Çin ABŞ-ın varisi ola biləcək, yoxsa sonu Sovet İttifaqına bənzəyəcək?..

Çin ABŞ-ın varisi ola biləcək, yoxsa sonu Sovet İttifaqına bənzəyəcək?..

Çin böyük bir dövlətdir, lakin nəinki dünyada, hətta Asiyada belə ABŞ-ın alternativi olması üçün çoxlu çatışmazlıqları var...

 

Nedim Kuteyş

“The Independent” qəzeti, 7 aprel 2020-ci il

İran Çinin koronavirusla bağlı hekayəsinə və açıqladığı yoluxma və ölüm statistikasına inanmadığını bildirib və bu da onu göstərir ki, Çin artıq bu məsələdə ən həssas vəziyyətə çatıb. Yəni Çinin verdiyi açıqlamalara şübhə ilə yanaşan artıq təkcə ABŞ deyil, İran belə əzəli düşməni ilə həmfikirdir.

İran Səhiyyə Nazirliyinin müşaviri Kiyanuş Cahanpur Pekinin açıqladığı rəqəmlərin “acı bir zarafat” olduğunu deyib və virusun yayılma reallığının səhv başa düşülməsinə səbəb olduğu üçün Çini İrana dəyən ziyana görə ittiham edib.

Cahanpur qeyd edir ki, Çinin əvvəlcə açıqladığı rəqəmlərə və məlumatlara görə, İran digər insanlar kimi bu epidemiyanı digər qrip infeksiyalarına bənzədib və daha az ölümlə nəticələnəcəyini qənaət verib.

Buna bənzər açıqlamaları İranın Səhiyyə nazirinin müavini Rza Məlikzadə də verib.

Bu ifadələr İranda koronavirus pandemiyasını “böyük şeytanın İslam Respublikasına və digər dqşmən ölkələrə qarşı apardığı bioloji müharibənin bir parçası” adlandıran bir çox absurd ideoloji ritorikanı aradan qaldırıb.

Ancaq əsas məsələ İranın Çinlə bağlı şübhələrini ABŞ-ın hegemon dövrünün sona çatdığı və Çinin yüksəldiyi, Çin təbliğatının aktiv olduğu bir dönəmdə elan etməsidir.

Şübhəsiz ki, Çin dövləti Si Tsinpinin 2012-ci ilin noyabrında Çin Kommunist Partiyasının baş katibi və 2013-cü ilin martında Çinin dövlət başçısı seçilməsi ilə böyük bir dönüş dövrünə qədəm qoydu.

Son 10 ildə Si Tsinpin Çini sürətlə tək adamlıq rejimə keçirib. 2018-ci ildə dövlət başçısının səlahiyyət müddətini məhdudlaşdıran qanunları ləğv etməklə, demək olar ki, o, özünün qeyri-müəyyən müddətə qədər vəzifədə qalacağını elan edib.

Müvafiq olaraq, dövlət başçısı kimi yerini möhkəmləndirmək, qorxu siatemi yaratmaq və liderin əzəmətini artırmaq üçün Si Tsinpinin partiyaya və xalqa daha çox təzyiq etmək ehtiyacı yaranıb.

Xüsusilə də Çinin mədəni və etnik idarəetmə mexanizmlərinin zəif olduğunu xatırladan müsəlman Sincan əyalətində təzyiqlər artıb.

Həmçinin, Çin demokratiyasının davamlı çiçəklənməsinin yeganə nümunəsi olan kapitalist Honkonqa da təzyiqlər artırılıb.

Tibetlilərin isə hər səhər dualarında Çinə lənət göndərdiklərini də xatırlamaq yerinə düşər. Lakin Tibet Hindistanın əlinə keçsə, bütün Çinin ələ keçməsi təhlükəsi yaranacaq. Eyni zamanda, Tibet Çinin üç əsas çayının mənbəyidir. Dünyanın ən yüksək yaylası və “su qülləsi” olan Tibetdə də təzyiqlər getdikcə artmaqdadır.

Si Tsinpin və bütün dünya səhiyyə problemindən yaranan iqtisadi böhranla üz-üzədir və Çinin indiki iqtisadi vəziyyəti ilə 2008-ci ildəki maliyyə böhranı zamanı sahib olduğu iqtisadi vəziyyət eyni deyil. Çin o zaman 600 milyard dollarlıq ümumi daxili məhsulun 13%-nə bərabər olan iqtisadi və maliyyə təşviq paketini qlobal iqtisadiyyata axıdaraq dünyaya liderlik etmişdi.

