Beynəlxalq təşkilatlardan sərt bəyanat: Ermənistanın "seçki" təxribatı fiaskoya uğrayıb

Beynəlxalq təşkilatlardan sərt bəyanat: Ermənistanın "seçki" təxribatı fiaskoya uğrayıb

“Dünya ictimaiyyətinin “seçki”ləri tanımaması Azərbaycan diplomatiyasının uğurudur”

“İşğalçı ölkəyə təzyiqlər edilməli və mövcud status-kvo Azərbaycan üçün qəbuledilməz olduğundan ölkəmizim ərazi bütövlüyü bərpa edilməlidir”

İşğal olunmuş ərazilərimizdə keçirilmiş qondarma “seçki”lərdən də dərhal sonra onun qondarma nəticələri beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq rədd edilib. Və ölkəmizin suverenliyi, o cümlədən ərazi bütövlüyünə dəstək göstərilib. Eyni zamanda koronavirus təhlükəsi dünyanı öz cənginə aldığı bir vaxtda qondarma "DQR"də belə bir saxta tədbirin keçirilməsi sərt şəkildə qınanıb və məsuliyyətsizlik kimi qəbul edilib.

Türkiyədən tutmuş uzaq Kanada və Avstraliyaya qədər, Türk Şurasından tutmuş NATO-ya qədər dünya ictimaiyyətinin rəyi yekdil və birmənalıdır! Hətta əvvəlki illərdən fərqli olaraq müxtəlif ölkələr və beynəlxalq təşkilatlar tərəfindən verilmiş bəyanatların sayı daha da artıb. Eyni zamanda həm də ölkələrin və beynəlxalq təşkilatların mövqeyi açıq bəyanat formasında ifadə edilib ki, bu da işğalçıları sözün əsl mənasında dalana dirəyərək fiaskoya uğradıb.

Dünya ictimaiyyətinin yekdil qərarını şərh edən politoloq Qabil Hüseynlinin sözlərinə görə, dünya ölkələrinin və aparıcı təşkilatların 31 martda Azərbaycanın işğal olunmuş ərazilərində separatçıların keçirdiyi “seçkiləri” tanımaması o deməkdir ki, dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır:

“Türkiyədən Kanadaya qədər dövlətlərin belə bir bəyanat verməsini dünyanın aparıcı ölkələrinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi kimi qiymətləndirən politoloq hesab edir ki, münaqişənin həlli üçün mövcud dəstəkləmə siyasəti yetərli deyil. İşğalçı ölkəyə təzyiqlər edilməli və mövcud status-kvo Azərbaycan üçün qəbuledilməz olduğundan ölkəmizim ərazi bütövlüyü bərpa edilməlidir. İlk növbədə Birləşmiş Millətlər Təşkilatı özünün qəbul etdiyi 4 qətnamə ilə bağlı hərəkətə keçməlidir.

31 martda “DQR” də keçirilən qondarma prezident seçkilərinin heç bir hüquqi əsası olmadığını qeyd edən politoloqun fikrincə ortada təcavüz və işğal faktı var:

“Bu işğalı Ermənistan dövləti həyata keçirib. Ermənistan Dağlıq Qarabağdan və ətraf 7 rayondan öz qoşunlarını çıxarmalıdır.

İndiki mərhələdə dünya birliyi Ermənistanı işğalçı dövlət adlandırmalıdır. Hələ də dünya Ermənistanı tam mənada işğalçı ölkə kimi tanımır. Hələ də ərazi bütövlüyü məsələsində ikili standartlar mövcuddur. Hamıya bəlli olan faktlara pərdə çəkilir. Etnik təmizləmə faktı qabardılmır. Xocalı soyqırımı ilə bağlı dünya ölkələrinin bir çoxu öz mövqeyini açıq şəkildə bəyan etmir. Amma “seçki”lərin tanınmaması Azərbaycan diplomatiyasının uğurudur”.

Mənbə: sherg.az