ABŞ-da indi ərzaq qədər silah satılır - vətəndaşlar polisə inanmır

ABŞ-da indi ərzaq qədər silah satılır - vətəndaşlar polisə inanmır

Koronavirus böhranının qızğın çağında ABŞ-da insanlar artıq özlərini yalnız maska və əlcəklə qorumağı düşünmür. Yerli vətəndaşlar virusdan daha təhlükəli gördükləri ünsürlərlə mübarizə aparmaq üçün sürətlə silahlanır.

Musavat.com xəbər verir ki, Almaniyanın “Die Zeit” qəzeti bununla bağlı maraqlı məqalə dərc edib.

Qəzet Oreqon ştatında 16 qutu patronla birlikdə yarıavtomat silah alan yaşlı bir qadının “New Yorker” jurnalına verdiyi müsahibəsini oxuculara çatdırıb. “Dünya artıq əvvəlki kimi deyil. İki ay sonra şəhərdə aclıq başlasa məni özümdən başqa heç kim qorumayacaq,”-deyə o söyləyib.

ABŞ-ın bir çox ştatında silah əldə etmək olduqca asandır. Ölkənin ən qüdrətli lobbi təşkilatlarından sayılan Milli atıcılıq assosiasiyası (NRA) 5 milyon üzvü özündə birləşdirir. Bu təşkilat silah satışına gətirilmək istənilən bütün məhdudiyyətlərin qarşısında müvəffəqiyyətlə dayanıb. Cenevrədə fəaliyyət göstərən Beynəlxlaq münasibətlər institutunun məlumatına görə ABŞ-a adamdan çox silah var. Burada hər 100 vətəndaşa 120 tüfəng və ya tapança düşür.

Koronavirus pandemiyası gələndən sonra isə odlu silahların satış rəqəmləri kəskin şəkildə qalxıb. FTB-nin informasiyasına görə, təkcə mart ayında 2,5 milyon ədəd silah satılıb ki, bu ötən ilin eyni vaxtı ilə müqayisədə 83% çoxdur.

“İnsanlar gərgindirlər və iğtişaşlardan, qarətlərdən qorxurlar. Əgər daha çox adam xəstələnsə dövlət normal olaraq öz funksiyasını icra edə bilməyəcək. Ona görə də indidən hazırlıqlarını görürlər”,-deyə Corciya ştatının professoru, silah üzrə ekspert Timoti Litton “The New York Times” qəzetinə danışıb.

Bundan başqa, mətbuat NRA-nın əhali arasında qorxunu yaymaq siyasətinə diqqət çəkir və narahatlığı dilə gətirir. Belə ki təşkilatın sosial şəbəkələrdə yaydığı reklam çarxlarının birində əlində silah olan bir qadın “Tarxdən bilirəm ki, böhran zamanı cəmyyət necə çökə bilər,”-deyə cümlə işlədir. Bununla silah lobbisi insanları daha çox özlərini müdafiə vasitəərinə əl atmağa sövq edir. “Pew Research Center” araşdırma mərkəzini keçirdiyi sorğuya görə, hələ 2018-ci ilin sonunda əhalinin sadəcə 37%-nin polislərin onları müdafiə etmək qabliyyətinə malik olduğuna inandığını ifadə etmişdi.

Ölkənin liberal ştatları indidən həddindən artıq silah alınmaısnın önünə keçmək üçün çalışmalara başlayıblar. Artıq Kaliforniyada bir çox silah mağazaları qapadılıb. “Lakin çətin ki bu amerikalıları “silahlı xalq” obrazından qurtarsın. Təkcə 2018-ci ilin sonuna olan məlumata əsasən Birləşmiş Ştatlarda şəxsi mülkiyyətə 393 milyon ədəd silah olduğu bilinir”,-deyə “Die Zeit”in məqaləsində göstərilib.

Mənbə: cia.az