"Naxçıvan" Əlahiddə Əməliyyat Briqadası 25 il

"Naxçıvan" Əlahiddə Əməliyyat Briqadası 25 il

“Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası müasir maddi-texniki bazası və yüksək döyüş qabiliyyəti ilə seçilir. Ölkəmizdə Daxili Qoşunların formalaşması və inkişafı ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin diqqət və qayğısı ilə Daxili Qoşunlar böyük inkişaf yolu keçmiş, hərbi hissələrin müasir standartlar səviyyəsində qurulması istiqamətində tədbirlər görülmüş, bu sahənin fəaliyyətini tənzimləyən hüquqi baza yaradılmışdır. 1994-cü il fevralın 8-də qəbul olunmuş “Daxili Qoşunların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə Daxili Qoşunların əsas funksiyaları, vəzifələri və fəaliyyət prinsipləri müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin mühüm tərkib hissəsi olan Daxili Qoşunların təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir, bu sahənin maddi-texniki bazası getdikcə daha da gücləndirilir.


1995-ci il aprelin 10-da Daxili Qoşunların Naxçıvandakı “N” saylı taboru, 2002-ci ildə taborun bazasında Daxili Qoşunların Naxçıvan Alayı, 2014-cü ildə isə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası yaradılmışdır. Əlahiddə Əməliyyat Briqadası yarandığı gündən bu günədək yerləşdiyi mühüm bölgədə qarşısına qoyulan vəzifələri layiqincə yerinə yetirmiş, ictimai asayişin və təhlükəsizliyin qorunmasında, kütləvi tədbirlər zamanı ictimai qaydanın təmin edilməsində zəngin təcrübə toplamış, təqdirəlayiq xidmət yolu keçərək qarşısına qoyulan tapşırıqların öndəsindən ləyaqətlə gəlmişdir.

Naxçıvan Muxtar Respublikasında sabitlik, təhlükəsizlik, inkişaf və yüksək rifah dayanıqlı xarakter almışdır. Ordu quruculuğu sahəsində aparılan məqsədyönlü islahatlar və mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması nəticəsində muxtar respublikada bütün hərbi hissələr yüksək standartlar səviyyəsində təchiz olunmuş, Naxçıvan ordusu regionun ən güclü ordularından birinə çevrilmişdir. Muxtar respublikada Silahlı Qüvvələrin digər birləşmə və bölmələri kimi, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının da xidməti-döyüş fəaliyyətinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır, hərbi hissənin maddi-texniki bazası ilbəil gücləndirilir, hərbi qulluqçuların sosial qayğıları tam şəkildə aradan qaldırılır. Son illər ərzində briqadanın fəaliyyətinin təşkili, idarə olunması və şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülmüş, hərbi hissənin yerləşdiyi ərazidə geniş quruculuq işləri aparılmış, ən müasir infrastruktur və nümunəvi hərbi şəhərcik yaradılmışdır. Briqadanın maddi-texniki bazasının gücləndirilməsi sahəsində mühüm işlər görülərək hərbi hissə müasir texniki vasitələr, silah-sursat və nəqliyyat vasitələri ilə təmin olunmuş, hərbi qulluqçuların döyüş hazırlığı, fiziki hazırlığı, xidmət şəraiti, sosial müdafiəsi daha da gücləndirilmiş, nizam-intizam və qanunçuluq ciddi şəkildə qorunmuşdur. Son illər zabit-gizir ailələri üçün 60 və 45 mənzildən ibarət iki beşmərtəbəli yaşayış binası istifadəyə verilmişdir. Hazırda hərbi hissənin inkişafı yönündə çoxşaxəli işlər və Şərur rayonu ərazisində yerləşən Əməliyyat Taboru üçün müasir standartlara uyğun hərbi şəhərcik və əsgəri məişət kompleksinin tikintisi davam etdirilməkdədir. Aparılan islahatlar qarşıya qoyulan xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə imkan verir.


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Muxtar respublikada Azərbaycan Respublikası Silahlı Qüvvələrinin digər birləşmə və bölmələri kimi, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının da xidməti döyüş fəaliyyətinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır, hərbi hissənin maddi-texniki bazası ilbəil gücləndirilir. Son illər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikada yerləşən ordu, birləşmə və hissələrinin birgə taktiki təlimlərdə daxili qoşunların şəxsi heyətinin də iştirakı və verilən tapşırıqların peşəkarlıqla icrası bu hərbi hissədə əldə olunan nailiyyətlərin daha bir ifadəsidir”.

Daxili Qoşunların statusuna uyğun olaraq peşə hazırlığının və keçirilən təlimlərin keyfiyyətinin daim yüksəldilməsi, nümunəvi nizam-intizama nail olunması və muxtar respublikada ictimai sabitliyin qorunması bu gün Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının qarşısında duran əsas vəzifələrdir.Şəxsi heyətin yeni silahlardan istifadə qaydaları üzrə bilik və bacarığı təkmilləşdirilir, müntəzəm olaraq toplantılar, səhra çıxışları və döyüş atışlı taktiki təlimlər keçirilir.Bu gün Naxçıvan Əlahiddə Əməliyyat Briqadası qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə qadirdir. Ötən il Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə “Dövlət sərhədi pozulduqda sərhəd axtarışının keçirilməsi” üzrə taktiki və “Sarsılmaz qardaşlıq-2019” devizi altında döyüş atışlı əməliyyat taktiki təlimləri bunu bir daha təsdiq etmişdir. Həmin təlimlərdə aktiv iştirak edən Naxçıvan Əlahiddə Əməliyyat Briqadası qarşıya qoyulan bütün tapşırıqları uğurla yerinə yetirmişdir.


Taktiki təlimlərdə fəal iştirak edən bir neçə hərbi qulluqçu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən mükafatlandırılmışdır. Hazırda briqadada ciddi nizam-intizam var, burada yüksək mənəvi-psixoloji hazırlığa malik əsgər və zabitlər xidmət edirlər. Bu il Briqadanın 2 zabitinin xidməti vəzifə borclarının yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmaları Əlahiddə Əməliyyat Briqadasına olan qayğının daha bir ifadəsidir.

Ümummilli lider Heydər Əliyev demişdir: “Gərək Daxili Qoşunlarda yüksək vətənpərvərlik ruhu, sağlam münasibətlər olsun”. Naxçıvan Əlahiddə Əməliyyat Briqadası öz fəaliyyətini məhz bu istiqamətdə qurur, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirməyə səy göstərir.

Ordu.az

 

Mənbə: ordu.az