Tokayev: "Ölkədə fövqəladə vəziyyət rejimi uzadılacaq, başqa çarəmiz yoxdur"

Tokayev: "Ölkədə fövqəladə vəziyyət rejimi uzadılacaq, başqa çarəmiz yoxdur"

Qazaxıstanda fövqəladə vəziyyət rejimi aprelin sonunadək uzadılacaq.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu haqda məlumatı Tengrinews.kz saytı prezidentin mətbuat katibi Berik Ualiyə istinadən yayıb.

Bu gün Prezident Qasım-Comərd Tokayevin başçılığı ilə Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının iclası keçirilib.

İclasda vilayət və respublika əhəmiyyətli şəhərlərin rəhbərləri, habelə dövlət qurumları və hüquq-mühafizə orqanlarının rəhbərləri video rabitə rejimində iştirak ediblər.

“Fövqəladə vəziyyət rejimi haqqında Fərmanım aprelin 15-də başa çatır. Fövqəladə vəziyyət rejiminin ən azı aprel ayının sonunadək uzadılmasının lazım olduğu aydındır. Biz hələ də koronavirusun pik həddinə çatmamışıq. Epidemiya ilə bağlı vəziyyət asanlaşdırıla bilməz. Bu səbəbdən karantin rejimini paytaxtda, Almatı, Şimkent və müvafiq bölgələrdə aprel ayının sonunadək uzatmağı tapşırıram. Başa düşürəm ki, insanlar küçələrə çıxmaq, normal həyat tərzi sürmək istəyirlər. Ancaq başqa çarəmiz yoxdur. Karantinə riayət etmək, özünü təcrid etmək lazımdır. Bunlar yerli və beynəlxalq virusoloqların tövsiyələridir” deyə dövlət başçısı öz nitqində qeyd edib.

Qasım-Comərd Tokayev əvvəllər martın 16-dan aprelin 15-dək respublikada fövqəladə vəziyyət elan edilməsi haqqında sərəncam imzalamışdı.

KONKRET.az

Mənbə: konkret.az