Dostluğumuz Ağdam şərabı kimi nəşəli, Uhanın havası kimi təmiz olsun...

Dostluğumuz Ağdam şərabı kimi nəşəli, Uhanın havası kimi təmiz olsun...

Tibb aləmində “Erməni xəstəliyi“ adlı terminin olduğu məlumdur və bu xəstəliyin müalicəsi var. Amma, əsl erməni xəstəliyi erməninin xarakteri və xislətidir ki, bu heç vaxt müalicəyə gəlmir. Bu millət özünü böyük, qədim göstərmək üçün dünyanın bütün yalanlarını, əfsanələrini uydura bilir, bəzən onlara aid olmayan məsələni də öz adlarına çıxır və ya əlaqələri olduqlarını iddia edirlər. Yəqin “Mimino” filmindəki məşhur dialoqu xatırlayırsınız. Erməni Xaçikyan: “Dilicanda adi kranı açırsan, ordan axan su dünyada ikinci yeri tutur”. Mimino: ”birinci də İrəvandadır, hə?”. Xaçikyan: ”Yox, San-Fransiskoda”. Rejissor Daneliya burda erməni xarakterini dəqiq göstərib. Belə misalları çox çəkmək olar, bəzən ermənilərin özləri də yeri gələndə bu zəhlətökən xarakterlərini etiraf edirlər.

İndi erməni mediasında dünən bir xəbər yayılıb və başlığı belədir: “Çin Araratı tanıdı”. Deməli, Çin koronavirusla əlaqədar Ermənistana tibbi avadanlıqla yardım edib. Avadanlığın üzərinə də belə bir şüar yazılıb:” Qoy, bizim dostluğumuz Ararat dağından uca, Yantsızı çayından uzun olsun”. Erməni jurnalist tələsik nəticə çıxarıb ki, “ Çin Araratın erməni dağı olduğunu tanıdı”. Ardınca da öz xəstə mülahizələrini yazır ki, Çinin lideri genosid haqqında da danışanda Paşinyana söz verib ki, bir də belə bir faciənin başınıza gəlməməsi üçün sizə kömək etməyə hazırıq. Erməni jurnalist burdan da bu qənaətə gəlir ki, Çin Türkiyə ərazisindəki Ağrı dağının və başqa ərazilərin Ermənistana aid olduğunu bununla etiraf etmiş oldu.

 

Bu xəstə təfəkkürü bədnam qonşularımız virus kimi bütün dünyaya yaya biliblər. Bu virusun nəticəsdir ki, dünyadakı havadarlarının əli ilə 30 ildir torpaqlarımız-Qarabağımız virusa yoluxub. Deyirlər koronavirusun vaksinini uzağı bir ilə tapacaqlar, amma biz 30 ildir bu virusdan qurtula bilmirik, baxmayaraq ki, erməni virusunun vaksinin nə olduğunu bilirik. Çox təəssüf ki, onu düşmənə VURMAĞA heç cəhd edən iradənin şahidi olmamışıq. Sabah Çin bir köməyi də Dağlıq Qarabağın qondarma rejiminə göndərib üstünə: “ Dostluğumuz Ağdam şərabı kimi nəşəli, Uhanın havası kimi təmiz”- olsun yazsa.., təəccüblənməyin. Elə həmin gün Araik Arutunyan çıxıb deyəcək ki, “Çin Ağdamın ermənilərin olduğunu tanıdı”. Və bir gün ən qorxulusu o olacaq ki, Qarabağ siyasəti apara bilməyən Azərbaycan Xocalı aeroportunun genişləndirilmiş zolaqlarına enən “kitayski” təyyarəni və boşaldılan “kitayski malları” müşahidə etməkdən başqa heç nə edə bilməyəcək. O zaman Xarici İşlər Nazirliyinin elan edəcəyi etiraz bəyanatı “kitayski” malın keyfiyyəti kimi heç nəyə yaramayacaq.

İllərdir davam edən bu qeyri-siyasi Qarabağ siyasəti, bu müəyyənləşmiş qeyri-müəyyənlik, xalqı tam laqeyid və biganəlik virusuna yoluxdurub. Elə buna görə də bu virusun yaşam dövrü( inqubasiyası) 30 ildir ki, davam edir. Nə qədər qarın davası döymək olar? Açığı, sosial müdafiə naziri deyəndə ki, birdəfəlik 190 manat yardım üçün iki günün içində 500 mindən çox müraciət olunub, bu operativliyə təəccüb etdim. Xalqın və o xalqın nümayəndələri kimi əksəriyyətimizin ağır maddi durum içində olduğu məlumdur. Amma, o da məlum oldu ki, müraciətlərin çoxunu maddi vəziyyəti qənaətbəxş olanlar edib. Beş yüz min demirəm, onun yarısının yarısı bu illərdə Qarabağ tələbi ilə davamlı olaraq müraciətlər etsəydi, ayağa qalxsaydı, bu işi görməyə səlahiyyətli olanlar bəlkə də bu yolda doğru olanı seçərdilər. “Etsəydi”, “olsaydı”, inanın bu şərt şəkilçilərlə deyilən sözləri yazmaqdan, xatırlatmaqdan bəzən adam bezir. Məşədi İbadda deyilən fikir kimi” nə qədər yazırıq, nə qədər deyirik, düzəlmir ki, düzəlmir”. Düzələ bilmədik.

İlham İsmayıl

 

Mənbə: moderator.az