Bu paket sayəsində qlobal ticarət çökməkdən xilas olmuşdu. Lakin bu gün Çin fərqli bir vəziyyətdədir. 2008-ci ildən bəri, o, xüsusilə “Bir Kəmər və Bir Yol” layihəsi çərçivəsində infrastruktur layihələrini maliyyələşdirdiyi üçün böyük bir borcu yaranıb və koronavirus pandemiyasının ikinci dalğasının orraya çıxması təhlükəsi ilə də üz-üzədir.

Tsinpin bütün bu boşluqları uğurlu siyasi təbliğat və yalan xəbərlərlə doldurur.

Bu təbliğatın uğurlu olmasının əlamətlərindən biri də Florida ştatının gənc senatoru Marko Rubionun Konqresdəki iclasların birində etdiyi çıxışının Çin dilinə tərcümə edilməsi və bunun sürətlə yayılması idi.

Rubio bu emosional və qorxu saçan nitqində 10 il ərzində Çin birjasının ABŞ birjalarıını əvəz edəcəyini və ABŞ istehlakçılarına lazım olacaq məhsulları və ya dərmanları almaq üçün ABŞ-ın siyasi cəhətdən Çindən asılı olacağını deyərək, bu günki Çin-ABŞ rəqabətindən danışıb. Həmçinin, Çinin 5G texnologiyaları, süni intellekt və s. sahələrdəki inkişafına qarşı xəbərdarlıq edib.

Faktlara baxdıqda görünür ki, Rubionun dediklərinin çoxu həqiqətdir. Lakin texniki bir uğur Çinə ABŞ-ın varisi olacaq qədər fövqəlimperiya rolu vermir.

Rubionun dediklərinin bir çoxu 1950-ci illərin sonu və 60-cı illərin əvvəllərində Sovet İttifaqı kosmos yarışında ABŞ-ı keçdiyi zaman da dilə gətirilmişdi.

Roçer Şarma “Foreign Affairs” jurnalında dərc olunan bir məqaləsində də bunu diqqətə çatdırıb.

70-ci illərdə neft qiymətləri çox artdığı üçün Sovet İttifaqı ABŞ iqtisadiyyatını üstələməyə yaxınlaşdıqca buna bənzər şeylər deyilmişdi. Amma sonrakı 10 ildə Sovet İttifaqının özü dağıldı.

1980-ci illərdə isə dünya imperatorluğuna Yaponiya varis olmuşdu. Lakin Yaponiyanın ABŞ-a alternativ olaraq yüksəlməsi əfsanəsi də 80-ci illərin sonlarında Tokio birjasının batması ilə sona çatdı.

İndi isə növbə Çin əfsanəsinindir.

Reallıq budur ki, ABŞ-ın dünyanın ümumi daxili məhsulundakı payı 25%-dir və bu pay 40 il ərzində demək olar ki, sabit qaldı.

Bunun əksinə olaraq Çinin payı 16%-dir. Bu, böyük bir pay olsa da, ABŞ-ın deyil, Yaponiya, Avropa və Rusiyanın paylarına təsir edir.

ABŞ birjasının dəyəri son on ildə 250% artıb ki, bu da dünyanın hər hansı bir fond bazarının, o cümlədən dəyəri yalnız 70% artan Çin birjasının dəyərindən 4 dəfə çoxdur.

Bundan əlavə, ABŞ-ın 7 şirkəti dünyanın ən böyük şirkətləri siyahısında birinci yerdədir. Həmçinin, miqrasiya qaydalarına görə ABŞ-da əhalinin 2035-ci ilə qədər artacağı gözlənilsə də, Çin son 2 ildə bu məsələdə daralmadan əziyyət çəkir. Bu da iqtisadi artım üçün ciddi problemdir və pensiya çatışmazlığı səbəbindən dövlət büdcəsinə təzyiq göstərir.

Elmə gəldikdə isə qeyd etməliyik ki, ABŞ-ın 106 Nobel mükafatına qarşı, Çinin 12 mükafatı var və dünyanın ən yaxşı 10 universitetinin 8-i ABŞ-dadır.

Cozef Nayın dediyi kimi, Çin və ABŞ arasındakı dil, incəsənət, kino, siyasi sistem dəyərləri və mediadaki əfsanəvi fərqlərdən də danışa bilərik.

Birləşmiş Ştatlar imperialist bir güc kimi tanınsa da ölkələr ABŞ-a qarşı Çinlə deyil, daha çox Çinə qarşı ABŞ-la müttəfiq olmağa yaxındırlar.

ABŞ-ın qonşuları onunla olan münasibətlərinə inandığı halda, Çinin Hindistan, Avstraliya, Yaponiya, Cənubi Koreya və Vyetnam kimi qonşuları Çinə etibar etmirlər.

Çin böyük bir dövlətdir, lakin nəinki dünyada, hətta Asiyada belə ABŞ-ın alternativi olması üçün çoxlu çatışmazlıqları var.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Mənbə: pia.az