Ekspert: “Çin dünya qarşısında COVİD-19-a görə məsuliyyət daşıyır”

Ekspert: “Çin dünya qarşısında COVİD-19-a görə məsuliyyət daşıyır”

Dünən Çin dünyaya koronavirusun yayıldığı Uhan şəhərində karantinin aradan qalxdığını elan etdi və şəhər rəhbərliyi bunu xüsusi bayram kimi qeyd etdi. Əslində virusun yayılmasına qədər adının çoxları tərəfindən bilinmədiyi Uhan şəhəri təsəvvürümüzdəki kimi yosma damları ilə gecə qondu evlərindən ibarət kişik bir şəhərcik yox, göydələnləri, güclü iqtisadiyyatı ilə çiçəklənmiş böyük və gözəl bir meqapolisdir. Ən azından əhalisinin Azərbaycandan 3 dəfə çox olması bu şəhər haqqında az şey demir.

Pandemiyanın səngimədiyi bu günlərdə Çinin xəstəliklə bağlı statistikanı gizlətməsi barədə çoxlu sayda xəbərlər yayılır. 1 milyard əhalisi olan çində yoluxma faktı təxminən 80000 nəfər oldu,ölüm faizi də bu göstəricinin 2 faizini təşkil etdi. Bu gün Avropa, ABŞ isə əsl fəlakət yaşayır və yoluxanların, qurbanların sayı Çinlə müqayisə edilməyəcək dərəcədə çoxdur. Üstəlik ABŞ prezidenti tez- tez Çini xəstəliyi yaymaqda ittiham edir və həttta nüfuzlu mənbələrdən birində ABŞ-ın Çindən trilyard dollarlıq təzminat tələb edəcəyi də yazıldı. Bu da ağıllara başqa sual gətirir, əcəba, gələcək təzminatın daha yüklü olması ABŞ və Avropa da qurbanların sayını qəsdən artırmış ola bilərmi?

 

Əziz Əlibəyli

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Bizimyol.infonun sualını bu şəkildə cavablandırır:

“Çinin bu mübarizədəki itkiləri dəqiq olmaya bilər. Çünki eyni prosesdən əziyyət çəkən digər ölkələrin statistikası və müşahidə edilən mənzərə onu deməyə əsas verir ki, Çin rəqəmlərlə oynamaqdadır. Digər maraqlı detal Uhanda karantin rejiminin ləğvidir ki, bunun da nə dərəcədə doğru olması şübhəlidir. Mənim versiyam, Uhanı qurban verməklə Çin iqtisadiyyatı işə salmaq istəyir. O baxımdan da hansısa canlı itki Çin üçün o qədər də böyük əhəmiyyət daşımır. Başqa bir detal, “Çin vaksini tapdımı?” sualıdır. Bunun da cavabı müsbət deyil, demək ki, heç də virus olayı bitməyib, bəlkə də dünya artıq virusla qoyun-qoyuna yaşamağa öyrəşməlidir. Çin dünya qarşısında buna görə məsuliyyət daşıyır, hətta milyard dollarlıq təzminat tələbləri ilə üz-üzə qala bilər.

Bunun ilk hüquqi əsası öz xalqına virus başlayan gündən məlumat verməməsi, daha sonra isə yanlış məlumat verməsindədir. Xəstəlik barədə ilk informasiyanı yayan alim Li Venlianq həbs edildi, sosial həyatda həyəcan yaratdığı üçün həbs edilən həmin alim virusdan həyatını itirdi. Əvvəl qarşısı alınan xəstəlik kimi ifadə etdilər, daha sonra isə insandan –insana keçmədiyini də iddia etdilər. Digər hüquqi problem Dünya Səhiyyə Təşkilatına 2 ay müddətində düzgün xəbər verməmələri oldu. Məhz bu problem beynəlxalq hüquqa görə 150-dən artıq ölkənin (İndiki halda) hüquqlarının pozulması demək idi ki, bu ölkələr birbaşa Çini məhkəməyə verə bilərlər. Sars virusunda da qapalı, kommunist rejimlə idarə edilən dövlət xəbəri gizlətmişdi və ÜST buna görə də bütün ölkələr üçün məcburi olan Beynəlxalq sağlamlıq qaydaları hazırladı, bu toplu ilə məsuliyyətlər müəyyən etdi, Çin bu halda da beynəlxalq hüququ pozub. Bu qaydaları imzalayan 194 ölkədən biri olan Çin sürətli informasiya paylaşmaqla mükəlləfdir. ÜST çərçivəsində 1969 –cu ildə 6 yoluxucu xəstəlik (Xolera, vəba, sarı xumma, çiçək xəstəliyi, tekrarlanan qızdırma və tif) nəzarət altında saxlanılması üçün qəbul etdi. 2005-ci ildə isı siyahıya vəhşitipli poliovirus mənşəli çiçək xəstəliyi, uşaq qıcolması, SARS və yeni növ influenza xəstəlikləri əlavə edildi.

