“Gec-tez insanların çoxu bu virusa yoluxacaq və immunitet yaranacaq...” – tanınmış həkim-psixoloq

“Gec-tez insanların çoxu bu virusa yoluxacaq və immunitet yaranacaq...” – tanınmış həkim-psixoloq

Azad İsazadə: “Yaranmış vəziyyətin 50 faizi əhalinin panikaya düşməsilə bağlıdırsa, 50 faiz real təhlükədir”

Aylardır bəşəriyyəti təhdid edən koronavirus pandemiyası insanların bir çoxunda həm dı psixoloji sarsıntılara səbəb olub. Bu mənada mövcud durumda psixoloqların da üzərinə ciddi yük düşür. Tanınmış psixoloq, PsyLand - Psixologiya və İnkişaf Mərkəzinin rəhbəri Azad İsazadə Musavat.com-a geniş müsahibəsində COVİD-19 pandemiyası ilə bağlı suallarımızı cavablandırdı, sensasion sayıla biləcək fikirlər söylədi, insanlarımız üçün çox faydalı məsləhətlərini də əsirgəmədi.

- Azad bəy, siz də bu fikirlə razısınızmı 21-ci əsrin səhiyyə sistemi viruslu mübarizədə aciz qaldı, bacarmadı, müharibədə uduzdu?

- Mən bu məsələyə fəlsəfəli yanaşmaq istərdim. Virus insanlara, cəmiyyətə sübut etdi ki, biz insanlar bu dünyada heç də hər şeyi həll edən canlı deyilik. Bizi də balaca, görünməyən virus yıxıb-sürüyə bilər. Real baxanda bütün dünyada yıxıb-sürüyür. Deməli, sözsüz ki, biz buradan bir nəticə çıxartmalıylıq. Aydındır ki, məğlub olmayacağıq, amma indi gedən bioloji müharibədə, virusla gedən mübarizədə biz ya güclü çıxacağıq, ya da güclü çıxandan sonra nəyisə dəyişməliyik. Razı deyiləm ki, səhiyyə sistemi bacarmadı, sadəcə, sayı az oldu. İlk növbədə fikir versək, birinci mərhələdə mübarizə normal gedirdi, sonra həkimlər, tibb işçiləri virusa yoluxmağa başladılar. Xəstəxanalarda xəstələri müalicə edən həkimlərin sayı azalmağa başlayanda epidemiya genişləndi. Deməli, səhiyyə sistemi öz işçilərini qoruya bilmədi. O barədə fikirlərlə razıyam, hə, biz hazır deyildik. Çinin təcrübəsi göstərdi... Sadəcə boş yerdə xəstəxanalar tikməyə, hospitallar qurmağa başladılar ki, xəstələri qəbul etmək üçün yerlər çoxalsın. Hərbi həkimləri bu işə cəlb etməyə başladılar. İkinci nümunə kimi, Böyük Britaniyanı qeyd edə bilərik, təqaüdə çıxan tibb işçilərini yenidən səhiyyə sisteminə dəvət etməyi planlaşdırır ki, yoluxmuş tibb işçilərini əvəz etsinlər.

İlk növbədə prinsip ondan ibarətdir ki, bu virusla mübarizə vaxt tələb edir, qorxulu bir şey deyil. Yaranmış vəziyyətin 50 faizi əhalinin panikaya düşməsi ilə bağlıdırsa, 50 faiz real təhlükədir. Əsas prinsip birdən-birə bu vəziyyətlə üzləşmiş səhiyyə sisteminin üzərindəKİ təzyiqi azaltmaq idi. Elə karantin sistemi onu yaratmaq istəyirdi. Aydındır ki, gec-tez əhalinin çoxu bu virusa yoluxacaq, insanlarda immunitet yaranacaq və o virus o qədər də təhlükəli olmayacaq. Sadəcə, məqsəd ondan ibarətdir ki, biz vaxtı udaq və hamımız xəstələnənə qədər səhiyyə sistemi o mübarizəni gücləndirə bilsin. O cümlədən vaksin, dərman və sair problemi olmasın.

