Ter-Petrosyanın məqaləsi ilə Sarkisyanın hansı əlaqəsi var?

Ter-Petrosyanın məqaləsi ilə Sarkisyanın hansı əlaqəsi var?

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan aprelin 16-da Aprel döyüşlərinin detallarını araşdıran istintaq komissiyasına baş çəkməyə bu şərtlə razılıq verib ki, iclasdan sonra videoyazının bir nümunəsi ona veriləcək. Bu, əslində Serj Sarkisyanın əsas ilkin şərti olub. Şərt “Dövlət və xidməti sirr haqqında” Ermənistan qanununu pozmursa, komissiya Serj Sarkisyanı aprelin 16-da baş tutacaq iclasın videoyazısı ilə təmin etməyə hazırdır.

Komissiyanın sədri Andranik Köçəryanın Ermənistanın sabiq prezidenti Serj Sarkisyana cavabı bu cür olub. Lakin məsələ burasındadır ki, Köçəryanın məktubu Serj Sarkisyanı qane etməyib və onun ofisi aprelin 8-i axşam növbəti bəyanatını yayıb.

Sarkisyan ofisi iddia edib ki, Aprel döyüşlərini araşdıran parlament istintaq komissiyası ofis tərəfindən qaldırılmış suallarla bağlı qeyri-müəyyən cavablar təqdim edib.

Köçəryana ünvanlanmış məktubda Ermənistanın üçüncü prezidentinin ofisi qeyd edib ki, Serj Sarkisyanın yalnız səsyazma alacağı təqdirdə komissiyanın dinləmələrində iştirak edəcəyi ilə bağlı irəli sürdüyü şərtin təmin olunub-olunmadığı anlaşılan deyil.

“Prezident Sarkisyanın iclasda iştirak etmək qərarı sizin cavabınızdan asılıdır”, - deyə Sarkisyan ofisinin yaydığı bəyanatın mətnində bildirilib.

Aprelin 8-də Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan koronavirus nəticəsində yaranmış vəziyyət haqqında məqalə dərc etdirib. Məqalədə Petrosyan Aprel döyüşlərinin detallarını araşdıran parlament istintaq komissiyasının işini dondurmağı təklif edib və qeyd edib ki, komissiya Ermənistanın onsuzda gərginləşmiş atmosferində lazımsız qıcıqlanma yaradır.

Məqalə Serj Sarkisyanın parlamentin istintaq komissiyasının iclasında iştirak etməyə hazır olduğunu bildirdiyi gün nəşr olunub.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az