Böyük Vətən Müharibəsində iştirak edən Azərbaycan qadınlarının sayı AÇIQLANDI

Böyük Vətən Müharibəsində iştirak edən Azərbaycan qadınlarının sayı AÇIQLANDI

“Azərbaycanda elə ailə tapılmaz ki, Böyük Vətən müharibəsinə gedən ailə üzvü olmasın”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı millət vəkili Ziyafət Əsgərov deyib.

O bildirib ki, bu müharibə Azərbaycanda bütün ailələrə toxunub: “Azərbaycan artıq 90-cı illərin əvvəllərindən MDB-nin üzvüdür. MDB üzvü olduğu gündən indiyədək birlik üzvü olan ölkələrlə müxtəlif müqavilələr imzalayıb, üzərinə öhdəliklər götürüb. Bu öhdəliklərdən biri də Böyük Vətən müharibəsi ilə bağlıdır. Ona görə də bu qanun layihəsi dəstəklənməlidir”.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova isə bildirib ki, Böyük Vətən Müharibəsində 10 mindən artıq Azərbaycan qadını iştirak edib: “Onlar arasında tibb bacıları da var idi. Mən bunu hər kəsin bilməsini istərdim”.

Millət vəkili Musa Qasımlı qeyd edib ki, Milli Məclis qanunverici orqandır, tarix məsələləri ilə məşğul olmur: “Biz tarixi dəyişdirə, tariximizdən imtina edə bilmərik. SSRİ pisdir və ya yaxşıdır. Ancaq bu, bizim tariximizdir. Azərbaycan digər xalqlarla birgə qələbəyə böyük töhfə verib. Biz özümüzü uğursuz tarixçi rolunda görməməliyik. Sovet dövründə belə respublikamızın Müdafiə Nazirliyindən başqa bütün orqanları var idi. Xarici işlər Nazirliyi isə formal xarakter daşıyırdı. Bu, bizim tariximizdir”.

Mənbə: lent.az