Qaydaların 6-cı maddəsinə görə, ölkələr sürətli şəkildə, zamanında, bütöv şəkildə ÜST-ə məlumat verməlidirlər. 10-cu maddəyə görə, doğru və tam olmayan informasiyaya görə hansısa bir ölkə digər ölkədən doğru məlumat üçün tələb göndərə bilər. 24 saat müddətində ölkələr bu prosesə əməl etməyə məcburduralar. Amma Çin ilk iki ayda bunu dünyadan və ÜST-dən gizlətdi, buna görə o, Beynəlxalq hüquq komissiyasının 2001-ci ildə qəbul etdiyi dövlətlərin beynəlxalq hüququ məsuliyyəti sənədinin birinci maddəsinə görə dövlətlər bu hallarda – məsuliyyətsizliyinə görə üçüncü tərəfə zərər vurmaqla məsuliyyət daşıyırlar. Digər maddələrə görə şəxslərin (cavabdeh fiziki şəxslər) əməllərinin miqyası böyüdükcə və qlobal (ölkədən kənara çıxarsa) məsuliyyəti dövlət (Çin) daşıyır.

Əlbəttə Çin pandemiya yaradıb deyə, ittiham edilə bilməz, amma məsuliyyətsiz davranışı hüquq pozuntusudur və təzminat ödətmək üçün predmet yaradır. BMT nizamnaməsidir XIV hissəsinə görə, haqları pozulan dövlətlər Beynəlxlaq Ədalət Məhkəməsinə və digər orqanlara müraciət edə bilərlər. Amma dövlətlərin müstəqilliyinin toxunulmazlığı prinsipi bu iddiaları və dünya hüququnun hazırda zəif olmasını da göz önünə gətirir. Zərər görən dövlətlər təhdid, güc istifadə etmək, insan haqlarına zidd hallar olmaqla Çinlə məhkəmə prosesinə başlaya bilər. Bu isə təzminatdan daha çox ikitərəfli münasibətlərin dayandırılması, ticarət əlaqələrinin dondurulması, Çin mallarına ağır vergi və s. ola bilər”.

 

İlham İsmayıl

Politoloq, keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl isə hesab edir ki, Çindən təzminat tələb etməyin də heç bir beynəlxalq hüququ əsası yoxdur. O , Bizimyol.info-ya məsələ ilə əlaqədar bunları deyib:

“Ümumiyyətlə, hadisələrin inkişafı göstərdi ki, pandemiyanın mənbəyi kimi yalnız Çini göstərmək doğru deyil. Virusun təbii əmələ gəlməsi və ya insan tərəfindən hazırlanıb yayılması barədə müxtəlif fikirlər, hipotezalar yayılır və hələ də davam edir. Çində totalitar rejim hökm sürür və virusa yoluxanların və ölənlərin sayının bu ölkədə gizlədilməsi mümkündür. ABŞ prezidenti Trampın Çini xəstəliyi yaymaqda ittiham etməsində siyasi çalarlar daha çoxdur. Çin iqtisadiyatını zəiflətməyə hesablanmış addımdır və hüququ əsası yoxdur. Çindən təzminat tələb etməyin də heç bir beynəlxalq hüququ əsası yoxdur. Ona görə də Avropanın virus qurbanlarının sayını süni şəkildə artırması fikri də doğru deyildir”.

Minnətdaram

Mənbə: www.bizimyol.info