- İndi çoxları bir fikri daha çox təkrarlayır ki, görünən düşməndən fərqli olaraq, COVİD-19-la müharibəni aparmaq üçün hazırlıqlar kifayət etmədi...

- Biz hesab edirdik ki, hazırlıqlıyıq. Amma təbiət göstərdi ki, hər şeyə hazır olmaq mümkün deyil. Aydındır ki, səhiyyə, mikrobiologiya və virusologiya mürəkkəb bir sistemdir və ona yəqin ki, daha ciddi diqqət ayırmaq lazımdır. Bir az populist bir ifadə oxudum, hansısa ispan virus virusoloq cəmiyyətə müraciətlə dedi ki, siz futbol ulduzlarına milyonlarla, virus alimlərinə isə 1-2 minlik maaş verirsiniz. Dedi indi də qoy sizi Ronaldo ilə Messi xilas etsin. Bunda hardasa həqiqət var. Model, şou, biznes, futbol, idman fantastik, ağlasığmayan miqdarda maaş alır. Halbuki digərləri, heç də yüngül olmayan, daha ağır olan sənətlər qat-qat aşağı qiymətləndirilir. Mən başa düşürəm, futbolçu da əziyyət çəkir, o da bir istedaddır, hər kəs futbolçu ola bilmir. Amma futbolçu ilə alimin arasında belə fantastik fərq olanda nəticə də bəzən belə olur. Biz pandemiya gələndən sonra həkimlərə qiymət verməyə, onları alqışlamağa başlamışıq. Söhbət Azərbaycandan getmir, bütün dünyadan gedir. Türkiyədə də balkona çıxıb həkimlərə əl çalırlar, Avropada da. Amma vaxtında onlara fikir vermirdik. Ümumiyyətlə, ordu ilə müqayisə etsək, ordu maliyyələşmə sistemində birinci yerdədirsə, səhiyyə axırıncı da olmasa, ortadan aşağıdadır.

- Məntiqlə bundan sonrakı dönəmdə həm də səhiyyəyə, tibb təhsilinə önəm verilməlidir, eləmi?

- Sözsüz ki. İlk növbədə elm tərəfindən. Mən özüm Tibb Universitetini bitirmişəm, uzun illər həkim işləmişəm deyə, bir misal gətirmək istəyirəm. Tibb sisteminin içində belə bir qayda var idi: poliklinikaya həkim pasiyent kimi gəlibsə, onu növbədənkənar qəbul edərdilər. Onda Nazirlər Kabinetinin sərəncamı var idi ki, həkimi digərlərindən daha tez müalicə edək, iş yerinə qaytaraq ki, o, iş yerinə qayıdıb xəstələrinə kömək etsin. Orda təqaüdçü, SSRİ qəhrəmanı, deputat olmasının fərqi yox idi, həkim növbəsiz qəbul olunmalıydı. Biz bu mərhələdə də gördük, səngərlərin birinci cərgəsində tibb işçiləri dayanmışdı, faiz baxımından yanaşsaq, ölənlərin də, yoluxanların da arasında digər peşə sahibləri ilə müqayisədə onlar öndədir. Deməli, biz onları necəsə müdafiə etməliyik. Söhbət maska, ya xalatdan getmir. Sadəcə, o sistem hazır deyildi, virusdan qorunmaq üçün sistem yox idi.

- Həm də bir həqiqət ortaya çıxdı ki, dünya silahlı müharibəni daha yaxşı bacarır, nəinki gözəgörünməz virusla mübarizəni...

- Real müharibədə adətən, müdafiə naziri, yaxud korpus komandiri həlak olmur, statistikaya baxsaq, heç yaralanmır da. Amma indi statistikaya baxsaq, bəzi ölkələrin səhiyyə nazirləri, onların müavinləri, baş həkimləri yoluxub və onlar nə qədər itkilər verib. Deməli, virus vəzifəyə baxmır, hamını tutur.

- Dünya bundan dərs almalıdır...

