İran-ABŞ münasibətləri daha da gərginləşir, Suriyada isə...

İran-ABŞ münasibətləri daha da gərginləşir, Suriyada isə...

Son bir ayda dünyanın əsas probleminə çevrilən koronavirus pandemiyası da Suriyada cərəyan edən proseslərin qarşısını ala bilmir. Qardaş Türkiyə Suriyada hazırda əsas oyunçuya çevrilib. Koronavirusun əsas zərbə vurduğu ölkələrdən sayılan Amerika, Rusiya və İran demək olar ki, Suriyadakı maraqlarını arxa plana atıblar.

Son olaraq, Türkiyə Suriyadakı hərbi müşahidə postlarının sayını artırıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, yerli mənbələr Türkiyənin Suriyadakı müşahidə postlarının sayının 56-ya çatdığını bildirib.

Sonuncu dəfə bir neçə gün əvvəl Türkiyənin Suriyanın İdlib bölgəsinin qərbində yerləşən Əl-Barnas bölgəsində yeni bir post qurduğu bildirilir. Eyni zamanda Cisr əl-Şuqur yaxınlığındakı Əl-Zainiya və Beksarya bölgələrində və eyni ərazidə Əl-Farika bölgəsində üç müşahidə məntəqəsi qurduğu qeyd olunur.

Bundan əlavə, Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK terror təşkilatının yerli filialının–YPG-nin 9 silahlısını zərərsizləşdirib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib.

Məlumatda deyilir ki, bir terrorçu "Fərat qalxanı” əməliyyat zonasını atəşə tutarkən məhv edilib, 8 silahlı isə "Sülh bulağı” əməliyyat zonasına soxulmağa cəhd edərkən zərərsizləşdirilib.

Amerika-İran gərginliyi də koronavirus dövründə diqqətləri cəlb etməyə bilməz. Rəsmi Vaşinqtonun on minlərlə insanın bu virusa yoluxduğu, minlərlə insanın isə həyatını itirdiyi İrana qarşı tətbiq etdiyi sanksiyaları davam etdirməsi cənub qonşumuzun səbrini tükəndirməkdədir.

Rəsmi Tehran artıq koronavirus pandemiyası ilə mübarizə üçün Beynəlxalq Valyuta Fondundan 5 milyard dollar təcili maliyyə yardımı istəyib və fondun üzvü olmasına baxmayaraq, qurum vəsaiti gecikdirir. Bununla bağlı İran prezidenti Həsən Ruhani BVF-ya çağırış edib.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə H.Ruhani hökumətin iclasında çıxışı zamanı deyib: “Beynəlxalq təşkilatları öz vəzifələrini yerinə yetirməyə çağırıram. Biz Beynəlxalq Valyuta Fondunun üzvüyük. Kredit verilərkən ayrı-seçkilik tətbiq olunmamalıdır”.

H.Ruhani ABŞ-ın tətbiq etdiyi sanksiyaları da tənqid edib və bunu “iqtisadi və tibbi terrorizm” adlandırıb. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də ABŞ-ı neft satışına əngəl yaratmamağa çağırıb.

Ayna.az xarici mətbuata istinadən xəbər verir ki, nazir ABŞ-ın İranın neft tədarükünün qarşısını almaq istədiyini bildirib: "Bizə sanksiya tətbiq edən Trampdan xeyriyyəçilik etməsini istəmirik. Sadəcə ABŞ-ı İranın neft və digər məhsullarının satışına qoyulan maneələri dayandırmağa çağırırıq”, - deyə, Zərif əlavə edib.

Eskpertlər Suriya böhranının bitməyəcəyini, İran ətrafındakı qara buludların isə hələ bir müddət çəkilməyəcəyini proqnozlaşdırırlar.

