"Sərt karantin rejiminin səbəbi müxalifət xofudur, ciddi elmi müzakirə deyil" - REAL SƏDRİ

"Təəssüf edirəm ki, ən sərt karantin rejiminin tətbiqi haqda qərar çıxararkən hakimiyyət bunu daha çox müxalifətdən çəkinərək edib. Qorxublar ki, birdən ölüm sayı nisbətən çox olar və müxalifət bunu əlində bayraq edib xalqı hakimiyyətə qarşı küçələrə qaldırar".
Bunu Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov deyib.
REAL-ın sədrinin sözlərinə görə, halbuki, dünyada koronavirusa bir neçə cavab modeli sınanılır və bu modellərin hamısı elmə əsaslanandır: "Çox yumşaq İsveç və Belarus modelləri var. Orada həyat demək olar öz axarı ilə davam edir, iqtisadiyyata, xalqın yaşayış səviyyəsinə elə bir təsiri yoxdur. Axırı nə olacaq bilinmir, amma hər halda o da bir yoldur. Hakimiyyət daha yumşaq modeli əsaslandırıb sınaqdan keçirsəydi, biz onu qınayacaqdıq ki? Bilirik ki, dünyada heç kimin hazır cavabı yoxdur, hamı öyrənə-öyrənə düşünə-düşünə addım atır. Təəssüf ki, bizdəki sərt karantin rejiminin səbəbi məhz müxalifət xofudur, ciddi elmi müzakirə deyil. Həm də ona görə təəssüf edirəm ki, bu seçim iqtidar-müxalifət dialoqunun predmeti ola bilərdi, amma olmayıb. Dialoq zamanı daha mülayim koronavirus siyasətini hakimiyyət bizə təklif etsəydi, biz bu məsələdə onun sınamaq haqqını tamamilə dəstəkləyərdik".

Muxalifet.az

ƏVVƏLKİ XƏBƏR

İrəvan Bakıya görə korona xəstələrinin sayını gizlədir

SONRAKI XƏBƏR

Dünya Ermənistana “qırmızı vərəqə” göstərdi - “Seçki oyunu” alınmadı”