BMT çəkildi: münaqişələr alovlanacaq - Polkovnik

BMT çəkildi: münaqişələr alovlanacaq - Polkovnik

BMT-nin sülhməramlı qoşunları dünyanın bir çox nöqtələrində fəaliyyət göstərir. Bu qüvvələrin mövcudluğu bəzi münaqişələrin alovlanmasının qarşısını alır.

Bu sözləri Axar.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov Birləşmiş Millətlər Təşkilatının (BMT) yeni tip koronavirusun yayılması ilə bağlı sülhməramlıların rotasiya və yerləşdirilməsi məsələsini təxirə salması haqqında danışarkən deyib. Polkovnik qeyd edib ki, bu gün bütün ölkələr koronavirusla mübarizədə ciddi tədbirlər görürlər:

“Təbii ki, təkcə dövlətlər yox, beynəlxalq təşkilatlar virusa qarşı qabaqlayıcı tədbirlər görməkdədir. Xüsusilə bu mənada beynəlxalq təşkilatların daha diqqətli olması lazımdır. Çünki bu virus bir ölkənin deyil, bütün dünyanın problemidir. Birləşmiş Millətlər Təşkilatı da koronavirusun yayılması ilə bağlı iyunun 30-dək sülhməramlılarını və beynəlxalq polis qüvvələrinin yerləşdirilmə məsələsini təxirə salıb. Düşünürəm ki, bu qərar hər nə qədər koronavirus əleyhinə qabaqlayıcı tədbir olsa da, bir çox münaqişənin yenidən alovlanmasına zəmin yaradacaq. Hər halda gələcəkdə bunun fəsadları görünəcək. BMT qüvvələrindən boş qalan yerlərdə müxtəlif radikal qruplaşmaların, silahlı birləşmələrin, hətta münaqişə şəraitində olan ölkələrin aktivliyi artacaq”.

Mənbə: axar.az