Beynəlxalq münasibətlər üzrə şərhçi Elşən Mustafayev Rusiya və İranın Suriyadakı maraqlarından geri çəkildiyi barədə fikirlərlə razı deyil: “Suriya məsələsində son vaxtlar Türkiyənin aktiv görünməsi onun regionda prosesləri öz nəzarətinə aldığı anlamına gəlməməlidir. Eyni zamanda, Rusiya və İranın Suriyadakı maraqlarından geri çəkilməsindən də söhbət gedə bilməz. Hesab edirəm ki, Əsəd rejimi tərəfindən Rusiya, müxalif güclər tərəfindən isə Türkiyə regionda söz sahibliyini hələ ki saxlayır. İran isə göründüyü kimi ruslarla eyni siyasəti bölüşür və Əsəd rejimini müdafiə etməkdə qərarlı görünür. O ayrı məsələdir ki, bu 3 dövlətin hər birinin Suriyada özünəməxsus maraqları var və bəzi hallarda atdıqları addımlar aralarında gərginliklərə səbəb olur. Əsas da Türkiyə və Rusiya zaman-zaman belə problemlərlə üz- üzə qalıblar. Amma nəticədə gördüyümüz kimi, hər iki dövlət başçılarının görüşlərindən sonra problem yoluna qoyulub. Bu görüşlər zamanı kimlər hansı güzəştləri edib, bu da ayrı bir məsələdir. Ona görə də hesab edirəm ki, dünyada gedən koronavirus pandemiyası daha çox diqqət mərkəzində olmaqla insanların diqqətini cəlb etsə də, 3 dövlətin regiona marağını azaltmayıb və fəaliyyətləri də əvvəlki qaydadadır. ABŞ-ın maraqlarını da unutmaq olmaz. Baxmayaraq ki, rəsmi Vaşinqton regiondan bir qədər geri çəkilmiş görüntüsü yaradıb, əslində isə hesab edirəm ki, ABŞ-ın problemə təsiri hələ də ciddiliyini qoruyur. Onun dəstəklədiyi qüvvələr bu günə kimi ABŞ-dan müxtəlif istiqamətlərdə yardımlarını alırlar. Onların koronavirusla mübarizə üçün 1.2 milyon dollar dəyərində tibbi yardımı YPG-PKK terrorçularının nəzarət etdiyi şəhərlərə verməsi o qruplara hələ də təsirlərinin olduğunu göstərir. Yəni prezident Tramp Suriyadan çıxmaqla bağlı müxtəlif bəyanatlar versə də, əslində ABŞ siyasətinin regiondan çıxmasından söhbət gedə bilməz və qəbul etmək lazımdır ki, o regionun hələ də əsas söz sahiblərindəndir”.

Ekspert Amerikanın hazırkı İran siyasətini bu cür dəyərləndirdi: “ABŞ-ın regionun əsas oyunçularından biri olan İranla bağlı siyasətində də hər hansı dəyişiklik olmayıb. İrana qarşı sanksiyalar o həddə qədər kəskinləşib ki, koronavirusla mübarizə gedişatında çox ciddi problemlərlə üz-üzə qalıb. Dövlət rəsmiləri açıq şəkildə ABŞ-dan neft və neft məhsulları satışına qoyulan sanksiyaları götürməyə, onların satışına mane olmamağa çağırıb. Prezident Həsən Ruhaninin ABŞ-ın böyük təsiri olduğu Beynəlxlq Valyuta Fondundan pandemiya ilə mübarizə üçün 5 milyard kredit istəyi çox yaxın zamanlarda İranda vəziyyətin daha da ağırlaşa biləcəyindən xəbər verir. İran rəsmiləri bəyanatlarında ABŞ-ı tənqid etsələr də, hesab edirəm ki, aralarında başlamış əsas danışıqların ritorikası daha yumşaqdır. Hansı ki, belə danışıqların artıq olmasına inamım çoxdur. Əgər yaxın vaxtlarda İrana koronavirusla mübarizə adı altında müxtəlif mənbələrdən kreditlər və ya yardımlar verilməyə başlayacaqsa, hesab edirəm ki, bu danışıqların nəticəsi ola bilər. Hadisələrin bu istiqamətdə inkişafı İranla böyük sərhədi olan dövlət kimi həm də Azərbaycanın təhlükəsizliyinə xidmət edər”.

 

Mənbə: cia.az