- Almalıdır. Təəssüf doğuran bir məsələ var, tarix göstərir ki, dərs alırıq, amma çox tez də o dərsi yaddan çıxarırıq. Ümid edək ki, bu dəfə bizə həqiqətən dərs olar. Biz başa düşməliyik ki, dünyada hər şeyi həll eləmirik. Planetdə bizdən kənar nələrisə həll edən qüvvə var. Dindar insan Allaha inanır, o qüvvəyə inanır, ateistlər təbiətə. Amma başa düşməliyik ki, burda insan qarışqadan bir az güclüdür, lakin hər şeyi həll etmir, ondan asılı olmayan məqamlar da var.

- Azad bəy, siz bu mərhələdə tibb işçisi, psixoloq kimi insanlara nə kimi kömək edə bilirsiniz?

- Mən öz təşkilatımla- Psixoloji Yardım Mərkəzimlə - bir yerdə virtual yardım qurmuşam, ödənişsiz. Mən psixoloq-terapevtəm, psixoloji yardım göstərə bilərəm, infeksionist deyiləm. Deməli, mən əlimdən gələni təklif etdim, Voatsap, Feysbuk üzərindən yardım göstəririk. Mən başa düşürəm ki, infeksionist, anestezioloq kimi peşəkarcasına yardım göstərə bilməsəm də, iynə vurmaq, sistem qoşmaq kimi hansısa formada kömək etməyə hazıram. Sadəcə, bu gün ona tələbat yoxdur. Amma lazım olsa, sözsüz ki, gedəcəyəm.

- Bu da faktdır ki, əhali arasındakı panik əhval-ruhiyyə həm də xəstəliyi tətikləyir, immun sistemini zəiflədir. İnsanlara tövsiyələriniz nədən ibarətdir?

- Müraciət edənlərin arasında koronafobiya da yaranıb. O hələ karantindən öncə də olub. İnsan evdən çıxmağa qorxurdu ki, birdən virusa yoluxa bilər. Üstəgəl, karantin özü, evdə eyni insanların arasında qalmaq, depressiya, aqressiya yaradır və sair. Burada fiziki iş mütləqdir. İnsan evin işində hansısa fiziki işlə məşğul olmalıdır. Mümkündürsə, gimnastika etməlidir, ya da evin içində özünə başqa hansısa məşğuliyyət tapmalıdır.

- Sizinlə əlaqə saxlamaq istəyənlərə nə demək istərdiniz?

- Koronavirus infeksiyasıyla mübarizəyə dəstək məqsədi ilə PsyLand – Psixologiya və İnkişaf Mərkəzinin psixoloqları #hərgündahayaxşı şüarı ilə ödənişsiz onlayn psixoloji ilkin yardım xidmətini təklif edir. Peşəkar komandamız mövcud vəziyyətlə bağlı şəxslərdə yaranmış psixoloji gərginliklərin qısa təsvirini e-mail üzərindən qəbul edəcək və ən qısa zamanda cavablandıracaq. Zərurət yarandığı halda isə müraciət edən şəxslə əvvəlcədən planlaşdırılmış vaxtda video zəng formatında əlaqə saxlanılacaqdır. Əlaqə və əlavə məlumat üçün:

[email protected] Tel: 0704080007 #evdeqal #bizbirlikdegucluyuk

- Təşəkkürlər sizə! Azad bəy, ilk günlərdə belə fikirlər var idi ki, insanların evə yığılması boşanmaların, ailə-məişət zorakılıqlarının sayını azaldıb. Amma ardınca ailə-məişət zorakılıqları ilə bağlı elə dəhşətli xəbərlər yayıldı ki, optimizmə yer qalmadı. Sizin statistika bu barədə nə deyir?

