buna fikir verən olmadı.

Cavad bəy ayağa qalxmaq istədi, bədəninin ağrısından qalxa bilməyib huşunu itirdi. Ovcu birdən açıldı. Barmaqlarının arasından nərd zərləri düşüb diyirləndi və şeş beş olaraq dayandı.

Elə bu vaxt televizorda “Xəbərlər” proqramında təxminən yarım saat əvvəl çəkilən hadisədən süjet getdi. Aparıcı icazəsiz mitinqin qarşısının qətiyyətlə alındığını dedi.

Tahir Tahiroviç

 

Mənbə: moderator.az