- Statistika göstərir ki, pandemiya günlərində ailə zorakılığı çoxalıb. Hətta BMT-nin baş katibi bu barədə bəyan edib ki, koronavirusla bağlı karantin sistemi ailə zorakılığını çoxaldıb. Üstəgəl, uşaqlar zorakılığa məruz qalır. Enerjili uşaqlar evin içində darıxır, daimi hay-küy salır. Biri elə budur yanımda, nəvə imkan vermir müsahibə verməyə, sual verir, məni harasa dartır və sair (gülür). İstisna olunmur ki, valideynlər dözməyib onlara qarşı zorakılığa əl atırlar, döyürlər, qadağalar tətbiq edirlər... Biz bu problemlə rastlaşmışıq. Bu, həmişə var idi, amma indi kütləvi formadadır. Biz mütləq ailə daxilində bəzi məsələlərə göz yummalıyıq. Koronavirusdan öncə biz günün çox hissəsini evdən kənar keçirirdik, evə yorğun gəlirdik və doğmalar üçün darıxırdıq. Bu, əsasən də kişi xeylaqlarına aiddir, evdə özümüzə bir o qədər iş də tapa bilmirik. İndi isə biz səhər gözümüzü açandan evin içindəyik. Biz işdə olanda evdə qalan insan, məsələn, həyat yoldaşımız, ana-bacımız evdə tək qalır və özünü “xozeyn” hesab edir, istədiyi rəftar edir və bunun işinə müdaxilə edən olmur. Lakin indi hamı evdə - ata, qardaş, bacı, ana, həyat yoldaşı, uşaqlar. Biz sözsüz ki, bir-birimizə mane oluruq. Məsləhət veririk, hansısa işə girişirik, “bunu belə elə” və sair və evdə gərginlik çoxalır. Burda mütləq ailədaxili iqlimi dəyişmək lazımdır. Bəzi şeyləri, hansı ki, əvvəllər bağışlaya bilmirdik, indi mütləq göz yummalıyıq ki, hələlik bu bəladan çıxaq, sonra baxarıq...

- Siz özünüz dükan-bazara necə çıxırsınız? SMS yollamaqla?

- Hə, SMS-lə çıxıram. Halbuki həkiməm və hardasa rəsmi iş yerim olsa, buna əsasən çıxa bilərdim - diplomumu da göstərərək. Amma mən ona görə bunu etmirəm ki, özümü qoruyuram. Prinsipcə mən daşıyıcı ola bilərəm. Ona görə də cəmiyyəti özümdən qorumalıyam. Hər kəs məsələyə belə yanaşmalıdır. Karantinin prinsipi var. Gec-tez biz buna yoluxa bilərik və kimsə nə qədər tez yoluxsa, bu bəladan tez qurtaracaq, özünü sərbəst hiss edəcək. Amma problem ondadır ki, buna hazır olmaq üçün səhiyyə sisteminə vaxt verməliyik. Deməli, mən küçəyə çıxanda cəmiyyətə təhlükə yaradıram.

- Əlcək və maskadan istifadə məsələsinə necə baxırsınız?

- Maska məni xilas etmir, maskadan virus keçir. Maskanı geyməklə məndə ola biləcək virusun ətrafa yayılmasının qarşısını almalıyam. Çünki qaydalara görə maskanı yoluxmuş insan geyməlidir, sağlam insan yox. Əlcəyə gəldikdə, mən hardansa tuta bilərəm və... Əlcək məsələsi 50-50-yədir. Biz bilmirik ki, bizdə virus var, ya yoxdur. Ona görə də çalışmalıyıq karantin rejiminə əməl edək. İnşallah pandemiya bitəndən sonra daha daha geniş analiz imkanları olacaq.

- Azad bəy, koronavirusdan sonrakı dünyanın tamam başqa olacağı barədə ehtimalları bölüşürsünüz?

- Sözsüz ki, dünya fərqlənəcək. İndilikdə isə biz bununla yaşamalıyıq. O da aydındır ki, bu, sonuncu virus deyil. Hətta bu virus yayda azalsa da, çox güman ki, payızda, qışda yenə gələcək, o biri qriplər kimi. Amma hər dəfə gələndə ona qarşı immuniteti güclü olan insanların sayı çoxaldığı üçün o virus hər dəfə daha az ziyan vuracaq. Lakin onun əvəzinə, təzə, bizdə ona qarşı immunitet olmayan viruslar yarana bilər...

 

Mənbə: moderator.az